İsveçrədə 15-16 iyun tarixlərində Ukraynaya həsr olunmuş Sülh Forumu keçiriləcək.
Yenixeber.org: Ukrayna Prezidenti Volodimir Zelenski bu foruma bir çox dövlət liderini dəvət edib. Zelenski xüsusi olaraq ABŞ Prezidenti Cozef Baydenin və Çin lideri Si Cinpinin tədbirə qatılmasını istəyir. Zelenski bu iki dövlətin liderinə şəxsən çağırış edib. Ukrayna prezidenti hesab edir ki, ABŞ və Çin liderlərinin tədbirə qatılması sülhü yaxınlaşdıra bilər.
Zelenskinin istəyinə baxmayaraq, ABŞ və Çin liderlərinin tədbirə qatılacağı çətindir. Əlbəttə, ABŞ İsveçrədəki Sülh Forumunda təmsil olunacaq. Ancaq şəxsən Ağ Ev sahibinin tədbirə qatılacağı sual altındadır. Yaşlı Cozef Bayden enerjisini prezident seçkisindəki rəqibi olacaq Donald Trampla mübarizəyə xərcləmək istəyir. Çin lideri Si Cinpin isə Rusiyanın iştirak etmədiyi tədbirə qatılmaq istəmir. “Politico” nəşrinin məlumatına görə, Si Cinpin Çindən İsveçrədəki tədbirə kimsənin qatılmasını da istəmir. Digər tərəfdən Çin rəsmiləri Tayvan ətrafında gərginlik fonunda amerikalı həmkarları ilə eyni masada oturmaq istəmirlər.
CNN-in verdiyi məlumata görə, Pekinin ada ətrafında böyük hərbi təlimlər keçirməsindən bir neçə gün sonra ABŞ senatorları Tayvana səfərləri zamanı ada sakinlərini Çindən qoruyacaqlarını vəd veriblər. Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin rəhbəri Tayvanda açıqlama verərək ABŞ-ın 1979-cu ildə qəbul olunan Tayvanla münasibətlər haqqında qanuna əsasən bu ölkəyə silah-sursat təchizatını davam etdirəcəyini bildirib. O bildirib ki, Tayvan beynəlxalq hüququn digər subyektləri kimi özünümüdafiə hüququna malikdir. Maykl Makkol təlimləri “demokratiyanı cəzalandırmaq üçün hədə-qorxu taktikası” kimi qiymətləndirib. Amerikalı senatorların Tayvana səfəri və orada verdiyi açıqlamalar Çin-ABŞ münasibətlərini daha da gərginləşdirəcək.
İsveçrədəki tədbirə 80-ə yaxın dövlətin təmsilçisi qatılacaq. Tədbirə qatılmayacaq dövlətlər arasında Braziliya və Cənubi Afrika Respublikası da var. Bu iki dövlət Rusiya və Çinin yer aldığı BRİCS təşkilatının üzvüdürlər. Buna baxmayaraq, BRİCS üzvlərindən Hindistan İsveçrdəki Sülh Forumunda iştirak edəcək. Kiyev Cənubi Qafqaz ölkələrinin də Sülh Forumunda iştirakına ümidlidir.
Volodimir Zelenski “Reuters” agentliyinə verdiyi müsahibədə Sülh Forumunda əsas 3 mövzuya diqqət yetiriləcəyini bildirib. Bu nüvə təhlükəsizliyi, Qara dənizdə gəmilərin sərbəst hərəkət etmələri və müharibə dövründə oğurlanan ukraynalı uşaqların geri qaytarılmasıdır. Hər 3 mövzunun Rusiyaya dəxli var. Çünki Ruiya Ukraynada atom elektrik stansiyalarını təhlükə altında saxlayır, Qara dənizdə gəmilərin üzmələrinə müxtəlif əngəllər yaradır və işğal etdiyi ərazilərdə ukraynalı uşaqları Rusiyaya köçürür. İsveçrədəki forumda Rusiyanın işğala son verməsi vacibliyi barədə müzakirələr aparılmayacaq. Çünki bu halda bir sıra dövlət tədbirə qatılmayacaqdı. Kiyev müzakirə etmək istədiyi 9 mövzudan ancaq 3-nün müzakirəsini lazım bilib ki, iştirakçı sayı çox olsun. Zelenski ümid edir ki, Sülh Forumu Rusiyaya təzyiqin artırılmasına şərait yaradacaq.
“Atlas” Araşdırmalar Mərkəzi