Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İranın qaldırdığı “qırmızı bayraq” –İsrailə cavab veriləcək, amma...

Mərkəz rəhbəri: “Əvvəl gördüklərimizdən fərqli intiqam aksiyasının həyata keçiriləcəyinə inanmıram”

Yenixeber.org: İranda yeni seçilmiş Prezident Məsud Pezeşkianın andiçmə mərasiminə gələn Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə Yaxın Şərqdə daha da gərginləşən vəziyyət öz aktuallığını qorumaqdadır. Haniyənin Tehranda qətlində İsraili günahlandıran İran rejimi “qisas” vədi verib. Beynəlxalq medianın məlumatına görə, İranın Ali Dini Rəhbəri Seyid Əli Xamenei İsrailə zərbə endirmək barədə göstəriş verib. Yaxın sutkalar ərzində İranın İsraili raket atəşinə tutacağı qənaətləri güclənir.

Yeri gəlmişkən, İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qarşı qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir. Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, avqustun 4-ü axşam saatlarında İsrailin Baş naziri Benyamin Netanyahu ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib. Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi, Mossad kəşfiyyatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da olub. Nəşrin məlumatına görə, görüş zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əminlik olduqda mümkün ola bilər.

Analitiklər hesab edirlər ki, Haniyənin Tehranda öldürülməsi İranın imicinə zərbə və dövlətin aşağılanması anlamını verir. Ona görə də, İranın cavab zərbəsi endirəcəyi gözləniləndir. Amma o da bildirilir ki, bunun genişmiqyaslı müharibə ilə nəticələnəcəyi şübhə doğurur.

Mövzu ilə bağlı suallarımızı cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ilk dəfə deyil ki, İran rejimini bu cür aşağılayırlar:

- Son 15 ildə İranın bir neçə nüvə alimi İsrail kəşfiyyatı tərəfindən İran ərazisində aradan götürülüb. İsrail kəşfiyyatının belə bir ənənəsi var ki, bu cür əməliyyatları nə təsdiq, nə də təkzib edir. Hamı bilir ki, bu əməliyyatları İsrail kəşfiyyatı həyata keçirir. Məsələ burasındadır ki, İranda real gücə malik İsrail casus şəbəkəsi var. İndi İran intiqam vədi verir. Bu vədlərini biz əvvəl də eşitmişik. Məsələn, İranın əfsanəvi generalı Qasım Süleymani İraq ərazisində nümayişkaranə şəkildə ABŞ tərəfindən öldürüldü. O zaman İran “qırmızı bayraq” qaldırıldı, “intiqam” sözü verildi. Sonra nə baş verdi? İraqdakı ABŞ hərbi bazasına İran tərəfindən bir neçə raket zərbəsi endirildi, amma bir amerikalı əsgərin burnu belə qanamadı. Bir neçə ay öncə isə İsrail hərbi təyyarələri Dəməşqdəki İran diplomatik korpusuna zərbə endirdi, İran generalı öldürüldü. Bundan sonra İran İsrailə yüzlərlə raket atdı, amma İsrailə bunun təsirləri olmadı. Raketlər zərərsizləşdirildi, bir israilli əsgərə belə xəsarət yetirilmədi. Sanki bununla İran imicini qorumaq istəyir.

- Demək istəyirsiniz ki, İranın bu dəfəki cavabı da əvvəlkilərdən fərqlənməyəcək?

- İstisna deyil ki, İran hansısa addımı atacaq. Çünki budəfəki hadisə, yəni Xaniyənin Tehranın mərkəzində qətlə yetirilməsi böyük hadisədir və İranın imicinə ciddi zərbədir. Təsəvvür edin ki, evə qonaq gəlir və o qonaq öldürülür. Özü də hansı gün, İranın yeni Prezidentinin andiçmə mərasimi günü. Bu, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın da mövqelərinə ilk gündən zərbə idi. Əslində Haniyənin məhz İran Prezidentinin andiçmə günü öldürülməsi Pezeşkianla əlaqəlidir. Ona görə ki, Pezeşkian islahatçı qanadın təmsilçisidir və əsas məqsədlərindən biri də odur ki, Qərblə münasibətləri normallaşdırmağa, ABŞ-la nüvə sazişini yenidən imzalamağa çalışacaq. Bu isə İsrailin maraqlarına ziddir. İsrail bunun qarşısını almaq üçün belə bir sui-qəsdi həyata keçirdi, İran-Qərb yaxınlaşmasına əngəl yaratmağa çalışdı.

İranın cavabına gəlincə, ola bilsin yaxınlarda bu cavab veriləcək, amma əvvəlkilərdən fərqli cavab olmayacaq. Yəqin ki, raketlərlə İsraili vurmağa çalışacaqlar, İsrail isə özü və tərəfdaşları vasitəsilə bu raketləri zərərsizləşdirəcək. Eyni zamanda, İran HƏMAS və Hizbullahın vasitəsilə İsrailə qarşı terror aktı törədəcək. Demək olar ki, əvvəl gördüklərimizdən fərqli intiqam aksiyasının həyata keçiriləcəyinə inanmıram. Çünki İranın daha çoxuna gücü də yoxdur.

- Regional müharibə riski nə qədərdir?

- Təbii ki, baş verənlər bölgədə vəziyyəti gərginləşdirib. Amma İran müharibə istəmir, müharibədə maraqlı deyil və müharibə aparmağa gücü də yoxdur. Ona görə də, dediyim kimi, İran əvvəlkilər kimi İsrailə cavab zərbəsi endirəcək. Hansı ki, bu, İsrailə təsir etmir. İranın bundan artığını həyata keçirməyə gücü və qüdrəti yoxdur.

Ümumiyyətlə, İran hər zaman müharibəni proksi qüvvələrinin – Hizbullah, HƏMAS kimi təsiri olan qüvvələr vasitəsilə kənarda aparmağın tərəfdarıdır. İran istəmir ki, müharibə ərazisinə keçsin. Çünki bu müharibənin nəticəsinin İran üçün fəlakətli olacağını Tehrandakılar yaxşı dərk edirlər. Ona görə də, genişmiqyaslı müharibə gözlənilmir. Regional müharibə İranın birbaşa qoşulması ilə baş verər ki, dediyim kimi, İran bunda maraqlı deyil.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam