Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əliyev-Paşinyan görüşü niyə alınmadı? -ŞƏRHLƏR

news content


Ekspertlər Rusiya amilini önə çəkir, ancaq bunun həm də liderlərin razılaşdırılmış mövqeyi ola biləcəyini istisna etmirlər

Yenixeber.org: Son günlərin siyasi gündəmində maraqlı hadisələrdən biri də Londonda Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilməli olan görüşün baş tutmamasıdır. Hər iki tərəf bunun səbəbləri ilə bağlı öz versiyasını səsləndirib. 

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli KİV-ə açıqlamasında bildirdi ki, görüşdən Ermənistan tərəfi imtina edib. Hacıyevin dediyinə görə, görüş Britaniya Baş nazirinin iştirakı ilə başlamalı, sonra isə Azərbaycan və Ermənistan liderləri arasında davam etməli idi. Amma olmadı.

Rəsmi İrəvan isə əksini iddia edib. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Bədəlyan bildirib ki, onların görüş barədə təklifini Azərbaycan tərəfi rədd edib. 

Daban-dabana zidd iki açıqlamada tərəflərin hansı arqumentlərinin olduğu hələ ki, mediaya və geniş ictimaiyyətə bəlli deyil. Əslində, məsələ heç kimin nə dediyində də deyil. Əsas məsələ odur ki, görüşdən imtinanın əsas səbəbi nə ola bilər? Yaranmış situasiya sülh prosesinə hansısa mənfi təsir göstərə bilərmi?

Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli bizimlə söhbətində bildirdi ki, tərəflər bir-birini ittiham edir və belə bir vəziyyətin yaranmasının iki əsas səbəbi var:

“Birincisi, Ermənistanla Azərbaycan arasında etimad mühiti yoxdur. Buna görə də bir hadisə olanda tərəflər məsuliyyəti bir-birinin üzərinə atmağa çalışır. İkinci səbəb isə ondan ibarətdir ki, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin Qərb dövlətlərinin vasitəçiliyi ilə imzalanmasını istəmir. Tərəflər də Moskvanın bu mövqeyini nəzərə almaq məcburiyyətindədirlər”. 

Politoloq deyir ki, Rusiya mane olmasaydı, tərəflər hələ 2022-ci ildə sülh müqaviləsi imzalaya bilərdilər. Ancaq hələlik dayanaqlı sülh üçün bölgədə şərtlərin hamısı mövcud deyil. Ona görə də sülh müqaviləsinin imzalanması da ləngiyir. Bu prosesə mənfi təsir edən digər amil bu ilin noyabrında ABŞ-da prezident seçkilərinin keçirilməsidir. Heç kim siyasi ömrü başa çatdığı ehtimal olunan bir iqtidarın vasitəçiliyi ilə sülh müqaviləsi imzalamaz. Ona görə də çox böyük ehtimalla demək olar ki, sülh müqaviləsinin imzalanması bu il gerçəkləşməyəcək.

“Əliyev və Paşinyan arasındakı görüşün baş tutmamasının səbəbləri, hansı tərəfin bu görüşdən imtina etməsi və ya imtina etməməsi məsələsi çox da vacib deyil. Burada önəmli sual ondan ibarətdir ki, bu gün etibarı ilə tərəflər sülh müqaviləsini imzalamağa yaxındırmı? Bu müqaviləni imzalamağa hazırdırlar, ya yox”.

Bu sözləri isə politoloq Şahin Cəfərli saytımıza açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfinin bu məsələ ilə əlaqədar irəli sürdüyü əsas şərtə nəzər salsaq, görərik ki, sülh müqaviləsinin yaxın aylarda imzalanması ehtimalı demək olar, yoxdur və ya bu ehtimal çox aşağıdır:

“Azərbaycan Ermənistandan konstitusiyada dəyişiklik edilməsini tələb edir. Çünki Ermənistan konstitusiyasının giriş hissəsində bu ölkənin müstəqillik haqqında bəyannaməsinə istinad var. Həmin bəyannamədə isə Azərbaycana qarşı ərazi iddiası öz əksini tapıb. Azərbaycan tələb edir ki, bu istinad Ermənistan konstitusiyasından çıxarılmalıdır. Lakin aydındır ki, konstitusiyada dəyişikliyin edilməsi vaxt aparan bir prosesdir və Ermənistanın da müəyyən səviyyədə demokratik ölkə olduğu nəzərə alınarsa, bu prosedur onlarda daha mürəkkəb ola bilər”. 

Politoloqun fikrincə, əvvəlcə gərək dəyişiklik layihəsi hazırlansın, həmin layihə ictimai və parlament müzakirəsinə çıxarılsın, Paşinyan hökuməti əmin olsun ki, bu dəyişiklik layihəsi referendumda xalq tərəfindən qəbul olunacaq. Bu, texniki olaraq mürəkkəb prosedur olmaqla yanaşı, siyasi baxımdan da riskli məslədir. Çünki bu məsələ gündəmə gətirilərsə, ölkə daxilindəki Rusiyaya qarşı olan müxalifət və Paşinyanın düşmənləri bundan sui-istifadə edəcək, ölkədə yeni etiraz dalğası qaldıracaq, destabilizasiya yaradacaqlar və bu, Paşinyanı çətin vəziyyətdə qoyacaq. Ona görə də ən azından bu mərhələdə Paşinyan konstitusiya dəyişikliyini gündəmə gətirmək istəmir. Paşinyan əslində bunu birmənalı şəkildə rədd etmir. Hətta 2-3 il əvvəldən deyir ki, Ermənistan konstitusiyasında dəyişiklik etmək lazımdır. Amma indiki mərhələdə bu riskli olduğu üçün Paşinyan referendumu gündəmə gətirmək istəmir. 

“Ola bilsin, Azərbaycan sülhün reallaşması üçün öz mövqeyini yumşaltsın və Ermənistandakı konstitusiya məsələsini sülh müqaviləsinin imzalanması üçün əsas şərt kimi qoymasın. Ancaq bu baş verməsə, indiki mərhələdə sülh müqaviləsinin imzalanması real görünmür. Digər tərəfdən, Rusiya faktorunu da göz ardı etməməliyik. Rusiya hələ ki, belə bir sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Bunu qəti şəkildə söyləyə bilərik ki, Rusiya onun təşkil etdiyi danışıqlar müstəvisindən kənarda Azərbaycan və Ermənistan arasında istər qərbin vasitəsi ilə aparılan, istərsə də ikitərəfli danışıqlarda bu müqavilənin imzalanmağını istəmir. Çünki Rusiyanın təşəbbüsündən kənar imzalanacaq sülh müqaviləsi Rusiyanın maraqları baxımdan ciddi risklər və təhlükələr doğura bilər”. 

Ş.Cəfərli qeyd edir ki, Ermənistan Azərbaycan ilə sülh müqaviləsi imzalayarsa, bu müqavilə bir növ Ermənistan üçün qeyri-rəsmi təhlükəsizlik qarantiyası anlamına gələcək. Bu gün sülh müqaviləsinin imzalanmadığı və hərbi əməliyyatların yenidən başlanması ehtimalının olduğu şəraitdə Ermənistan Azərbaycandan və Türkiyədən özünə qarşı bir təhdid hiss edir. Amma müqavilənin imzalanması həm Azərbaycanla münasibətlərin yenidən qurulmasına gətirib çıxaracaq, həm də Türkiyə ilə hərtərəfli münasibətlərin inkişaf etməsinə zəmin yaradacaq. Bu baxımdan, sülh müqaviləsinin imzalanması ona gətirib çıxaracaq ki, Paşinyan hökuməti öz qərbyönümlü siyasətində daha da cəsarətli xətt yeridəcək. Qərb isə Ermənistanda nüfuzunu artırmaq üçün ciddi addımlar atacaq. Yəni Qərb və Türkiyə sərmayəsi Ermənistana gələcək, Ermənistan Türkiyə vasitəsi ilə qərbə çıxış əldə edəcək. Bu da Ermənistanda Rusiyanın mövqelərinin sarsılmasına gətirib çıxaracaq. Rusiya, təbii ki, bunda maraqlı deyil. 

“Digər tərəfdən, Azərbaycan hakimiyyəti Ermənistanın Avrointeqrasiya məsələsində maraqlıdırmı? Qərbin Ermənistanda Rusiyanı sıxışdırmasında maraqlıdırmı? Düşünürəm ki Azərbaycan hakimiyyəti qərbin Ermənistanda, ümumiyyətlə, Cənubi Qafqazda mövqelərinin güclənməsində maraqlı deyil. Biz onu müşahidə edirik ki, rəsmi Bakı Ermənistan ilə qərbin hərbi əlaqələrinin dərinləşməsinə etiraz edir. Rəsmi Bakı Ermənistan-Avropa İttifaqı -ABŞ üçtərəfli zirvəsinə öz kəskin reaksiyasını bildirdi. Ümumilikdə Cənubi Qafqazda qərbin Rusiyanı sıxışdırmasında Rəsmi Bakı maraqlı deyil. Bu məsələdə Azərbaycan və Rusiyanın mövqelərinin paralellik təşkil etdiyini görürük”.

