Bir filmin üzə çıxardığı dəhşətlər:Hitlerin sevimlisi, Putinin paradı...
Venesiya festivalına çıxarılan qalmaqallı film mübahisəyə son qoyacaqmı?
Yenixeber.org: 2024-cü il Venesiya festivalının ən səs-küylü premyeralarından biri alman rejissor Andres Fayelin “Rifenştal” sənədli filmi oldu. Adolf Hitlerin sevimli kinematoqrafçısı haqqında 160 dəqiqəlik film konkursdan kənar göstərildi.
Rejissora bu işlə məşğul olmağı prodüser Sandra Mayşberger məsləhət görüb. O, 2002-ci ildə, ölümündən bir il əvvəl Rifenştaldan 100 illiyi münasibətilə müsahibə götürüb. “Mən Pökkinqdəki evi tərk edəndə suallarım cavablardan çox idi”, - Mayşberger müsahibəni belə xatırlayır. Fayel filmin çəkilməsi zamanı Leni Rifenştalın şəxsi arxivindəki əvvəllər dərc olunmayan materiallardan istifadə edib.
Arxivin materialları - gündəliklər, məktublar, şəxsi fotolar və telefon danışıqlarının yazısı olan 700 qutu - 2016-cı ilə kimi Rifenştalın partnyoru, operator Horst Kettnerin mühafizəsi altında idi. Kettner 2016-cı ildə öləndə Mayşberger onlara çıxış əldə etdi. Arxivdə, başqa şeylərlə yanaşı, Rifenştal və Hitlerin bir-birinin əlini sıxdığı fotolar, eləcə də rejissorun fürerə yazdığı məktublar vardı. Həm də Yozef Göbbelslə münasibətlərinin sübutları və Albert Şpeyerlə danışıqlarının yazısı.
Rifenştal heç zaman nasist partiyasının üzvü olmayıb, hərçənd, təbliğat filmləri çəkirdi, onlar arasında ən məşhurları “İradənin zəfəri” (NSDAP-ın 1934-cü ildə Nürnberqdə qurultayı haqda) və “Olimpiya”dır (1936-cı ilin Berlin Olimpiya oyunları haqda; bu film 1938-ci ildə Venesiyada əsas prizə layiq görülüb). Uzun müddət dünyada mübahisə gedirdi: rejissor nasist rejiminin yardımçısı olub, yoxsa sadəcə sənətlə məşğul idi? Yazıçı və tənqidçi Süzen Zontaq deyir ki, Rifenştalın fəaliyyəti “haqlı olaraq nasizmin təbliğatı sayılır”. Kventin Tarantino isə Rifenştalı “bütün dövrlərin ən yaxşı rejissoru” adlandırır.
Filmin Venesiyadakı premyerasında olmuş şərhçilər yazır ki, Fayel Rifenştalın nasist rejiminin cinayətləri ilə bağlılığını sübut edə bilib, amma yalnız dolayı yolla.
Rejissorun fikrincə, Rifenştal öz arxivlərini təmizləməyə çalışıb, amma bəzi ifşaedici işarələr yenə də qalıb. Məsələn, o, 1932-ci ildə mitinqlərin birindən sonra Hitlerin heyranına çevrilərək, ona məftunluq dolu məktub yazır. Filmdə məktubdan sitat gətirilir: “Mənim nəfəsim kəsildi. Sanki maqnit sahəsi məni çəkdi”.
Bundan əlavə, Rifenştal öz sənədlərində hələ müharibədən əvvəl Britaniyanın “Daily Express” qəzetinə verdiyi müsahibəyə toxunur. Özü qəzet parçasını tullasa da, Fayel qəzetin arxivində müsahibənin mətnini tapıb. Rifenştal 1934-cü ildə jurnalistə deyir: “Qulaq asın, mən 1931-ci ildə “Mavi işığı” çəkəndə Hitlerin “Mənim mübarizəm” kitabını aldım, Hitlerin Bibliyası da demək olar. İlk səhifəni oxuyandan sonra çılğın nasional-sosialistə çevrildim”.
Rifenştalın bioqrafiyasında iki konkret epizod ən ciddi suallar doğurur. Onlar Fayelin araşdırmasına qədər də məlum idilər, amma film həmin hadisələr haqda əlavə dəlillər ortaya qoyur.
Birincisi “Vadi” bədii filminin çəkilişləri zamanı baş verib. Rifenştal onun üzərində işləməyə 1940-cı ildə başlayıb və yalnız 1954-cü ildə bitirib. Sənədli filmlər çəkən Nina Qladits hələ 1970-ci illərdə bu filmin yaranması ilə maraqlanıb. O, bu barədə “Qaranlıq və susqunluq zamanı” adlı film çəkməyi planlaşdırırdı. Rifenştal Qladitsin işinə hər cürə mane olurdu və hətta onu məhkəməyə verdi. Filmdə “Vadi”nin kütləvi səhnələrində çəkilən roma və sinti (qaraçı tayfalarıdır – red.) xalqlarının nümayəndələri ilə müsahibələr vardı. Onların sözlərinə görə, yaxınlıqda yerləşən həbs düşərgəsindən insanları Rifenştal şəxsən seçirdi. Çəkilişdən sonra 100 nəfər Auşvitsin qaz kameralarında öldürülüb, baxmayaraq ki, Rifenştal dəfələrlə onların müharibədən sağ çıxdığını deyirdi.
İkinci epizod Polşada baş verib. Fayel əmindir ki, Rifenştal burada yəhudilərin kütləvi qətlinin şahidi olub. Hadisə 1939-cu ilin sentyabrında Konskedə baş verib. Arxivdə tapılan, zabitlərdən birinin Rifenştalın keçmiş əri, SA mayoru Peter Yakoba yazdığı məktub həmin hadisənin sübutudur. Məktub müəllifi ordu hesabatına istinad edir. Hesabata görə, Rifenştal “çox güman, bazar meydanında səhnənin çəkilişindən öncə” həmin yerdə xəndək qazan yəhudilərin oradan, çəkiliş yerindən uzaqlaşdırılmasını tələb edir. Məktubda deyilir ki, hərbçilər bunu “yəhudilərdən qurtulmaq” əmri kimi qəbul etdilər. “Bu tələbin təsiri altında... Polşa yəhudilərinin bir hissəsi qaçmağa çalışdı və atəş açıldı”, - yazılır.
Bundan əlavə, Fayel ehtimal edir ki, Rifenştal Almaniyanın məğlubiyyətindən sonra uzun müddət həbsdə olmasını söyləyərkən yalan danışıb. Leni düşərgələrdə üç il keçirdiyini yazırdı. Fayel isə öz araşdırmasından sonra hər şeyin başqa cür olduğuna əmindir: “Heç kəs faktları yoxlamır. Əslində o, dörd həftə həbsdə olub, o da həbsxanada yox, sanki hoteldəymiş kimi”.
https://www.youtube.com/watch?v=7n5wKuahSZs
Dostları, o cümlədən Hitlerin memarı Albert Şpeyerlə yazışmasında Rifenştal “heç bir peşmanlıq və düşüncə dəyişikliyi ifadə etmir, sadəcə heyfsilənir ki, “onun tərzi və köhnə ideologiya öz populyarlığını itirib”, - “The Hollywood Reporter” şərhçisi filmə baxandan sonra yazır.
Rifenştal müharibədən sonra film çəkməyib. Bunun əvəzində aidiyyatı ola biləcək cinayətlərə görə məsuliyyəti üzərindən atmağa çalışıb - Fayel belə nəticə çıxarır. “Rifenştal” filminin çox hissəsi onun həyatının bu dövrünə həsr olunub. Leni özünü apolitik sənətkar kimi təsvir edir, özünü tarixi şəraitin qurbanı hesab edərək, bəraət qazanmaq istəyir.
“Buna görə də o, yalan danışırdı, qorxudurdu, burcudurdu ki, kanonik fiqur olsun. Ona qarşı gələnləri məhkəməyə verirdi. “The Times”da fotoqraf işləyirdi ki, bu da diqqətəlayiqdir. Sudana gedir və nuba qəbiləsinin şəkillərini çəkir, bu, onun nasizm dövründə fiziki mükəmməlliyi vəsf edən işlərini müdhiş dərəcədə xatırladır”, - “Screen Daily” şərhçisi qeyd edir.
“Rifenştal”ın əsas səhnələrindən birində 1970-ci illərin alman tok-şousunun fraqmentləri göstərilir. Rifenştalın holokost haqqında heç nə bilmədiyinə inanmayan aparıcı da, tamaşaçılar da onu tənqid edirlər. Leni əksini israr edir. “Bir məqamda o, tamaşaçılara tərəf çevrilir - yada salın, o, aktrisa olub [savaşdan əvvəlki alman filmlərində], - gözlərində yaş görünür”, - filmin prodüseri Sandra Mayşberger “The Hollywood Reporter” ilə söhbətində həmin andan danışır. Bundan sonra redaksiyaya Rifenştalı dəstəkləyən 500 məktub gəlir.
Prodüser davam edir: “Bu, mənim üçün əsl şok idi. Öz həmvətənlərimə inamımı itirdim. Onun yalanına bu qədər çox tamaşaçı necə inana bilərdi? Bu, 1960-1970-ci illər Almaniyasının diaqnozudur”.
Rejissor Fayel redaksiyaya gələn hər bir məktubu oxuyub: “Onların hamısı Leni Rifenştalı tərifləyirdi. Həmin tok-şou və tamaşaçıların reaksiyası onun üçün bir növ dirçəliş oldu”.
Venesiyada “Rifenştal”a baxmış “Variety” yazarı öz resenziyasında totalitarizm estetikasının bu gün də yaşaması qənaətinə gəlir: “Amma bunda kimi günahlandırmaq lazımdır - Rifenştalı, yoxsa bizi?”
Fayel özü “The Hollywood Reporter” ilə söhbətində filmini “tamaha uymağın necə asan olması” haqqında əhvalat adlandırır. “Axı bu, istənilən rejissorun arzusu idi: filminizin çəkilməsi üçün qeyri-məhdud büdcə! Mən bunun cazibəsini anlaya bilirəm, - rejissor etiraf edir. - Müharibə dövründə general olan atamı xatırlayıram. O, Himmlerə çox yaxın idi və bir sıra imtiyazları vardı. O da şirniklənmişdi. Ona görə də bu əhvalat mənim üçün çox özəldir”.
Başqa müsahibəsində əlavə edir: “Üç il əvvəl filmi çəkməyə başlayanda özümdən soruşdum: mövzunun aktuallığı nədədir? Sonra Ukraynada müharibə, Putinin hücumu başladı. Və birdən 2022-ci ilin mayında Moskvada parad çəkilişini gördüm. Bu, Leni Rifenştal idi. Putin aşağıdan yuxarıya göstərilir, qəhrəman kimi. Yanında isə addımlayan cəsədlər”.
Hazırladı: Yadigar Sadıqlı