ABŞ-İran danışıqları:həll, yoxsa xəyanət?

Müxalifət İran hakimiyyətinə, rejim isə Ağ ev administrasiyasına etimad göstərmir
Yenixeber.org: Donald Tramp prezidentliyinin birinci dönəmində İranın neft və təbii qaz sektoruna sanksiyaları gücləndirmişdi. Bu məhdudlaşdırıcı tədbir nəticəsində İslam Respublikasının iqtisadiyyatı çətin vəziyyətə düşüb. Ölkənin milli valyutası olan tümən dollara nisbətdə yüz min dəfə ucuzlaşıb.
Yenidən hakimiyyətə gəldikdən sonra Tramp İrana qarşı maksimum təzyiqi nəzərdə tutan tədbirlər planını imzalayaraq, Tehranın neft satışını sıfıra endirməyi hədəfləyib. Bununla belə o, Tehran hakimiyyəti ilə danışıqlara hazır olduğunu da bildirir.
Fevral ayında ABŞ Dövlət Departamenti maksimum təzyiq kampaniyası çərçivəsində İranın neft və neft-kimya sənayesində fəaliyyət göstərən 16 qurum və gəmiyə qarşı sanksiyalar tətbiq etdiyini elan edib.
Bundan başqa, Dövlət Departamenti və ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Surinam, Hindistan, Çin, Malayziyadan olan 22 şəxsə məhdudlaşdırıcı tədbir gördüyünü, 13 gəminin aktivinin dondurulduğunu bildirib. ABŞ-nin xarici siyasət xidmətinin açıqlamasına əsasən, qanunsuz daşıma üzrə
vasitəçilər şəbəkəsi İran neftinin Asiyadakı alıcılar üçün yüklənməsi və daşınmasında öz rolunu gizlətməyə çalışır. Bəyanatda həmçinin qeyd olunub ki, indiyədək bu şəbəkə vasitəsilə Asiya bazarlarına yüz milyonlarla dollar dəyərində xam neft daşınıb.
ABŞ Dövlət Departamenti əlavə edib ki, tətbiq olunan sanksiyalar İran rejiminə qarşı Donald Trampın maksimum təzyiq kampaniyasının həyata keçirilməsində ilk addımdır. Məqsəd İslam Respublikasının terror fəaliyyətini maliyyələşdirmək üçün neft gəlirlərini toplamaq səylərini əngəlləməkdir.
Dövlət Departamenti bildirib ki, bu qanunsuz maliyyə əməliyyatları İran rejiminə imkan yaradır ki, öz bədxah fəaliyyətini maliyyələşdirsin. Bu imkanın ondan alınmasına yönəlmiş tədbirlərin davam etdirilməsi vacibdir: “İslam Respublikası enerji sektorundan əldə etdiyi gəlirləri ABŞ müttəfiqlərinə qarşı hücumları maliyyələşdirmək, terrorizmi dəstəkləmək, sabitliyi pozan fəaliyyəti həyata keçirmək üçün istifadə etdiyi müddətdə, Vaşinqton Tehranı məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edəcək”.
ABŞ-nin maliyyə naziri Skott Besant bu yaxınlarda bildirib ki, Ştatlar İslam Respublikasının neft ixracını gündəlik 100 min barrelə qaytarmaq üçün maksimum təzyiq siyasətindən istifadə etmək niyyətindədir.
Onun sözlərinə görə, İran rejimi hazırda gündə 1,5 milyondan 1,6 milyon barrelədək neft ixrac edir: “Bununla da dünyada terror fəaliyyətini maliyyələşdirir”.
Maksimum təzyiq tədbirləri ilə yanaşı, Donald Tramp İran hakimiyyətinə danışıqlar da təklif edib. Bildirib ki, İslam Respublikası rəhbərləri ilə görüşüb danışmağa hazırdır.
Yeri gəlmişkən, prezidentliyinin birinci dövründə - 2019-cu ilin iyununda o, Yaponiyanın o vaxtkı Baş naziri Sindzo Abe vasitəsi ilə İranın ali rəhbəri Seyid Əli Xameneiyə məktub göndərmişdi. Onda İranın lideri bildirmişdi ki, Trampa cavabı yoxdur: “ABŞ prezidentinin səsləndirdiyiniz mesajına da cavab olmayacaq”.
S.Abenin ABŞ prezidenti adından İran liderinə verdiyi mesaj da məlum deyil.
Xatırladaq ki, Abe həmin il iyunun 12-də Tehrana səfər edib. Bu, son 41 ildə Yaponiya baş nazirinin İrana ilk səfəri idi. Bundan əvvəl bəzi xarici KİV Abenin Osakada keçiriləcək G-20 sammitində Trampla Xameneinin görüşünü təşkil etmək istədiyini yazmışdı.
Bu günlərdə ABŞ lideri “Fox Business Network”a müsahibəsində bildirib ki, martın 6-da ayətullah Xameneiyə məktub göndərib. O, məktubda İranın nüvə proqramına dair danışmaq istədiyini bildirib: “İran danışığa razılıq verməsə bu çox pis olacaq. İranın nüvə silahı ola bilməz. Başqa üsullar da var”.
Martın 7-də Ağ evdə jurnalistlərə İranla bağlı açıqlamasında deyib: “İranla bağlı tezliklə nə isə olacaq, bunu eşidəcəksiniz. Biz bu ölkə ilə bağlı son ana gəlmişik. Ona nüvə silahı əldə etməsinə imkan verməyəcəyik. Mən hərbi əməliyyatlar başlamaqdansa İranla sülh sazişi bağlamağa üstünlük verirəm. Ancaq ikinci variant da problemi həll edəcək”.
Donald Tramp əlavə edib ki, 2020-ci il prezident seçkisində qalib gəlsəydi, bir ay ərzində İran hakimiyyəti ilə razılığa gələrdi.
Onun sözlərinə görə, Cozef Bayden administrasiyasının sanksiya tətbiqindən imtina etməsi ilə pulu olmayan İslam Respublikası zəngin neft yataqları sayəsində qısa müddət ərzində 300 milyard dollar kapital toplaya bilib. Tramp əlavə edib ki, İran hazırda “dünya tarixində maraqlı dövr” yaşayır: “Tezliklə nəsə baş verəcək. Çox, çox tezliklə”.
Əvvəllər danışıqlara daha çox maraq göstərən Məsud Pezeşkian da Xameneinin mövqeyindən çıxış edir. O deyib ki, seçkiqabağı kampaniyası zamanı Qərblə danışıqların tərəfdarı olub. Prezident olandan sonra da bu mövqedə qalıb. Ancaq Xamenei danışıqlar tərəfdar olmadığından, o da ali rəhbərinin mövqeyindən çıxış edir: “Bizi təhdid edənlərlə danışıq apara bilmərik”.
İran müxalifəti də İslam Respublikası və ABŞ liderləri arasında danışıqlara qarşıdır. Ancaq onların yanaşması rəsmi Tehranın məsələyə münasibətindən fərqlənir.
Siyasi fəal, İslam Respublikası hakimiyyətinin əleyhdarlarından biri Məsih Əlinejad bildirib ki, İslam Respublikası ilə danışıqlar İran və Yaxın Şərq xalqlarına xəyanətdir: “Bu respublika terrorçudur. İslahatlara və danışıqlara məruz qalmır”.
Onun sözlərinə görə, Qərb ölkələri İran hakimiyyətinin “virus və xərçəng” olduğunu bilməlidir: “Bu hakimiyyət məhv edilməyənə qədər yalnız İran xalqının həyatı üçün deyil, bütün insanlar üçün bir fəlakət mənbəyi olacaq”.
Siyasi fəal Tehran rejimi ilə danışıqların onların həyatı üçün də təhlükə yaradacağını vurğulayıb.
Bu baxımdan, Donald Tramp Xamenei ilə dialoqa başlayacağı halda, müxalifətin vəziyyətinin, mövqeyinin də nəzərə alınması vacib sayılır.
Beləliklə, İran-ABŞ sammitini hələ ki yalnız Donald Tramp istəyir. Onun arzusunun reallaşması üçün Tehranın Vaşinqtona etibarı vacibdir. Hələlik müxalifət İran hakimiyyətinə, rejim isə Ağ ev administrasiyasına etimad göstərmir, inanmır.
Çünki İslam Respublikasının hakimiyyəti uçurum astanasındadır. Bu baxımdan, hıtta Trampın Xamenei ilə danışıqlara cəhd etməsi də məntiqli görünmür.(pressklub)