“Zəngəzur dəhlizi”nin qaranlıq taleyi: İşlər nə yerdədir? -İran müəyyən işlər görür, Ermənistan isə yenə qatara gecikir
“Dekabrın 3-də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Məşhəd şəhərində keçirilən 28-ci iclası çərçivəsində Azərbaycan və İran xarici işlər nazirləri arasında görüş baş tutub.
Yenixeber.org: Ceyhun Bayramov və Abbas Araqçı iqtisadiyyat və ticarət sahələrində Azərbaycan-İran əməkdaşlığı, investisiya, nəqliyyat və kommunikasiyalar, eləcə də enerji təhlükəsizliyi və birgə layihələrlə bağlı geniş spektrli məsələləri müzakirə ediblər.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi rayonu arasında kommunikasiyanın tikintisinin tezliklə başa çatdırılmasının, həmçinin, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi təsdiqlənib”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X platformasındakı hesabında məlumat verilib.
Beləliklə, Zəngəzur dəhlizi mövzusu yenidən ortaya çıxıb. Yeri gəlmişkən, yəqin çoxları fikir verib ki, bu mövzu sakit şəkildə arxa plana keçirilib. Ən azından, son bir neçə ayda heç kim bu nəqliyyat layihəsini xüsusi olaraq gündəmə gətirməyib.
Birincisi, mövzu niyə gözlənilmədən “unudulub”?
İkincisi, İran Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yolu xətlərinin çəkilişi ilə bağlı praktiki işlərə başlayıbmı? Xatırladaq ki, bu yollar Araz çayının cənub sahili boyunca uzanmalıdır.
Üçüncüsü, Zəngəzur dəhlizinin “şimal marşrutu” necə olacaq? Bakı və İrəvanın Ermənistan Sünik bölgəsindən keçən yolların bərpası ilə bağlı razılığa gələ bilməsi ehtimalı və ya ümidi hələ də qalırmı?
Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə ekspert, Cənubi Qafqaz politoloqlar klubunun rəhbəri İlqar Vəlizadənin fikrini öyrənmişik.
“Bu dəhlizin İran hissəsində işlər gedir. Son məlumata görə, Azərbaycanı İranla birləşdirməli olan dəmir yolu körpüsünün Azərbaycan tərəfinə düşən hissəsinin təxminən 70%-i tikilib. Məlum olduğu kimi, layihə dörd körpünün - iki dəmir yolu və iki avtomobil yolunun tikintisini nəzərdə tutur. Ağbəndi İran tərəfi ilə birləşdirən dəmir yolu körpüsünün təxminən 70%-i, İran tərəfində isə işlərin üçdə biri tamamlanıb”, - deyə analitik bildirib.
“Ümid edək ki, gələn il işlər daha da sürətlənəcək və bu körpülərdən heç olmasa biri istifadəyə veriləcək. Bundan sonra dəmir yolu xəttinin tikintisindən danışmaq lazım gələcək”, - deyə o, sözünə davam edib.
Onun sözlərinə görə, hazırda İran tərəfi dəmir yolu xəttinin çəkilməsi üçün hazırlıq işləri aparır. “Beləliklə, orada iş gedir və bu məsələlər Azərbaycan-İran hökumətlərarası komissiyasının nəzarətindədir.
Ermənistan istiqamətinə gəlincə, bu gün orada heç bir iş aparılmır. Ermənistan tərəfi bu yaxınlarda Zəngəzur dəhlizinin istismar rejimi ilə bağlı Azərbaycana təkliflərini göndərib. Onlar yüklərin rəsmiləşdirilməsi üçün güzəştli sistem, həmçinin bu malların keçidi prosedurunun sadələşdirilməsini təklif edirlər.
Amma Azərbaycan tərəfinin reaksiyasına baxanda görürük ki, bu məsələdə ciddi irəliləyiş yoxdur. Çünki bir çox problemlər, xüsusən də təhlükəsizliklə bağlı problemlər qalmaqdadır. Erməni tərəfi israr edir ki, təhlükəsizlik məsələlərini yalnız özü həll etsin, Azərbaycan tərəfi isə yükdaşımaların təhlükəsizliyinə beynəlxalq təminat verilməsində israr edir. Mənə elə gəlir ki, bu gün bu məsələdə real irəliləyiş yoxdur və yaxın gələcəkdə tərəflərin bu istiqamətdə hərəkət edəcəyi perspektivi görünmür”, - ekspert bildirib.
Yeri gəlmişkən, o qeyd edib ki, bu həssas mövzu ilə bağlı razılaşmalar getdiyini deyə bilərik. “Bu günlərdə Azərbaycan baş nazirinin birinci müavini Eyyub Yaqubovun Mher Qriqoryanla qızğın müzakirə apardığı video yayılıb. Ola bilsin, tərəflər Zəngəzur dəhlizinin reallaşdırılması perspektivlərini müzakirə ediblər. Amma yenə də, bu, ancaq dialoqun davam etdiyini göstərə bilər. Təəssüf ki, hələlik konkret nəticə yoxdur.
Müqayisələrə gəlincə, qeyd etmək lazımdır ki, İran hissəsində işlər aktiv şəkildə davam edərsə, Zəngəzur dəhlizinin bu hissəsi Ermənistan hissəsindən əvvəl istifadəyə verilərsə, Ermənistan çox şey itirir. Məsələn, yükün əsas hissəsi daha sonra İran marşrutu ilə keçəcək. Bu mənada, erməni tərəfi vaxt itirdiyini başa düşür. Amma İrəvan, bu layihənin həddən artıq siyasi olması səbəbindən konkret addımlar atmağa tələsmir və Cənubi Qafqaz ərazisindən keçən daha bir mühüm transsərhəd layihəyə qoşulmaq imkanını əldən verir”, - Vəlizadə deyir.(pressklub)
Rauf Orucov