Ermənistan Azərbaycanın tələblərini qəbul etdi:indi nə olacaq?
İrəvan Konstitusiya dəyişikliyinə və Avropa müşahidəçilərini sərhəddən çıxarmağa razılaşdı
Yenixeber.org: Azərbaycan və Ermənistan arasında sülh danışıqları təkliflərin 12-ci dəfə mübadiləsindən sonra başa çatıb. Dünən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən beynəlxalq tədbirdə jurnalistlərə bildirib ki, sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb.
Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib. "Azərbaycanın növbəti gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir", - C.Bayramov deyib. Onun sözlərinə görə, növbəti mərhələdə Azərbaycana qarşı ərazi iddiaları Ermənistan konstitusiyasından çıxarılmalıdır: “Əlavə olaraq Minsk qrupu və onun qalıqlarının da ləğv olunması həyata keçirilməlidir”.
Qeyd edək ki, sülh sazişi layihəsi 17 maddədən ibarətdir, indiyədək bunlardan 15-i razılaşdırılmışdı. Müzakirə olunan iki maddədən biri tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan kənarda durması, digəri başqa ölkələrin nümayəndələrini Azərbaycan-Ermənistan sərhədində yerləşdirməməklə bağlı idi. Söhbət, ilk növbədə, Avropa İttifaqının Ermənistandakı mülki missiyasından gedir.
Rəsmi İrəvan bu açıqlamaya cavab verib və Bayramovun bəyanatını təsdiqləyib:
“Ermənistan Xarici İşlər Nazirliyi (XİN) diplomatik kanallar vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinə “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin razılaşdırılmamış iki maddəsi üzrə Azərbaycanın təkliflərini qəbul etdiyini və bu Sazişin mətni ilə bağlı birgə bəyanatın verilməsini təklif etdiyini açıqlayıb. Amma rəsmi Bakı birtərəfli bəyanatla çıxış etməyə üstünlük verib”, - açıqlamada qeyd olunur.
Ermənistan XİN layihə və saziş üzrə danışıqların başa çatdırılmasını təsdiq edir.
“Beləliklə, Sülh Sazişi imzalanmağa hazırdır... Ermənistan Respublikası Sazişin imzalanma tarixi və yeri ilə bağlı Azərbaycan Respublikası ilə məsləhətləşmələrə başlamağa hazırdır”, - ER XİN-in bəyanatında deyilir.
İki gün əvvəl xarici işlər naziri Ararat Mirzoyan bildirmişdi ki, İrəvan Bakıdan aldığı sülh müqaviləsinin 12-ci mübadiləsinə münasibətini artıq ifadə edib. Nazir qeyd edib ki, yaxın gələcəkdə onlar Azərbaycan tərəfi ilə bu yanaşmanı və ümumiyyətlə, bu sazişin əlaqələndirilməsi, imzalanması və ratifikasiyası ilə bağlı bütün məsələləri müzakirə etmək imkanı əldə edəcəklər. “Yanaşmalar Ermənistanın hazırkı çağırışlarına, bizim sülh gündəmimizə, sülhün bərqərar olunmasına hazır olmağımıza və Ermənistanın maraqlarına uyğundur”, - Mirzoyan bildirib.
Erməni tərəfinin sülh müqaviləsi imzalanmamışdan əvvəl beynəlxalq iddialardan imtina etməyə razı olub-olmaması ilə bağlı suala Mirzoyan belə cavab verib: “Sülh müqaviləsinin mətni çərçivəsində bir sıra məsələlər müzakirə olunur və buna görə də, razılaşdırıldığı təqdirdə, müqavilə imzalandıqdan və qüvvəyə mindikdən sonra həyata keçirilə bilər və həyata keçirilməlidir. Bəli, biz həmçinin Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində üçüncü tərəf qüvvələrinin çıxarılmasını, beynəlxalq hüquqi platformalarda bir-birlərinə qarşı mübahisələrin, iddiaların və şikayətlərin aradan qaldırılmasını müzakirə edirik və razılaşdırılıb, imzalanıb və qüvvəyə minibsə, bu bəndlər də bütün digər bəndlər kimi, məcburi şəkildə icra edilməlidir”.
Mirzoyanın dediklərindən belə nəticə çıxarmaq olar ki, yaxın tarixdə Ermənistan-Azərbaycan XİN başçıları səviyyəsində görüş keçirilə, sülh sazişi ilə bağlı yekun birgə bəyanat qəbul edilə bilər. Məlum olur ki, İrəvan razılaşmaya imza atdıqdan dərhal sonra, götürdüyü öhdəliklərə uyğun olaraq, Avropa İttifaqı missiyasının dövlət sərhədlərindən geri çəkməyə başlayacaq.
Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qarşı olan istinadların çıxarılması barədə artıq Baş nazir Nikol Paşinyan mövqe ifadə edib. O, dünən səhər bir qrup sakinlə görüşündə bildirib ki, Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır. “Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”, - deyə o, vurğulayıb.
Beləliklə, uzun çəkən tərəddüdlərdən sonra Ermənistan hakimiyyəti Azərbaycanla sülh sazişinə aparacaq konstruktiv siyasi qərar qəbul edib. Paşinyan hakimiyyətinin bu addımı atması, şübhəsiz, geosiyasi proseslərin regionda yaratdığı yeni situasiya ilə bağlıdır. İrəvanda hesab edirlər ki, Tramp administrasiyasının postsovet coğrafiyasından uzaqlaşmaq qərarı, Tranastlantik məkanda yaranan çatlar, Avropa İttifaqının təhlükəsizlik qayğıları Ermənistanı daha ciddi problemlərlə üzləşmək riski ilə üz-üzə qoyur.
Digər tərəfdən, Rusiyanın Ukraynada revanşı, ardınca Cənubi Qafqazda fəallaşacağı ilə bağlı gözləntilər, İranla Qərb arasında müharibə hədələrinin artması da Paşinyanı iddialı mövqelərdən geri çəkilməyə vadar edib. Ermənistan hakimiyyəti hesab edir ki, indiki mərhələdə Türkiyə və Azərbaycanla problemləri qısa müddətdə həll edib, ölkənin indiki sərhədləri daxilində təhlükəsizliyinə real təminatlar almaq lazımdır. Bu təminatı ancaq iki qonşu ölkə verə bilər. Bu günlərdə Türkiyədən böyük jurnalist heyətinin İrəvana dəvət edilməsi və Paşinyanla keçirilən görüş, Türkiyə ilə münasibətlərə cavabdeh səfir Ruben Rubenyanın “heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətləri bərpa etməyə hazırıq” bəyanatı da bu siyasətin tərkib hissəsidir.
Əlbəttə, Ermənistanda siyasi hakimiyyətin cəmiyyətdə dayaqları digər siyasi qüvvələrlə müqayisədə güclü olsa da “taleyüklü” məsələlərin həlli üçün kifayət deyil. Paşinyan hökuməti Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesində kilsə və siyasi müxalifətdən, eləcə də xaricdəki lobbilərdən ciddi təpki alıb. Yeni mərhələdə Rusiya və İrandan dəstəklənən siyasi qüvvələrin fəallaşacağı, ölkədə etirazların vüsət alacağı gözləniləndir. Ona görə, Paşinyanın ilk “ev tapşırığı” daxili qüvvələri neytrallaşdırmaq, sülh prosesinə cəmiyyətin dəstəyini əldə etməkdir. Onun partiyasının reytinqi bu dəstəyin təmin edilməsinə ümidlər yaratmır, amma seçim qarşısında qalan erməni cəmiyyətinin müharibədən sonra olduğu kimi, yenə iqtidara dəstək verəcəyini güman etmək olar.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri gələn ilin yayında keçiriləcək. Baş nazir bəyan edib ki, referendum bundan sonra - gələn ilin dekabrında baş tuta bilər. Amma bu qrafiklərin dəyişməsi, növbədənkənar seçkilərin təyin edilməsi də istisna deyil.
İkinci mühüm məqam, Avropa İttifaqı, xüsusən Fransanın bu şərtlər altında sülh prosesinə razılığını almaqdır. Çünki bu yaxınlarda Ermənistandakı Avropa müşahidə missiyası uzun, gərgin əməkdən sonra növbəti 2 illiyə təsdiqlənib. Paris və Brüsselin Paşinyanın Azərbaycanla əldə etdiyi razılaşmaya “hə” deməsi vacibdir və bu addım hakimiyyətin mövqelərini gücləndirə bilər.
Azərbaycanla Ermənistan arasında 17 bəndlik sülh sazişi bütün problemlərin həlli demək deyil. Sərhədlərin delimitasiya və demarkasiya olunması, Zəngəzur dəhlizinin açılması bu layihədən kənarda danışıqlar predmetidir. Sərhədlərlə bağlı ötən il mühüm addım atılıb, əsas prinsiplər müəyyənləşdirilib, amma prosesi irəli aparmaq hələ mümkün olmayıb.
Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz keçidin təmin edilməsi məsələsi də həllini tapmayıb. Bu məsələ tərəflərin razılığı ilə sülh layihəsindən çıxarılsa da, ortaq razılaşmanın əldə olunması hələlik mümkün deyil, çünki şərtlər fərqlidir, üstəlik Rusiya və İran kimi regional oyunçular prosesin rəvan getməsini əngəlləyir. Bakı və İrəvan məhz sülh sazişini kənar təsirlərdən xilas etmək üçün bu mövzunu ayrıca müzakirə etməyə qərar vermişdi. Görünür, Ermənistanın bu məsələdə konstruktiv mövqeyə gəlməsi üçün Azərbaycan hələ bir qədər “işləməli” və səbir göstərməlidir. (pressklub)