Rusiyanın konsulluq israrı:Azərbaycan uğrunda nüfuz savaşı?
Moskva Qarabağda diplomatik missiyasının açılmasında təkid edir
Yenixeber.org: Rusiya Azərbaycanda yeni diplomatik nümayəndəlik açmaq məsələsində israr edir. Bu günlərdə Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov TASS-a müsahibəsində bildirib ki, hazırda Azərbaycanın ərazisində, o cümlədən Qarabağda ölkənin yeni nümayəndəliklərinin açılması məsələsi siyasi səviyyədə müzakirə olunur. “Azərbaycan tərəfi ilə müvafiq müqavilələr bağlandığından sonra konsulluq idarəsi bununla bağlı əməli addımların atılmasına cəlb olunacaq”, - o qeyd edib.
Qeyd edək ki, Rusiya rəsmiləri bundan əvvəl də Qarabağda nümayəndəlik açmaq istədiklərini bəyan etmişdilər. Amma Azərbaycan rəsmiləri indiyədək ictimaiyyətə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bildirməyib.
Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatı Hikmət Babaoğlu Turan-a deyib ki, səfirlikdən əlavə müxtəlif ərazilərdə konsulluq xidmətinin açılması üçün hər şeydən öncə zəruri səbəblər olmalıdır: "Yəni, konsulluq xidməti xüsusi diplomatik qaydada xidmət göstərən ayrıca diplomatik xidmət formasıdır. Bu xidməti də zəruri edən şərtlər olmalıdır".
Deputatın sözlərinə görə, hazırkı mərhələdə Rusiyanın Azərbaycanın ərazisində əlavə yeni konsulluq xidmətlərini zəruri edən şərtlər və regionlar yoxdur: "Tutaq ki, Azərbaycanın hansısa bir regionunda Rusiya ilə əhali, turizm mübadiləsi kimi xüsusi bir intensiv əlaqələr var. Mövcud diplomatik xidmətlər bu missiyanın öhdəsindən gələ bilməzə, zərurət o vaxt yaranır".
H.Babaoğlu da xatırladıb ki, Azərbaycanın rəsmiləri, hələlik, bu məsələyə fikir bildirməyiblər: "Əgər Rusiya mənbələrinə inansaq, siyasi məsləhətləşmələr aparılır. Görünür, onlar məsləhətləşmələr apararkən bu kimi məsələləri təhlil edəcəklər. Hazırkı vəziyyətdə mən Azərbaycanın hər hansı bir regionunda belə bir konsulluq xidmətinin yaradılmasına zərurət görmürəm".
Onun fikrincə, gələcəkdə Azərbaycanın regionlarında, məsələn, Gəncədə və ya Şamaxıda bunu tələb edən bir zərurət yaranarsa, onda nəzərdən keçirilə bilər: "Nəticə etibarilə diplomatik xidmət elə diplomatik xidmətdir. Amma məsələ Rusiya olduqda, bəzi ekspertlərin burada siyasi məqsədlər axtarması da anlaşılır. Ona görə də, hazırkı mərhələdə biz Azərbaycanın rəsmi açıqlamasını gözləməliyik. İndiki mərhələdə bu, sadəcə birtərəfli mövqedir, Rusiyanın mövqeyidir. Azərbaycanın bu məsələyə münasibəti olmadan təhlil aparmaq doğru olmaz. Amma şübhəsiz ki, belə bir xidmət açılacaqsa, bunun səbəbləri əsaslandırılacaq".
Müsavat Partiyası başqanının müavini, siyasi şərhçi Mustafa Hacıbəyli isə mövzu ilə bağlı Azadlıq Radiosuna deyib ki, Rusiyanın yeni diplomatik nümayəndəliklər açmaq istəyinin əsl məqsədi Azərbaycanda və Cənubi Qafqazda öz mövcudiyyətini qoruyub saxlamaqdır: "Hələ erməni əhalisi Xankəndidə yaşadığı dövrdə Rusiya Qarabağda Azərbaycanın suverenliyinə qarşı yönələn bəzi addımları atırdı. O zaman Qarabağda yaşayan ermənilərə Rusiya pasportların verilməsi gündəmə gətirilmişdi. Elə o zaman Rusiyanın konsulluğunu açmaq niyyətləri var idi".
Onun sözlərinə görə, erməni əhalisinin Qarabağdan kütləvi çıxması Rusiyanın planını pozub: "Görünür ki, indi də yeni plan ortaya çıxıb".
M.Hacıbəyli hesab edir ki, Azərbaycan ərazisində Rusiyanın yeni bir diplomatik nümayəndəliyin açılmasına heç bir zərurət yoxdur: "Ola bilsin ki, Qarabağda konsulluğun açılması erməni sakinlərinin Rusiya pasportu ilə, Rusiya vətəndaşı kimi yenidən ora köçürülməsi niyyətindən xəbər verə bilər".
Maraqlıdır, əgər rəsmi Bakı həqiqətən də ictimaiyyətə xəbər vermədən Moskva ilə bu formatda danışıqlar aparırsa, bütün bunlar nə ilə nəticələnəcək? Bu informasiya işğalçı ölkənin Azərbaycan rəhbərliyinə təsirinin artmasından xəbər verirmi? Rusiyanın ölkəmizdəki diplomatik mövcudluğunu genişləndirmək istəyindən necə qaça bilərik?
Müstəqil analitik Rəşad Rzaquliyev mövzu ilə bağlı fikirlərini bizimlə bölüşüb.
“Dünyada və xüsusən də regionumuzda baş verənlər fonunda Qarabağ iqtisadi zonasında Rusiyanın konsulluq xidmətinin olması problemi, fikrimcə, bir az gülməlidir və gülünc görünür”, - o bildirib. – “Rusiyalıların bu məsələdə israr etməsi, haqlı olaraq Azərbaycan siyasi isteblişmentinin təəccübü ilə üzləşir. Lakin tərəflər arasında həqiqətən də pərdəarxası da olsa belə məsləhətləşmələr davam edirsə, baş verənlər arasında səbəb-nəticə əlaqəsini analiz etməyə çalışacağam”.
Ekspert xatırladıb ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Ərdoğan 2023-cü ilin iyununda Şuşada ölkəsinin konsulluğunun açılmasının zəruri olduğunu bəyan edib. “Və artıq 2024-cü ilin mayında Türkiyə Xarici İşlər Nazirliyi bu layihənin həyata keçirilməsi üçün Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi sorğu göndərib. Burada hər şey aydındır - bölgədə bərpa işləri aparılmasında Türkiyənin yüzlərlə şirkəti və mütəxəssisi çalışır. Burada onlara konsulluq xidməti uyğun və bəlkə də zəruridir.
Amma bəlkə də, Rusiyanın təşəbbüsünün kökündə məhz bu səbəb durur - iki böyük regional güc olan Türkiyə və Rusiyanın ölkəmizdəki fəaliyyətindəki rəqabət.
Türkiyə və Azərbaycan arasında 2021-ci ilin iyununda bağlanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini xatırlayaq. Bu bəyannamə özünü dərhal Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevral ayında bağlanan Müttəfiqlik Bəyannaməsində göstərdi. Çox belə faktı xatırlamaq olar”, - politoloq deyir.
Onun fikrincə, Rusiya Federasiyası ilə Türkiyə arasında Azərbaycanda nüfuz uğrunda qızğın şəkildə gizli diplomatik mübarizənin getdiyini güman etmək üçün bütün əsaslar var. “Və Rusiya sülhməramlı kontingentinin Qarabağdan vaxtından əvvəl çıxarılması, Vladimir Putinin Bakıya sonuncu səfəri zamanı BRICS-ə dəvət, iqtisadi və digər üstünlüklər Azərbaycanda təsir rıçaqları əldə etmək üçün Rusiya tərəfindən verilən əlavə “bonuslardır”. Yenə də, Türkiyəyə qarşı durmaq üçün.
Bu kontekstdə Azərbaycan Prezidentinin geosiyasi uzaqgörənliyinə heç bir şübhəm yoxdur və əminəm ki, onun hökuməti dövlətimizin suverenliyini və subyektivliyini qoruyub saxlamaq üçün hər şeyi edəcək”, - deyə Rzaquliyev yekunlaşdırıb.(pressklub)
Rauf Orucov