Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

Yaxın Şərqi yaxan şər:Bir münaqişə ocağı bitməmiş başqa nifaq tonqalı çatılır

Suriyada hakimiyyət dəyişikliyi – BAAS partiyasının 61, Əsəd ailəsinin 54 illik rejiminin başa çatması bir zamanların hərbi-siyasi müttəfiqləri olan İsrail və Türkiyəni bir-birinə qarşı qoyub.

Yenixeber.org: Beynəlxalq media qurumları Qəzza zolağındakı münaqişə fonunda yəhudi dövləti ilə diplomatik əlaqələri kəsən Ankaranın təkcə Suriyada davam edən əməliyyatlardan deyil, həm də İsrailin kürd qüvvələri ilə təmaslarından qıcıqlandığını yazırlar.

Türkiyə mediası da qeyd edir ki, ölkə rəhbərliyi İsrailin Suriyanın şimal-şərqinə nəzarət edən kürd qüvvələrinə yardım edəcəyi təqdirdə yəhudi dövlətinin təyyarələrini vurmaq variantına icazə verir. İsrail isə qonşu ölkədəki vəziyyətin öz təhlükəsizliyinə mənfi təsir edəcəyindən narahatdır.

Türkiyənin müdafiə naziri Yaşar Gülər İsrailin Yaxın Şərqdə “təcavüzü artıraraq işğalçılıq zehniyyəti” nümayiş etdirdiyini bildirib. O, Qəzza zolağında davam edən münaqişəni və İsrailin Suriyada qalan arsenalları məhv etmək məqsədi daşıyan hava hücumlarını belə şərh edib. “Onlar (israillilər – red.) göstərdilər ki, onların hücumlarının Qəzza ilə məhdudlaşmayacağı və bütün bölgəyə yayılacağı ilə bağlı əndişəmiz nə qədər haqlı imiş. İsrailin Colan təpələrindəki yaşıl xətti (yalnız sülhməramlıların yerləşdirilməsinə imkan verən bufer zonası – red) işğal etməsi və onun Dəməşqə hücumları bu məsələdə haqlı olduğumuzun son təsdiqi oldu”, -Gülər qeyd edib.

Suriyanın şimal-şərqinə nəzarət edən kürd qüvvələrinin İsrailə hərbi yardım kanallarının açılması xahişi Ankara üçün ayrıca təhdid yaradır. Türkiyə mətbuatı yazır ki, prezident Rəcəb Tayyib Ərdoğan və onun komandası Suriyada reydlər həyata keçirən İsrail təyyarələrinin qarşısını almaq üçün variantları götür-qoy edirlər. Yəhudi dövləti kürd qoşunlarına dəstək vermək qərarına gələrsə, ən radikal variant seçiləcək, təyyarələr vurulacaq. “İsrail bu cür addımlar atmağa qərar verərsə, hava hücumundan müdafiə sistemlərimiz və qırıcılarımız onları məhv etməyə hazır olacaq. Artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına belə əmrlər verilib”, – Türkiyə mediasına məlumat verən mənbə bildirib.

Aydındır ki, indi Suriyada mərkəzi hakimiyyətin süqutu fonunda Türkiyə özünü ən güclü mövqedə hiss edir: ona yaxın silahlı qruplar hakimiyyətə gəlib. Hakim elitanın əhval-ruhiyyəsi ictimai ritorikada yaxşı əks olunur. “Əgər şərtlər fərqli olsaydı, I dünya müharibəsi regionumuzun sərhədlərini yenidən müəyyən etsəydi, nə baş verərdi? Çox güman ki, Hələb, İdlib, Hama, Dəməşq, Rakka adlandırılan şəhərlər Antep, Hatay, Urfa kimi bizim vilayətlərimiz olardı”, - deyə Ərdoğan Sakaryada rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının 8-ci qurultayında çıxışı zamanı bildirib. Türkiyə liderinin bu sözləri Ankaranın Suriyanın bəzi hissələrini ilhaq etmək və sərhəd xəttinə yenidən baxmaq istəməsi ilə bağlı fərziyyələri gücləndirib.