Politoloq deyir ki, Azərbaycan və Rusiya arasında imzalanan müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə ya unudulur, ya da unutdurulur. Halbuki, bu, çox vacib bir sənəddir. Bu gün həmin bəyannamənin işlək sənəd olduğunu müşahidə edirik. Bəyannamənin çox mühüm olan 5-ci maddəsi var. Orada qeyd olunur ki, Azərbaycan və Rusiya Xəzər və Qafqaz regionlarında xarici siyasət sahəsində qarşılıqlı fəaliyyət göstərirlər. Yəni, faktiki olaraq, həmin maddəyə əsasən, Rusiya və Azərbaycan Qafqazda və Xəzər regionunda öz siyasətini əlaqələndirməlidir. Bu da o deməkdir ki, tərəflər bir-birinin maraqları əleyhinə siyasət yeridə bilməz. Bununla bağlı hər iki tərəf üzərinə öhdəlik götürüb. Bu gün real siyasətə nəzər salanda görürük ki, bu və ya digər şəkildə tərəflər öz öhdəliklərinə əməl edirlər. 

“Yəni Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin imzalanması Rusiyanın maraqları baxımından ciddi bir təhlükə təşkil edirsə, Moskva bunu belə qəbul edirsə, onda rəsmi Bakının da Ermənistan ilə bu müqaviləni imzalamaqda həvəsli olmadığını müşahidə edə bilərik. Çünki Cənubi Qafqaz geosiyasətində Rusiya və Azərbaycanın maraqları üst-üst düşür. Sabah, təbii ki, vəziyyət dəyişə bilər. Bilirik ki, Azərbaycan hakimiyyəti çox praqmatik bir siyasət yeridir və geosiyasətin dəyişməsi ilə öz siyasətinə də korrektələr edə bilir. Azərbaycan bu məsələdə çox çevik və dinamik siyasət yeridir” – Şahin Cəfərli qeyd etdi.

Digər müsahibimiz, hərbi-siyasi ekspert Azad İsazadə də hesab edir ki, bu məsələdə Rusiya faktorunu inkar etmək düzgün olmaz:

“Aydındır ki, Rusiya belə görüşün əleyhinə çıxıb. Amma başa düşməliyik ki, belə görüş sammit başlayandan sonra təyin olunmur. Bunların hamısı protokol ilə əvvəlcədən razılaşdırılır. Protokol isə belədir – hansı gün görüşsünlər, saat neçədə görüşsünlər, müddəti nə qədər olmalıdır. Söhbət təkcə İlham Əliyev və Nikol Paşinyanın görüşündən getmir. Azərbaycan Prezidenti digər ölkələrin başçıları ilə də təkbətək görüşüb. Deməli, Azərbaycan bu görüşə razı idi və hazır idi. Paşinyan isə görüşü son dəqiqədə dayandırdı”.

Ekspert deyir ki, Rusiya faktoru inkaredilməz olsa da, güman ki, əsas amillərdən biri Fransanın mövqeyidir. Fransa istəmədi ki, bu danışıq prosesinə İngiltərə müdaxilə etsin və bu prosesə qoşulsun. Avropada böyük ölkələrin arasında olan rəqabət məsələsi də var. Fransa Cənubi Qafqazda olan zəif mövqeyini itirmək istəmir. Əsas məqsəd isə İngiltərədə görüşün keçməməsidir. 

Ekspertlərin, demək olar, yekdil rəyindən belə aydın olur ki, sülh prosesinə mane olan ən ciddi amil Rusiya olaraq qalır. Bölgədə Moskvanın maraqlarının nəzərə alınması ehtiyacı reallıqda başa çatmış münaqişənin nəticələrinin rəsmiləşdirilməsinə mane olur.

İndi başqa bir sual çıxır. Ola bilərmi ki, Rusiyanı qıcıqlandırmamaq üçün bu görüşdən qarşılıqlı, yəni razılaşdırılmış şəkildə imtina edilib? Bakı və İrəvan, tərəflərdən birinin, yaxud hər ikisinin real təhlükəsizlik ehtiyaclarını nəzərə alaraq, qərbin egidası altında nəticə əldə olunmasını qəsdən yubada bilərlərmi?

Xaqani Cəfərli deyir ki, siyasətdə nəyisə istisna etmək doğru yanaşma hesab olunmur: “İlham Əliyev-Nikol Paşinyan görüşündən tərəflərin gizli razılaşmanın nəticəsi olaraq imtinası da mümkündür. Ancaq mən daha çox tərəflərin sülh müqaviləsinin imzalanması üçün əlverişli beynəlxalq vəziyyətin olmaması haqqında ortaq düşüncədə olduğunu nəzərə aldıqlarının qənaətindəyəm”.(pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam