Ölü doğulmuş “3+3” -Bir-birini qəbul etməyən dövlətlərin təşəbbüsündən konkret nəticələr gözləmək mümkündürmü?
Yenixeber.org: “3+3” formatında növbəti görüş Türkiyədə keçiriləcək. Bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib. O, əlavə edib ki, Ermənistanın Sünik bölgəsinin təhlükəsizliyi “bizim ölkəmizlə (İran İslam Respublikası) birbaşa bağlıdır”.
Sübhani yenidən bəyan edib ki, İran beynəlxalq sərhədlərin dəyişdirilməsinin və regionda istənilən geosiyasi dəyişikliyin əleyhinədir. Onun sözlərinə görə, istənilən qeyri-sabitliyin nəticəsi regionun bütün ölkələrinə təsir edəcək.
“3+3” platforması (hazırkı reallıqda “3+2”) Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, İran və Türkiyə arasında regional əməkdaşlıq formatıdır. Gürcüstan 2023-cü il 15 noyabrda rəsmi olaraq bu platformada iştirakdan imtina edib.
Maraqlıdır ki, kifayət qədər arqument olmasına baxmayaraq, “3+3” ideyasının özü tarixin arxivinə gömülmür. Təkcə Gürcüstanın iştirak etməməsi faktı, bu cür əməkdaşlıq platformasının ilkin konsepsiyasını pozur. Formatın digər iştirakçıları arasında olan çox çətin münasibətləri nəzərə alsaq, onun daha yaxşı vaxtlara qədər təxirə salınması daha məntiqli olardı. Bu “yaxşı vaxtın” nə vaxt gələcəyi isə heç kimə məlum deyil.
Bəs niyə tərəflər inadla “3+3” formatının kifayət qədər həyat qabiliyyətli olduğunu nümayiş etdirməyə çalışır və hətta xarici işlər nazirləri səviyyəsində görüşlər keçirir? Xüsusən də, belə danışıqlardan konkret müsbət nəticə gözləmək mümkün olmadığı hamıya aydındır.
Müstəqil politoloq Xəqani Cəfərli də bizimlə müsahibəsində “3+3” platformasının Cənubi Qafqazın üç respublikası ilə ona bitişik üç böyük dövlət - İran, Rusiya və Türkiyə arasında əməkdaşlıq forması kimi cəlbedici görünməsinə baxmayaraq, mövcud reallıqlara uyğun gəlmədiyini qeyd edib.
“Rusiya Gürcüstan ərazisinin 20 faizini işğal edib və Tbilisini bu işğal faktı ilə barışmağa məcbur etmək istəyir. Belə bir şəraitdə Gürcüstanı Rusiya ilə eyni formatda təsəvvür etmək mümkün deyil. Gürcüstanda Rusiya ilə əməkdaşlığa qərar verən heç bir hökumət hakimiyyətdə qala bilməyəcək. Ona görə də Gürcüstanın Rusiya ilə “3+3” formatında iştirakı mümkün deyil”, - ekspert hesab edir.
Digər tərəfdən, o qeyd edir ki, “3+3” formatında iştirak etməli olan Azərbaycanla Ermənistan, Türkiyə ilə Ermənistan arasında da diplomatik münasibətlər mövcud deyil. “Diplomatik əlaqələri olmayan üç ölkə “3+3” formatında necə əməkdaşlıq edəcək? Bu suala aydın cavab yoxdur.
“Ən pisi odur ki, “3+3” platforması Qərbin Cənubi Qafqazda mövcudluğuna qarşı yönəlmiş təşəbbüs kimi qiymətləndirilir. Amma Gürcüstan və Ermənistan Avroatlantik strukturlara inteqrasiya yolunu seçdikləri üçün anti-Qərb layihələrində təmsilçilik onlar üçün arzuolunmazdır. Nikol Paşinyan hökuməti həm Ermənistanda, həm də Qərbdə “3+3” formatında iştiraka razılıq verdiyinə görə tənqid olunur. Hər kəsə aydındır ki, Ermənistan hakimiyyəti bu formatda iştirak etməyə məcburdur və ilk fürsətdə onu tərk edəcək. Ermənistan Qərbdən siyasi, diplomatik, investisiya və texnoloji dəstək alaraq inkişaf etməyə çalışır. Ona görə də hesab olunur ki, “3+3” platforması Ermənistanın maraqlarına cavab vermir.
İran, Rusiya və Türkiyə ətrafında cərəyan edən prosesləri nəzərə alsaq, “3+3” təşəbbüsü Azərbaycanın da maraqlarına uyğun deyil. Rusiya və İran Qərbin sanksiyaları altındadır. Azərbaycan iqtisadiyyatı Qərbə yönəlib. Rusiya və İranla sıx əməkdaşlıq Azərbaycan iqtisadiyyatı üçün problemlər yarada bilər. Ona görə də, Rusiya, İran və Türkiyə ətrafında cərəyan edən proseslər aydınlaşana qədər “3+3” formatını təxirə salmaq daha yaxşıdır”, - Xəqani Cəfərli deyir.(pressklub)
Rauf Orucov