Bakıda 70 ailənin həyatı təhlükədə -PREZDENTƏ MÜRACİƏT
Hər an lift faciəsi baş verə bilər. Sakinlər iki nazirlikdən Prezidentə şikayət etdilər
Yenixeber.org: Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 5 ünvandakı binada yaşayan sakinlərin həyatı təhlükədədir. Belə ki, 4 bloklu binanın liftləri 50-60 il öncə quraşdırılıb və hazırda ciddi şəkildə qəzalı durumdadır. Bu barədə bina sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladıqları müraciətdə bildiriblər.
Müraciətdə deyilir: "Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizin işlərinizin çoxluğundan xəbərdarıq və fəaliyyətinizdə uğurlar arzulayırıq. Təəssüf ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 5 ünvandakı binanın çoxsaylı sakinləri məcburiyyət qarşısında qalıb Sizə müraciət etməli olmuşuq. Yaşadığımız 4 bloklu binanın liftləri ötən əsrin 60-70-ci illərində quraşdırılıb və bu gün qəzalı durumdadırlar. Hər an faciə baş verə bilər! Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinin “Lifttəmir” İB ilə telefon əlaqəsi yaratsaq da, bina Müdafiə Nazirliyiniin balansında olduğu üçün bu qurumdan heç bir yardım etmədilər. Ona görə də biz 18 iyul 2024-cü il tarixdə binamızın 31 sakininin imzası ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri K.Heydərova və Müdafiə naziri Z.Həsənova kömək üçün müraciət etdik. Təəssüf ki, indiyədək heç bir cavab almamışıq! Qəza təhlükəsi isə hər an var! Liftlərdən bəziləri gah işləyir, gah dayanır. Yuxarı mərtəbədə yaşayan xəstə və yaşlı insanlar, əliuşaqlı analar aldanıb liftlərdən istifadə edirlər. Bu isə hər an insan ölümü ilə nəticələnə bilər!"
Sakinlər ümid edirlər ki, ölkə başçısına ünvanladıqları bu müraciətdən sonra aidiyyatı qurumlar lazımi tədbirlər görəcəklər.
Onu da deyək ki, sakinlər daha öncə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Müdafiə naziri general Zakir Həsənova ünvanladıqları məktubda bildiriblər ki, vaxtilə hərbçilər üçün inşa edilmiş dörd bloklu binada 70-dən çox ailə yaşayır: "Bu gün isə burda hərbiçilər yaşamır, lakin bina Müdafiə Nazirliyinin balansında qalmaqda davam edir... Problemin həllinin müşkülə çevriləməsinin əsas səbəblərindən biri də budur".
Sakinlər qeyd ediblər ki, lift qurğuları FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin qeydiyyatında olan təhlükə potensiallı avadanlıqdır və o müntəzəm olaraq ixtisaslaşmış təşkilat tərəfindən texniki baxışdan keçirilməlidir, kənar şəxs və qurumların ona müdaxiləsi yolverilməzdir: "Binanın liftləri çox köhnəlib. Hətta yararsız hala düşüblər. Tez-tez bina sakinləri və ya qonaqlar liftdə qalıb stres yaşayırlar. Bir neçə dəfə liftdə qəza baş verib və xoşbəxtlikdən insan tələfatı olmayıb. Təəssüf ki, uzun müddətdir burda kimlərinsə yoxlama-nəzarət işləri apardığını görən olmayıb. Biz problemlə bağlı Bakı şəhəri İcra Hakimiyyətnin Lifttəmir İstehsalat Birliyinə müraciət etsək də, bina Müdafiə Nazirliyinin balansında olduğu üçün onlar müdaxilə edə bilməyəcəklərini bildiriblər. Liftlərin təmiri və ya yenilənməsi müstəsna şəkildə FHN-nin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti Dövlət Agenntliyinin icazəsi ilə ixtisaslaşmış təşkilat tərəfindən həyata keçirilməli olduğu üçün biz sakinlərin sizə müraciət edib kömək istəməkdən savayı yolu qalmayıb.
Hörmətli cənab Nazir, ölkəmiz bu ilin sonunda Bakıda COP29 kimi nəhəng bir beynəlxalq tədbirə ev sahibliyi etməyə hazırlaşır. Belə bir möhtəşəm tədbir ərəfəsində şəhərimizdə intensiv təmir və quruculuq işləri aparılır. İnanırıq ki, siz də bizim binada kiminsə nəzarətsiz qalmış nasaz liftlərin qurbanı olmasını istəməzsiniz! Odur ki, bir daha sizdən bu mühüm problemin həlli üçün kömək istəyirik".
Lakin adları çəkilən nazirliklərdən sakinlərin şikayətinə heç bir reaksiya verilməyib. Bu səbəbdən də onlar Prezidentə müraciət etməli olublar.