1-2-1-t.jpg (70 KB)

                                        İsrail hərbçiləri Colan təpələrində

Bu arada İsrail Suriyadakı əməliyyatlarını dayandırmağa hazır olmadığını nümayiş etdirir. İsrail ordusunun baş qərargah rəisi Herzi Halevi deyib ki, qonşu ölkədə bütün hərəkətlər yalnız İsrailin və xüsusən də Colan təpələrində icmalarda yaşayan vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. “Biz Colan təpələrini, şimali Colan və Hermon dağını qorumaq üçün buradayıq”, - deyə hərbi lider bildirib və əlavə edib: “Suriya bir vaxtlar düşmən dövlət olub, ordusu dağılıb və real təhlükə var ki, terrorçu ünsürlər sərhədimizə yaxın yerləşməyə çalışacaq. Biz ekstremist qrupların yaxınlığımıza toplaşmasının qarşısını almaq üçün qətiyyətlə hərəkət edirik”.

Yəhudi dövlətinin narahatlığı həm də Suriyada hakimiyyət dəyişikliyindən sonra narkotik ticarəti marşrutlarının bölgədə necə şaxələnəcəyi ilə bağlıdır. Onun cənub bölgələri uzun müddət sintetik narkotik kaptagonun gizli ixracı üçün başlanğıc meydançası kimi xidmət edib. Yaxın Şərqdə dəyişən təhdid mənzərəsi İsrail və İordaniya kəşfiyyat xidmətlərinin liderləri arasında gizli danışıqların mövzularından biri olub. Hər iki ölkə təkcə qaçaqmalçıların deyil, həm də Suriyadakı hadisələrdən sonra İranın öz hərbi müttəfiqi “Hizbullah”a silah tədarükü üçün mühüm marşrutu itirən Tehranın mümkün aktivləşməsindən narahatdır.

"Axios" portalı mənbələrə istinadən xəbər verir ki, İordaniya indi İsraillə Suriyanın yeni hakimiyyət orqanları, o cümlədən “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması arasında vasitəçi rolunu öz üzərinə götürüb.

HTŞ lideri Əbu Məhəmməd əl-Culani artıq açıq şəkildə bəyan edib ki, yəhudi dövləti Suriyadakı fəaliyyətini dayandırmalıdır. "İsrailin arqumentləri zəifləyib və onun son pozuntularına haqq qazandırmır. O, Suriya ilə demarkasiya xəttini pozub”, - əl-Culani deyib. O, beynəlxalq ictimaiyyəti müdaxilə etməyə və bu gərginliyə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb. HTŞ lideri bölgədəki vəziyyətə nəzarətin və Suriyanın suverenliyinə hörmətin vacibliyinə işarə edib. “Diplomatik həllər təhlükəsizliyi və sabitliyi təmin etməyin yeganə yoludur”, - əl-Culani deyib.

Göründüyü kimi, Yaxın Şərqdə bir gərginlik ocağı pis-yaxşı söndürülən kimi yerində və ya böyründə yeni biri alovlanır. Çoxdinli, çoxmillətli dövlətlərin daxili sabitliyini təmin etmək həm də ona görə mümkün olmur ki, dünyanın bir sıra böyük güclərinin barmaqları vaxtaşırı bölgəni qurdalayır. Fransa gedir, Britaniya gəlir, onlar çıxmamış regiona Rusiya soxulur, daha sonra İran fəallaşır, ABŞ o yandan Rusiya və İranı bölgədən sıxışdırmağa çalışır. Türkiyə isə 400 il boyunca hökmranıq etdiyi, söz sahibi olduğu torpaqların gözünün qabağındaca uzaqlardan gəlmiş yadellilər arasında pay-bölüş edilməsinə təhəmmül etmir və 100 il öncə itirdiyi əyalətləri nüfuz dairəsində tutmağa çalışır. İsrail də o biri tərəfdən bu qaynar regionda başının salamatlığını qorumaq üçün “ən yaxşı müdafiə hücumdur” taktikası seçir. Beləcə, şər qüvvələrin yandırıb-yaxdığı Yaxın Şərq tüstülənməkdə davam edir.(musavat)

Araz Altaylı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam