Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

GÜRCÜSTANDA “SON DÖYÜŞ” – 26 oktyabr seçkiləri vətəndaş qarşıdurması ilə bitə bilər -TƏHLİL

Oktyabrın 26-da Gürcüstanda çox vacib seçki keçiriləcək. Postsovet məkanında avrointeqrasiya istiqamətində çoxdan seçim etmiş və ötən müddətdə bu yolda xeyli irəliləmiş Gürcüstan təkrar yolayrıcına qayıdıb, yaxud qaytarılıb.

Yenixeber.org: Xalq parlamentin yeni tərkibini və hökuməti hansı siyasi partiyanın formalaşdıracağını müəyyən etməklə bərabər, ölkənin hansı istiqamətdə irəliləyəcəyinə də bir daha qərar verməlidir. Hakimiyyətin və müxalifətin yeganə ortaq qənaəti bundan ibarətdir ki, 26 oktyabr seçkiləri Gürcüstanın gələcəyi ilə bağlı referendum mahiyyəti daşıyır. Gürcü Arzusu hökuməti xalqın sülh və müharibə; müxalifət isə Avropa və Rusiya arasında seçim edəcəyini bildirir. Bu yazıda Gürcüstanda seçkiqabağı vəziyyət və 26 oktyabr seçkilərinin ekzistensial xarakterli seçimə çevrilməsinin səbəblərini təhlil edirəm.

2017-сi il Konstitusiya dəyişikliklərinə əsasən, 2024-cü il seçkiləri tam proporsional sistem üzrə keçiriləcək və azı 5% səs almış partiya və bloklar parlamentdə təmsil olunacaq. Hər hansı partiya və ya blok 150 üzvdən ibarət parlamentdə azı 76 yer əldə edə bilməsə, koalisiya hökuməti yaradılmalıdır. Siyasi partiyaların Mərkəzi Seçki Komissiyasında qeydiyyatı avqustun 30-da yekunlaşıb və 27 partiya öz namizədlər siyahısını təqdim etmək hüququ əldə edib.

               Seçki öncəsi qüvvələr nisbəti

Dağınıq və parçalanmış vəziyyətdə olan müxalifət düşərgəsində qismən təmərküzləşmə baş verib və 3 seçki bloku formalaşdırılıb:

“Birlik” bloku. Eks-prezident Mixail Saakaşvilinin qurucusu və faktiki lideri olduğu Vahid Milli Hərəkat Partiyasının ətrafında formalaşan bu ittifaqın digər üzvləri daha əvvəl Vahid Milli Hərəkatdan ayrılmış Aqmaşenebeli Strategiyası və Avropalı Gürcüstan partiyalarıdır;

Dəyişikliklər Uğrunda Koalisiya. Vahid Milli Hərəkatın keşmiş sədri Nika Meliya və məşhur jurnalist, Mtavari arxi telekanalının yaradıcısı Nika Qvaramiyanın təsis etdikləri Axali Partiyasının ətrafında formalaşan bu blokun digər iştirakçıları Droa və Qirçi – daha çox Azadlıq partiyalarıdır;

Güclü Gürcüstan bloku. İş adamı, TBC Bankın təsisçisi Mamuka Xazaradzenin yaratdığı Gürcüstan üçün Lelo Partiyasının ətrafında formalaşan bu blokun digər üzvləri Azadlıq Meydanı, Xalq Uğrunda və Vətəndaşlar partiyalarıdır.

Edison Research tərəfindən 1-15 sentyabrda aparılan rəy sorğusuna əsasən, hər üç blok 5%-lik minimal baryeri aşır və bu şansa malik daha 3 müxalifət partiyası var: keçmiş Baş nazir Georgi Qaxariyanın yaratdığı Qaxariya – Gürcüstan Uğrunda, Yeni siyasi mərkəz – Qirçi və Leyborist partiyaları. Bu sorğunun nəticələrinə əsasən, müxalifət ümumilikdə 62%-ə yaxın səs alır və parlamentdə çoxluq qazanır. Son illər dövlət içərisində hökumətə qarşı müxalif mərkəzə çevrilmiş Prezident Salome Zurabişvili seçki ərəfəsində müxalifəti yol xəritəsi ətrafında birləşdirmək üçün mayın 27-də Müstəqillik günü ilə bağlı tədbirdə Gürcü Xartiyası adlı təşəbbüslə çıxış edib və iyunun 3-də bu sənəd 17 siyasi partiya tərəfindən imzalanıb. Aparıcı müxalif partiyalardan olan Qaxariya-Gürcüstan Uğrunda Partiyası isə seçki kampaniyası başladıqdan sonra – sentyabrın 23-də Xartiyaya imza atıb. Bu sənədi imzalayan partiyalar seçkilərdə qalib gələcəkləri təqdirdə bitərəflərdən ibarət müvəqqəti texniki hökumət formalaşdırılması, avrointeqrasiyaya zidd bütün qanunların ləğvi və Aİ ilə danışıqlara qayıdış, islahat xarakterli qanunların qəbulu və tezliklə azad, demokratik mühitdə növbədənkənar seçkilərin keçirilməsi barədə üzərlərinə öhdəlik götürüblər.

Lakin hökumətə yaxın Qorbi mərkəzinin 24 iyul-4 avqust tarixləri arasında apardığı sorğuya inansaq, müxalifətin heç bir şansı yoxdur. Belə ki, həmin sorğuya əsasən, Gürcü Arzusu 60%-ə yaxın səs alır, 3 müxalifət bloku 5%-lik baryeri keçir və onlar ümumilikdə 25%-ə yaxın səs toplayır. Qorbinin sorğusu mübahisəlidir, amma bu rəqəmlər, necə deyərlər, havadan götürülməyib. Gürcü Arzusunun əhalinin 60%-i tərəfindən dəstəkləndiyini partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvili bu sorğudan əvvəl – 16 iyul tarixində söyləmişdi. İvanişvili və hakim partiyanın digər liderləri davamlı bildirirlər ki, onların məqsədi təkcə qalib gəlmək deyil, həm də konstitusion çoxluq qazanmaqdır. Xatırlatmaq yerinə düşər ki, Gürcü Arzusu öz ictimai nüfuzunun zirvəsində olduğu dövrdə – 2012-ci il seçkilərində 55%-ə yaxın səs alıb. 2016-cı və 2020-ci il seçkilərinin müxalifət tərəfindən mübahisələndirilən rəsmi nəticələrinə əsasən isə hakim partiya 48% səs toplayıb.

Partiyanın namizədlər siyahısının 1-ci sırasına Bidzina İvanişvilinin adının yazılması onun qarşıdakı seçkilərə nə qədər böyük əhəmiyyət verdiyini göstərir. Belə hal ilk dəfədir baş verir: İvanişvili indiyədək heç bir seçkidə Gürcü Arzusunun namizədlər siyahısına başçılıq etməyib. O, 16 iyulda partiyasının yeni ofis binasının açılış mərasimindəki proqram xarakterli çıxışında bu seçkiləri sülh və müharibə, köləlik və ləyaqət, qaranlıq keçmişə qayıdış və inkişaf arasında referendum, hətta daha da irəli gedərək, son və həlledici döyüş kimi qiymətləndirib. Onun fikrincə, 26 oktyabr seçkiləri ölkəni xaosa sürükləmək və ikinci cəbhə (Rusiyaya qarşı) açmaq üçün “qlobal müharibə partiyası”nın agenturası olan “kollektiv milli hərəkat” (Saakaşvilinin partiyası və digər qərbyönümlü müxalifət nəzərdə tutulur) üçün son döyüşdür. Gürcü Arzusu üçün isə ölkədə sülhün tam möhkəmlənməsi, radikalizm və qütbləşməyə son qoyulması, sabitlik və iqtisadi tərəqqi, milli şərəfin müdafiəsi, Avropa perspektivinin qorunub saxlanılması məqsədilə həlledici döyüşdür.

Göründüyü kimi, İvanişvili və onun hökuməti avrointeqrasiyadan rəsmi olaraq imtina etmir, hətta bu məqsədi yalnız özünün reallaşdıra biləcəyini vurğulayır. Bunun əsas səbəbi odur ki, Gürcü Arzusunun seçicilərinin əksəriyyəti Avro-Atlantik inteqrasiyanın tərəfdarıdır. Lakin İvanişvili ilə komandasının həm ritorikası, həm də siyasəti getdikcə daha çox Putin Rusiyası ilə bənzərlik təşkil etməyə başlayıb. 1783-cü ildə Rusiya İmperiyası ilə Georgiyevsk traktatını imzalamış gürcü çarı II İrakliyə paytaxtda heykəl ucaldılması barədə hökumətin qərarı bu baxımdan simvolik məna kəsb edir.

                 Seçki sonrası vətəndaş qarşıdurması riski

2023-cü ilin dekabrında Avropa İttifaqı Şurasının Gürcüstana Aİ üzvlüyünə namizəd statusu verilməsi barədə rəsmi qərarını elan etməsi gürcülərin müstəqilliyin ilk anlarından, hətta sovet dövründən xəyalını qurduqları və bu yolda çətin mübarizə mərhələlərindən keçdikləri idealın gerçəkləşməsi istiqamətində atılmış tarixi addım idi. Lakin bu hadisənin ölkədə yaratdığı bayram əhvalı uzun sürmədi və Gürcü Arzusu həmin ilin martında parlamentdə birinci oxunuşdan keçirib, etiraz aksiyalarından sonra geri çəkdiyi Xarici təsir agentləri haqqında qanun layihəsini təkrar gündəmə gətirdi. Bu layihənin qəbul olunacağı halda ölkənin üzvlüyə qəbulu prosesinin dayandırılacağı barədə Aİ rəhbərliyindən; eyni zamanda ABŞ-la strateji tərəfdaşlığın ciddi zərər görəcəyi barədə Vaşinqtondan gələn xəbərdarlıqlara baxmayaraq, 2024-cü ilin mayında qanun parlamentdə təsdiqləndi və avqust ayından etibarən qüvvədir. Sentyabrın 17-də isə Qərbin etirazına səbəb olan daha bir qanun layihəsi – Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında adlı anti-LGBT qanunu qəbul olundu. Hər iki qanun Rusiyada daha əvvəl qəbul olunmuş qanunvericilik aktlarının analoqudur və Gürcüstanın müxalif çevrələrində Rus qanunları kimi xarakterizə olunur. Hökumət mənsubları isə qeyd edirlər ki, bu qanunlar gürcü milli kimliyini və milli-mənəvi dəyərlərini qorumağa yönəlib. Planlaşdırılan Konstitusiya dəyişikliklərində Gürcü Pravoslav Kilsəsinin xüsusi rolunun vurğulanması və pravoslav xristianlığın gürcü dövlətinin kimliyinin təməli kimi qeyd olunması da nəzərdə tutulub.

Bidzina İvanişvili, Baş nazir Kobaxidze, Tbilisi meri Kaladze başda olmaqla, Gürcü Arzusunun yuxarı və aşağı səviyyəli bütün nümayəndələri seçki kampaniyasında ifrat aqressiv ritorikadan istifadə edirlər. Onlar siyasi palitranı ağ və qara rəngə ayıraraq, müxalifətə xain və satqın damğası vururlar. Gürcüstan siyasətində 1937-38-ci ilin ruhu dolaşır. Təkcə Saakaşvilinin partiyası deyil, onunla əlaqəsi olmayan digər müxalifət partiyaları da kollektiv milli hərəkat anlayışına aid edilərək, bir növ, legitimsizləşdirilir. Bu, ölkədə vətəndaş qarşıdurması riski yaradan çox təhlükəli yanaşmadır. Əgər səsvermənin yekunları hökumət üçün arzuolunmaz tablo ortaya çıxararsa, nəticələrə müdaxilə edilməsi ehtimalı var, çünki hökumət təmsilçilərinin dili ilə ifadə etsək, agenturaya, vətən xainlərinə dövlət hakimiyyəti vermək olmaz. Üstəlik, hakim partiyanın əsas vədlərindən biri budur ki, seçkidən sonra Vahid Milli Hərəkat və ona yaxın siyasi qüvvələr, yəni kollektiv milli hərəkat üzərində məhkəmə qurulacaq və bu qüvvələr qeyri-konstitusional elan ediləcək. Gürcü Arzusunun parlament çoxluğu əldə edə bilməyəcəyi təqdirdə fəaliyyətini qadağan etməyə hazırlaşdığı müxalifətə hakimiyyəti könüllü təhvil verəcəyinə inanmaq əsassız nikbinlik olardı, baxmayaraq ki, Gürcüstanda yaxın keçmişdə bir dəfə (2012-ci il) hakimiyyətin seçki yolu ilə dinc şəkildə ötürülməsi təcrübəsi var.

Bütün əlamətlər onu deməyə əsas verir ki, Gürcüstandakı gərgin seçki kampaniyası seçki gecəsi və sonrasında ciddi vətəndaş qarşıdurması ilə nəticələnə bilər.

                İvanişvli ilə Rusiya arasında gizli razılaşma şübhəsi

Ardıcıl və israrlı şəkildə konstitusion çoxluq qazanmağın vacibliyindən danışan Gürcü Arzusu bu zərurətin nə ilə əlaqədar olduğunu avqustun 20-də açıqlayıb və məlum olub ki, ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün Konstitusiya dəyişikliyinə ehtiyac var. Partiyadan bildirilib ki, Gürcüstanın ərazi bütövlüyünü dinc yolla bərpa etmək üçün ölkənin inzibati-ərazi quruluşuna dəyişiklik etmək lazımdır. İvanişvili avqustun 31-də seçicilər qarşısında çıxışında deyib ki, Gürcüstan hər an öz ərazi bütövlüyünün sülh yolu ilə bərpasına hazır olmalıdır, bunun üçün isə hakimiyyətdəki komanda maksimal legitimliyə ehtiyac duyur. Onun sentyabrın 14-də Qori şəhərindəki çıxışı isə daha çox əks-səda doğurdu. İvanişvili 2008-ci ildəki müharibəyə görə Saakaşvili hökumətini ittiham edərək bəyan etdi ki, seçkidən sonra kollektiv milli ərəkat üzərində Nürnberq prosesi qurulacaq və bu hadisə gürcülərlə osetinlərin barışması üçün ilkin şərt olacaq. “Müharibənin bütün günahkarları məhkum olunduqdan, gürcü-osetin qardaşlığının pozulmasına cavabdehlik daşıyanların hamısı sərt hüquqi qiymət aldıqdan sonra biz xain Milli Hərəkatın osetin bacı-qardaşlarımızı od-alova qərq etməsinə görə üzr istəməyə özümüzdə güc tapacağıq”,– deyə İvanişvili vurğulayıb.

Bütün bunlar İvanişvili ilə Rusiya arasında məxfi müzakirələrin aparıldığı və bəzi razılaşmaların əldə olunduğu barədə şübhələrə əsas verir. Oliqarxın Rusiya ilə yaxın əlaqələri sirr deyil və o, öz sərvətinin böyük hissəsini məhz Rusiyada qazanıb. Əgər Gürcüstan öz ərazi bütövlüyünü siyasi-diplomatik üsullarla bərpa edəcəksə, aydındır ki, hazırkı mərhələdə bu, yalnız Rusiyanın razılığı ilə mümkündür. Moskva isə, təbii olaraq, öz maraqlarının maksimum təmin edilməsi şərti ilə bu razılığı verə bilər. Cənubi Osetiyanı verib, əvəzində bütün Gürcüstanı almaq şansı varsa, Moskva bu şansı, yəqin ki, əlindən qaçırmaz. Böyük ehtimalla, Gürcüstanın inzibati-ərazi quruluşunun dəyişdirilməsi məsələsi də gizli dialoqda gündəmə gətirilib və Cənubi Osetiyanın respublika statusunda, federasiya subyekti kimi Gürcüstana reinteqrasiyasını ehtiva edir. (Sovet dövründə Cənubi Osetiya muxtar vilayət kimi Gürcüstana daxil idi). Hələ ki, Abxaziyanın adı hallanmır. Bu regionun dənizə çıxışı var və Cənubi Osetiya ilə müqayisədə Rusiya üçün strateji əhəmiyyəti daha böyükdür. Hazırda Abxaziyanın Oçamçira rayonunda Rusiya Qara dəniz donanmasının bazası yaradılır.

Putin rejiminin Saakaşvili ilə düşmənçiliyinə istinadən ehtimal kimi qeyd edə bilərik ki, Vahid Milli Hərəkat başda olmaqla, qərbyönümlü gürcü müxalifətini və vətəndaş cəmiyyətini əzmək də, ola bilsin, Rusiyanın şərtlərinə daxildir. Rus qanunlarının qəbulundan sonra bu da baş verərsə, Gürcüstanın Avro-Atlantik inteqrasiyasına qəti şəkildə son qoyulacaq. Gürcüstanda sərt avtoritar rejim bərqərar olacaq və bu rejim Qərbdən gözlənilən sanksiyalar qarşısında Moskvanın himayəsinə ehtiyac duyacaq. Gürcüstanın Rusiya təsir sferasına qayıtması Moskvanın Cənubi Qafqazda mövqelərini yenidən möhkəmləndirəcək, bu isə öz növbəsində Rusiyadan tədricən uzaqlaşıb Qərbə yaxınlaşmağa çalışan Ermənistanın indiki hökumətinin bölgədə təklənməsinə və onun Avropaya yeganə çıxış yolu (Gürcüstan) üzərində Moskvanın söz sahibi olmasına gətirib çıxaracaq.

Şahin Cəfərli (Siyasi təhlilçi)

(https://bakuresearchinstitute.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam