YAXIN ŞƏRQDƏ RUSİYA ADLI OYUNÇU ARTIQ YOXDUR! –ABŞ bu regiondan getməyəcək, Türkiyə isə...
Bəşər Əsədin Suriyadan qaçmasından sonra bu ölkənin dinc həyata qovuşacağını söyləmək hələ tezdir. Çünki həmin regionda geosiyasi mübarizə aparan güclər arasında yekun razılaşmaya gəlinməyib.
Yenixeber.org: Yaxın Şərqin gələcək perspektivdə necə şəkillənəcəyi Suriyadakı hadisələrdən çox asılıdır. Bəlkə də biz hələ yalnız ümumi prosesin birinci mərhələsini geridə qoymuşuq və ola bilər ki, irəlidə tamamilə fərqli bir mənzərə yaransın. Hazırda yalnız bir şey aydındır: Suriya ərazisində özünə möhkəm yer etməyə can atan və Aralıq dənizi vasitəsi ilə “köhnə dünya”da ciddi mövqe əldə etməyə çalışan Rusiya və onun tərəfdaşı İran ağır məğlubiyyətə uğradı.
Rusiya Suriyadaki Hmeymim və Tartus bazaları vasitəsilə Əsəd rejiminə dəstəklə yanaşı, Afrikadakı digər qüvvələrinə yardım çatdırırdı. Beləliklə, Rusiya Yaxın Şərqlə yanaşı, Afrikada da sarsıdıcı zərbə alıb. Uzun illər ərzində qurulmuş sistemin qısa zamanda çökməsi Rusiya siyasi icmalçılarını və təbliğatçılarını çaşqınlığa və isterikaya salıb. Onlar deməyə söz tapa bilmədikləri üçün “Suriyanı Ukraynaya dəyişdik” kimi sarsaq fikirlər səsləndirirlər. Bununla da Putinin güclü geostrateji oyunçu olması əfsanəsinin dağılmasının qarşısını almaq istəyirlər. Ancaq əbəs yerə. Yaxın Şərqdə Rusiya adlı geosiyasi oyunçu artıq yoxdur!
Yaxın Şərqdəki 53 illik forpostundan məhrum olan Rusiya bundan sonra nəinki dünya çapında güc olmayacaq, hətta regional təsir imkanlarını da itirəcək. Ukraynada mənasız müharibə aparan Rusiyanın iqtisadiyyatı yavaş-yavaş tənəzzülə yuvarlanır. Məsələn, Rusiyanın qızıl ehtiyatı son il yarım ərzində 554 tondan 279 tona qədər azalıb. Hələ 2022-ci ildə Rusiyanın neft-qaz gəlirləri gündəlik 1,2 milyard dollar idisə, indi bu gəlirlər artıq 600 milyon səviyyəsinə qədər azalıb. Maraqlı faktlardan biri də “Rosneft”in rəhbəri İqor Seçinin Vladimir Putinə gələn il üçün neftin qiymətinin 45-50 dollar intervalında proqnozlaşdırılmasının məqsədəuyğun olmasını söyləməsidir.
Siyasi şərhçilərin proqnozlarına görə, əgər Suriyadakı ictimai-siyasi vəziyyət normallaşarsa, Qətərdən Səudiyyə Ərəbistanı, İordaniya və Suriya ərazisini keçməklə Türkiyəyə və oradan da Avropaya qaz kəmərinin çəkilməsi reallaşa bilər. Bu isə Rusiyanın qaz ixracına vurulacaq ən sarsıdıcı zərbə olacaq.
Bəşər Əsəd rejiminin yıxılmasından ən yaxşı mövqe əldə edən dövlətlərdən biri şübhəsiz ki, İsraildir. İsrail strateji baxımdan eyni anda həm Suriya rejimi, həm də İran kimi düşməninə qalib gəlmiş oldu. İranın dəstəklədiyi “Hizbullah” hazırda yarımcan haldadır və deməli, ortada qalır Yəməndəki “Ənsərüllah” və İraqdakı “Həşdi Şabi” təşkilatları. Bu təşkilatlar elə də ciddi gücə malik deyillər və İsrail sərhədlərindən xeyli uzaqdadırlar.
İsrail yaranmış əlverişli fürsətdən istifadə edərək sərhədləri boyunca təhlükəsizlik tədbirləri həyat keçirir. İsrail 1974-cü ildə Colan təpələri ilə əlaqədar razılaşdırılmış bufer zonanı tam nəzarətə götürüb və oraya iki briqda yeridib. Hermon dağı adlanan strateji nöqtə İsrailin əlindədir, həmin hündürlükdən Dəməşq şəhəri ovuc içi kimi görünür.
İsrail aviasiyası Əsəd ordusunun silah anbarlarının, hərbi bazalarının yeni hökumətin əlinə keçməməsi üçün durmadan bombalayır. İsrail 450-dən çox hədəfi vurub və Suriyanın bütün hərbi potensialını məhv etməyə çalışır. Demək olar ki, faktiki baxımdan Əsədin arsenalı tamamilə “qurudulub”. Bundan sonra İsrail üçün əngəl törədəcək “Hizbullah” və “Həmas”ın qalıqları tam məhv ediləcək.
