Payız marafonu -Ermənistan və Azərbaycanın qarşılıqlı məhkəmə iddiaları kimə nə verir?
Bilmirəm, təsadüfdürmü, amma Azərbaycan və Ermənistanın beynəlxalq təşkilatlarda bir-birinə qarşı səs-küylü məhkəmə iddiaları payız fəslinə təsadüf edir.
Yenixeber.org: Yerevan Azərbaycanı onilliklər boyu irqi ayrı-seçkilikdə ittiham edərək, 2021-ci ilin payızında Beynəlxalq Ədalət Məhkəməsində ona qarşı məhkəmə iddiası qaldırdı. Bakı bir həftə sonra cavabını verdi - Ermənistanın azərbaycanlılara qarşı otuz ildən artıq davam edən ayrı-seçkilik siyasətindən eyni məhkəməyə şikayət ünvanladı.
Haaqada bu şikayətlərə baxıldığı müddətdə bölgədə gərginliyin daha da artmasına yol verməmək üçün hər iki tərəf məhkəmədən müvəqqəti tədbirlər (təminat tədbirləri) görməyi tələb etdi. Tələblər qismən təmin olundu, qarşıda isə bizi işə mahiyyəti üzrə baxılması ilə əlaqədar uzun bir proses gözləyirdi.
Ermənistan 2023-cü ilin payızında Beynəlxalq Ədalət Məhkəməsi qarşısında əlavə təminat tədbirləri ilə bağlı yeni tələb irəli sürdü. Məhkəmə bir addım da atdı, Azərbaycanın üzərinə Qarabağda hər kəsin, o cümlədən ermənilərin təhlükəsizliyini təmin etmək öhdəliyi qoydu. Ancaq bu vaxta Qarabağda cəmi bir neçə erməni qalmışdı.
Və nəhayət, 2024-cü ilin payızında (şikayətlərin verilməsinin üçüncü ildönümündə) Beynəlxalq Ədalət Məhkəməsi iki qonşunun məzmunca bir-birinə oxşar qarşılıqlı iddialarına mahiyyəti üzrə baxmaq qərarına gəldi. Hələlik o, bir sualı müzakirə edə bilib: öz səlahiyyətlərinin hüdudları ilə bağlı məsələləri araşdırıb. Çünki hər iki iddiaçı yalnız onun şikayətinə baxılmasını, "qapını səhv döymüş" qarşı tərəfin isə iddiasının rədd edilməsini istəyirdi...
Hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan üç məqamdan biri də tərəflərin beynəlxalq məhkəmələrdə bir-birinə qarşı iddia qaldırmaqdan imtina etməsi barədə Bakının irəli sürdüyü tələbdir. Ermənistan məsələnin bu cür qoyuluşunu qeyri-məqbul hesab edir. Mövqeyini onunla əsaslandırır ki, bu, sülhməramlı addım deyil, müharibə cinayətlərinə görə məsuliyyət daşıyanların cəzalandırılmasını və münaqişə qurbanlarının haqqının qismən də olsa, bərpasını tələb edən ədalətdən imtina deməkdir.
Yəqin ki, vəziyyəti ayıq başla qiymətləndirməyə qadir olan hər kəs başa düşür: münaqişənin indiki mərhələsində belə iddialar nəinki ədalət axtarışına, günahkarların müəyyənləşdirilməsi və cəzalandırılmasına kömək etmir, əksinə, tərəfləri belə hədəflərdən uzaqlaşdırır və nəhayətdə onların bir-birinı beynəlxalq ictimaiyyət qarşısında aşağılamaq istəyini əks etdirir daha bir qisas meydanına çevrilir. Bu gün erməninin gözündə son onilliklərin bütün faciələrinin günahkarı azərbaycanlı, azərbaycanlının gözündə isə ermənidir. Və heç bir məhkəmə qərarı bunu dəyişdirə bilməz. Ən azından, hələ ki dəyişdirə bilməz. Diqqət yetirin: mızmundan asılı olmayaraq, harada Ermənistan Azərbaycana qarşı iddia qaldırırsa, dərhal orada Azərbaycan tərəfinin Ermənistana qarşı oxşar əməllərə görə əks iddiası ortaya qoyulur və əksinə. Nəticədə nə əldə edirik? Günahkarlar üçün cəza? Ədalətin bərpası? Bəlkə bu yolla sülhü yaxınlaşdırırıq və qarşılıqlı etimada nail oluruq? Yoxsa, sadəcə, qarşıdurma zonasını genişləndiririk? “Cəbhə”ni dərinləşdiririk? Bir-birimizə etimadımızı daha da azaldır, nifrətimizi artırırıq?
Ölkələrimiz arasında müharibə dörd il əvvəl başa çatıb. Artıq beşinci ilə keçmişik. Lakin hələ də Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə müəyyən şəraitdə hərbi əməliyyatların bərpasına səbəb ola biləcək kəskin problemlər qalır. Sülh prosesini dəstəkləmək, normal həyat və dinc qonşuluq münasibətləri yaratmaq imkanları isə zərrə qədər genişlənmir. Belə bir vəziyyətdə mümkün qədər ehtiyatlı və rasional davranış gərəkdir.
Rasionallıq isə bizə deyir ki, ədalətli qərara nail olmaq üçün ən yüksək beynəlxalq məhkəmələrin qapısını hələ çox döyəcəyik. Onların isə astagəlliyi bir yana, hətta gecikmiş və çox vaxt yarımçıq qərarlarını da yerinə yetirmək üçün etibarlı mexanizmləri çatışmır (Beynəlxalq Cinayət Məhkəməsi yalan deməyə qoymaz). Beləliklə, bizim beynəlxalq arbitrlərin hər hansı işlək qərarına nə zaman nail olacağımız, ondan nə dərəcədə razı qalacağımız, ümumiyyətlə nail olub-olmayacağımız hələ məlum deyil. Ancaq "Ədalət Məbədi"nin gözləmə zalında dayandığımız müddət ərzində bir-birimizin üstünə çirkab atacaq, ittihamı dəstəkləmək üçün yeni dəlillər toplayacaq, ya yaradacaq, bir-birimizə nifrətimizi körükləməklə məşğul olacağıq. Hər aralıq məhkəmə iclası ehtirasları yenidən coşduracaq.
Belə iddiaları Azərbaycanla Ermənistan arasında sülh hüquqi fakta çevriləndən, təxirəsalınmaz problemlər həll olunandan sonraya, ehtirasların şiddəti öz dərəcəsini itirən vaxta saxlamaq düzgün olmazmı?
Əlbəttə ki, məsələnin bu cür qoyuluşu ağır cinayətlər törətmiş şəxslərin cəzalandırılmasından imtina etmək və bütün təqsirkarlara amnistiya vermək demək deyil. Amma biz, ilk növbədə, ölkələrimizi və xalqlarımızı bir-birinə yaxınlaşdırmaq üçün ən uyğun şərait yaradılmasına diqqət yetirməli, keçdiyimiz qanlı yola dönüş təhlükəsinin qarşısını almalıyıq. İndi bu, keçmişin fəlakətlərini araşdırmaqdan daha vacib vəzifədir.
Sizi inandıqmaq üçün ən yeni və hamınıza tanış bir misal gətirəcəyəm.
Beynəlxalq Ədalət Məhkəməsi cəmi bir həftə əvvəl – noyabrın 12-də Azərbaycan və Ermənistanın növbəti qarşılıqlı iddialarını nəzərdən keçirərək, daha bir “aralıq” qərar çıxardı. Hansı məqamdasa Ermənistanın, hansı məqamdasa Azərbaycanın tələblərinə haqq qazandırdı. Ertəsi gün bu hadisənin Azərbaycan və Ermənistanın əsas kütləvi informasiya vasitələrində necə işıqlandırıldığını izlədim. Yerevanda yalnız özlərinə sərfəli olanı dərc edir, Ermənistana dəstək verildiyini, “işğalçı” Azərbaycanın əsassız iddialarının rədd edildiyini bildirirdilər. Bakıda isə bizə sərf edəni yazir, Azərbaycanın tələblərinin dəstəkləndiyini, təcavüzkar Ermənistana isə rədd cavabı verildiyini söyləyirdilər. Amma bu, dərdin yarısıdır. Materiallar istehza, aşağılayıcı ifadələrlə, bir-birinə qarşı dərin nifrətlə dolu idi. Məhkəmənin yekun qərarına hələ çox var, biz isə artıq “nəticəyə” nail olmuşuq: cəmiyyətdə və mediada daha çox yalan, daha çox nifrət! Əgər tərəflər arasında müəyyən etimad, hansısa başqa ünsiyyət və qarşılıqlı əlaqə formaları olsaydı, məncə, mənzərə başqa cür alınardı. Bu gün isə necə varsa, elədir. Hətta tərəflərin axtardıqları ədalət haqqında anlayışları bir-birinə ziddir. Belə şəraitdə "birgə" axtarışın nə nəticə verəcəyini ən azı göstərdiyimiz nümunədən təxmin etmək çətin deyil.
Yeri gəlmişkən, iddiaları dayandırmaq barədə Bakının təklifinin Yerevanın razı qalacağını düşünürdüm. Ermənistanın onu qəbul etməməsi məni təəccübləndirdi. Axı müəyyən fasilələrlə 30 il davam etmiş müharibə Ermənistanın deyil, Azərbaycanın dünya tərəfindən tanınmış ərazisində gedib. Minalanmış sahələr, yerlə-yeksan edilmiş şəhər və rayonlar, dağıdılmış ekosistem orada yox, burada olub və indi də qalır. Azərbaycanın qaçqınlarının sayı Ermənistanın qaçqınlarının sayından çoxdur. İtkin düşən və ölənlərimizin sayı da eləcə. Deməli, Bakının beynəlxalq təşkilatlara və məhkəmələrə şikayət “marafonunu” davam etdirməyə kifayət qədər gücü var. Və nə qədər ki, Ermənistan bu yoldadır, cavab tədbirləri daha kəskin olacaq. Amma bir sual yaranır: indi, bu məqamda bizə ən çox lazım olan budurmu? Böyük əzablar və mərhumiyyətlərdən keçmiş iki xalq, nəhayət, sülhün astanasındadır. Qarşıda qalan yolu da keçmək - müdriklik və cəsarət tələb edən ən böyük vəzifədir.
Azərbaycanın təklifi buna xidmət edir. Geri baxmağa isə hələ vaxtımız olacaq.(pressklub)
Arif Əliyev