Balababa Rzayevi niyə “tok vurdu”?! –“Azərenerji” təftiş edilə bilər
Balababa Rzayevlə bağlı məlum sərəncamın daha dərin qatlardan “süzüldüyü” qənaəti doğur
“Azərenerji” ilə bağlı indiyədək vacib olan şəffaflığı təmin etməli olub da, etməyən hökumətin başçısının bu sərəncamı bumeranq effekti verir.
Yenixeber.org: Bu ayın 5-də Azərbaycanda daha bir ilk yaşandı: Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Prezidenti Balababa Rzayevə şiddətli töhmət verildi. Bununla da biz ilk dəfə şahid olduq ki, Azərbaycanda nazir statuslu kimsə bu forma və səviyyədə cəzalandırılır… İlk olduğu səbəbindədir ki, o gün-bu gün cəmiyyətdə müxtəlif söz-söhbətlərə, versiyalara yol açıldı.
Siyasi qərar qəbul olunub?
İndi bu istiqamətdə cavabını gözləyən suallar sıralanır: Balababa Rzayevə kəsilən bu cəza hansı səbəblərdən qaynaqlanır?, Rəsmi olaraq ictimailəşən səbəb nə dərəcədə gerçəkdir?, Səbəbkar hansı səhv(lər)inin cəzasını alır?, Onunla bağlı məlum siyasi qərar qəbul olunubmu? Və s.
İlk diqqəti çəkən Baş nazirin belə bir ilkə imza atmasında nə dərəcədə müstəqil olmasıdır. Balababa Rzayev dövlət başçısının etimadını doğruldan, işinin peşəkarı kimi az sayda məmurlardan biri kimi tanınır. Elə bu sərəncamdan iki gün əvvəl də Zəngilanda Sarıqışlaq yarımstansiyasının açılışında Prezidentin yaynında olub. Əlbəttə, nəinki iki günün, hər anın da öz hökmü ola bilir... O da ola bilir ki, baş nazir belə "məsləhət alıb".
Digər diqqəti çəkən məqam isə, bu sərəncamın ardınca hakimiyyətyönümlü medianın “Azərenerji” “şef”inə qarşı hücumu oldu. Ölkə mediasının bəlli durumu halında bunu ictimai, yaxud hansısa dövləti marağa hesablanmış “özfəaliyyət” kimi qəbul etmək sadəcə mümkünsüzdür. “Killer media”nın, “Killer jurnalistlər”in hansı mənbədən qidalandığı və tezislər aldığını bilənlər bilməyənlərdən az deyil.
Beləliklə, müxtəlif ekspert şərhlərində, analizlərdə “Azərenerji” “şef”i “dağdan daşa, daşdan dağa vuruldu”. İndi “yada düşdü ki,” “Azərenerji” son 10 ilə yaxın nə qədər qaz qarışılığında nə qədər enerji ixrac edirmiş, Türkiyədə hansı törəmə şirkəti, hansı ölkələrlə, hanıs əməkdaşlıqda olub və s. və ilaxır.
“Azərenerji” ilə bağlı indiyədək vacib olan şəffaflığı təmin etməli olub da, etməyən hökumətin başçısının bu sərəncamı bumeranq effekti doğurmaqdadır. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da hər ilin enerji balansı hökumət tərəfindən qabaqcadan təsdiqlənməlidir və təsdiqlənir də. Burada qeyri-adi, sirr sayılacaq bir nəsnə yoxdur. “Azərenerji”nin nə qədər qaz alıb, nə qədər enerji istehsal etdiyini hər bir ölkə vətəndaşının bilmək hüququ və haqqı var. Təəssüf ki, əksər ölkələrdən fərqli olaraq bizim hökumət, hansı səbəblərdənsə bunu ictimailəşdirməkdən çəkinir(?)
Toxunduğumuz məqamlar Balababa Rzayevlə bağlı məlum sərəncamın daha dərin qatlardan “süzüldüyü” qənaətini doğurur. Adətən belə “süzülmələr” üçün isə əvvəlcə SİYASİ QƏRAR olur…
***
Yeri gəlmişkən, Yünixeber.org-a sızan məlumatlardan belə məlum olur ki, “bu xəmir hələ çox su aparacaq”. Qarşıdakı günlərdə “Azərenerji” ASC-də təftiş gözlənilir: xüsusi ilə də, dövlət satınalmaları ilə bağlı…
Mövzunun davamı olacaq.
İlqar Salmanov, (Yenixeber.org)