İsrail ilə yanaşı Suriya ətrafında dönən hadisələr Türkiyə üçün də ciddi narahatlıq doğururdu. Türkiyənin cənub sərhədləri boyunca ABŞ-nin böyük köməyi sayəsində YPG/PYD adlanan kürd silahlı qrupları ilə PKK yaraqlıları arasında işbirliyi nəticəsində Suriyanın şimal şərq hissəsi işğal olunub. Maraqlısı budur ki, həmin zonada yaşayan ərəblərin sayı kürdlərdən çox olsa da, idarəetmə kürd qruplarının ixtiyarına verilib. Ona görə də Suriyadakı “Həyat Təhrir-əş Şam” qruplaşması və “Suriya Milli Ordusu” PKK-nın yerləşdiyi ərazilərdə təmizləmə əməliyyatı həyata keçirirlər. Suriyanın şimalındakı Menbic, şərqdəki Deyr-əl Zorr şəhərlərinin PKK işğalından azad olunması Türkiyə üçün vacibdir. Türkiyə Suriyanın şimal sərhədi boyunca özü üçün müəyyən təhlükəsizlik zonası yaratmağa müəssər olub. Lakin bununla yetinmək təbii ki, olmaz. YPG-PYD/PKK-nın niyyətləri Türkiyənin ərazi bötövlüyü üçün təhlükə ehtimalını yüksəldir. Suriyada vətəndaş müharibəsi başlayandan Əsədin qaçmasına kimi İran və Suriya Türkiyəyə qarşı təxribatçılıq siyasəti yürüdüblər. Onların məqsədi mümkün qədər Türkiyəni bu məkandan sıxışdırıb çıxarmaq olub.
Suriyada ABŞ, Türkiyə və İsrailin maraqlarının üst-üstə düşdüyü və ziddiyyət təşkil etdiyi məqamlar var. Bu məsələlərdə müəyyən razılaşmalar olacaq. Ancaq Suriyada Rusiya və İranı qəti şəkildə nə Türkiyə, nə ABŞ, nə də ki, İsrail görmək istəmir. Əslində belə də olmalıdır. Rusiya özünü dünya çapında güc kimi görmək istədiyindən sərhədlərindən xeyli uzaqda olan Suriyaya müdaxilə edirdi.
İranın da Suriya ilə heç bir sərhədi yoxdur. Bəşər Əsəd ailəsinin ələvi(şiə) olmasına görə dəstəklənməsinin gələcək perspektivi görünmürdü, çünki orada xalqın 90 faizi sünnidir. Tehran burada daimi ideoloji təsirini saxlaya bilməzdi. İndi onlar da Rusiya kimi geostrateji məğlubiyyətlərini ört-basdır etmək üçün Bəşər Əsədi günahlandırmağa başlayıblar. İran rəhbərliyi deyir ki, guya Suriya hakimiyyətini üç ay əvvəl baş verəcəklər barəsində xəbərdar ediblərmiş. Yəni, bildirmək istəyirlər ki, biz güclüyük və hər şeyi öncədən bilirik. İran elə məhz bu cür lüzumsuz təkəbbürlülüyü nəticəsində Yaxın Şərqdə ağır geostrateji məğlubiyyətə uğrayır.
ABŞ Rusiyadan fərqli olaraq qlobal geosiyasi nəhəngdir və unutmayaq ki, ABŞ heç zaman Yaxın Şərqdən uzaqlaşmaq niyyətində olmayacaq. Düzdür, siyasi takitika dəyişə bilər, amma böyük geostrateji plandan imtina edilməyəcək. Ona görə də Türkiyə bundan sonra hərbi-siyasi sahədə irəliyə hesablanmış addımlar atmalıdır.
Sözsüz ki, Suriyada yeni bir mərhələ başlayacaq və burada Türkiyə, İsrail və ABŞ-nin maraqlarına uyğun geostrateji konfiqurasiya yaranacaq. Sakit həyata qayıtmağın yeganə yolu ziddiyyətlərin dərinləşdirilməsi yox, ümumi ortaq məxrəcə gəlib uzlaşmaya nail olmaqdır. Tərəflərin anlaşması üçün üst-üstə düşən məqamlar kifayət qədərdir. Əks təqdirdə Suriya böhranı səngiməyərək formasını dəyişəcək və ümumi nəticədə yeni geostrateji reallıqlar meydana gələcək.
Məlum olduğu kimi, Suriya, İraq, İordaniya, Livan, İsrail və Səudiyyə Ərəbistanı əsas etibarı ilə Birinci Dünya müharibəsinin məhsullarıdır. İndi dünya müharibəsi getməsə də, öz formasını dəyişən qlobal qarşıdurmanın təzahürləri aydın sezilir. Belə görünür ki, Yaxın Şərqdəki siyasi xəritənin yenilənəcəyi sadəcə zaman məsələsidir.(azpolitika)
Vaqif Nəsibov