Erməni bayrağı:dünən Rusiya ilə, bu gün qərblə…
Şəfiyev: “Ermənistan Azərbaycanda vəziyyətin ağırlaşacağı zamanı gözləyir”
Yenixeber.org: "Ermənistan Qarabağ uğrunda döyüşmək fikirində deyil"- bunu baş nazir Nikol Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində deyib.
“Demək istəyirəm ki, Ermənistan Qarabağ uğrunda döyüşmək fikrində deyil. Bizim beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənar ambisiyalarımız yoxdur və demarkasiya prosesi zamanı Ermənistanın ərazi bütövlüyünün bərpa olunacağına ümid edirik”.
Paşinyan bildirib ki, hazırda dərin inamsızlıq hökm sürməsinə baxmayaraq, artıq əldə edilmiş razılaşmaların Ermənistan və Azərbaycanda sülhə inamı artıracağına ümid edir.
Silah alışına gəlincə, Paşinyan bildirib ki, İrəvan sırf müdafiə silahları alır və ölkənin müdafiə xərcləri Azərbaycanın müdafiə xərclərindən xeyli azdır.
“Biz yalnız müdafiə silahları alırıq. Eyni zamanda, bizim müdafiə xərclərimiz Azərbaycanın xərclədiyi məbləğin cəmi 15-20 faizini təşkil edir. Biz Azərbaycana təklif etdik ki, silahlanmaya nəzarət tətbiq edilsin, hər iki tərəf eyni anda sərhəd bölgəsindən qoşunları çıxarsın və bir-birinə hücum etməmək barədə pakt imzalansın. Bizim təkliflərimiz qüvvədə qalır və münasibətlərimizin əsasında Alma-Ata Bəyannaməsinin durmasını nəzərə alsaq, vəziyyəti sabitləşdirə bilərik”.
Baş nazir onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) etibar etmək olmaz.
“Əgər biz etibar etmək mümkün olmayan təşkilata güvəniriksə, o zaman nəinki biz, başqaları da ona arxayın ola bilməz. Erməni cəmiyyəti bizdən soruşur ki, niyə KTMT-nin üzvü olaraq qalmaqda davam edirik. Düzünü desəm, bu suala cavabım yoxdur”, - Paşinyan bildirib.
Ümumilikdə götürdükdə, kifayət qədər açıq, başa düşülən və məntiqli bəyanat kimi səslənir. Bəs Azərbaycan rəhbərliyinin Ermənistan hakimiyyətinə inamsızlığı hansı səbəbdən davam edir? Bəlkə rəsmi Bakı İrəvanın bəyanatlarına son aylardakı addımlarına görə (söhbət Fransa, Hindistan, İrandan silah alınmasından gedir) inanmır?
Nikol Paşinyan Britaniya mediasına müsahibəsi zamanı verdiyi açıqlamalarda nə dərəcədə səmimidir? Axı Bakının ona inanmamaq üçün aydın səbəbləri olmalıdır. Əks halda, iş o yerə çatıb ki, müxtəlif ölkələrin ekspert birliyinin bəzi nümayəndələri Bakının Kremlin siyasətinə uyğun olaraq qəsdən Paşinyan hakimiyyətini devirməyə yönəlmiş xətt yürütdüyünü iddia edirlər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri, diplomat Fərid Şəfiyev bununla bağlı fikirlərini bizimlə bölüşüb.
Artıq bir müddətdir, Ermənistan mediası və hökumətinin ötürməsi ilə Qərb mətbuatında belə bir xəbər yayılır ki, guya Rusiya və Azərbaycan inanılmaz dərəcədə demokratiyası olan Ermənistana qarşı birləşib və s. Ancaq bu tezisdə bir çox boşluqlar və açıq-aşkar yalanlar var. Ondan başlayaq ki, 30 il ərzində Rusiyanın Qafqazda ən mühüm dayağı Ermənistan olub. Hətta Paşinyanın dövründə - 2018-ci ildən 2020-ci ilə qədər Rusiyanın Ermənistandakı hərbi mövcudluğu heç bir formada şübhə altına alınmayıb. Paşinyan Qərblə siyasi baxımdan yaxınlaşmaq və iqtisadi layihələr həyata keçirmək istəyirdi. Lakin Azərbaycan ərazilərinin işğalının davam etdirilməsini Rusiya qoşunlarının dəstəyi ilə təmin etmək fikrindəydi- ekspert deyir.
Şəfiyev qeyd edir ki, indi yeni nağıl uydurulur.
“Azərbaycan Prezidenti bu günlərdə ADA universiteti ilə bizim mərkəzimizin birgə təşkil etdiyi konfransda çıxış etdi və bütün bunlardan danışdı. Paşinyan indi Qərbə üz tutur və bu, Rusiyanın bundan sonra da Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə dəstək verəcəyinə olan ümidlərin doğrulmamasının nəticəsidir.
İkincisi, Azərbaycanın Ermənistanın xarici siyasəti ilə bağlı heç bir planı yoxdur. Qərbə üz tutmaq istəyirsə, özü bilər. Amma biz görürük ki, Ermənistan Azərbaycana təzyiq aləti kimi, ərazilərimizi işğal altında saxlamaq üçün vaxtilə KTMT, Rusiya, Avrasiya İqtisadi İttifaqından istifadə edib. İndi də eyni şəkildə Aİ və ABŞ-dan istifadə etməyə çalışır.
Biz sülh gündəliyi təklif etmişik və sülh istəyirik”, - diplomat deyir.
Ekspert heyrətlənir ki, xüsusilə Qərb mətbuatında qabarıq görünən üçüncü məqam var. Sanki 30 illik işğalın olmadığı təəssüratı yaranır və onlar birdən-birə Azərbaycanı Ermənistana təzyiq göstərməkdə ittiham etməyə başlayırlar. “Bəli, biz əldə etdiyimiz hər şeyə yalnız güc və təzyiqlə nail ola bildik. Ancaq ona görə ki, Ermənistan torpaqlarımızı tərk etmək fikrində deyildi. İndi bizə İrəvandan sülhə dair aydın öhdəliklər lazımdır – sözdə deyil, əməldə.
Paşinyanın alınan silahların həcmi ilə bağlı dediklərinə gəlincə, prezident Əliyev bu məsələyə də toxunub. Bəli, bu gün bu silahlar o qədər də təhlükəli olmaya bilər. Baxmayaraq ki, bəzi sistemlər və raketlər, xüsusən də Hindistandan gələnlər narahatlıq doğurur. Məsələ ondadır ki, müharibəyə başlamaq üçün tam paritetə nail olmaq lazım deyil. Ermənistan Azərbaycanda vəziyyətin daha da ağırlaşacağı müəyyən anı gözləmək niyyətindədirlər və orada bəziləri bu barədə açıq danışırlar. Onlardan bəziləri mənim özümə də deyirdilər ki, neftiniz qurtaracaq və s. Buna görə də, 30 illik işğalı yaşayan ölkə dünənki təcavüzkarın guya ki, özünümüdafiə məqsədilə yenidən silahlanmasına sakit baxa bilməz”, - deyə Şəfiyev yekunlaşdırıb.(Pressklub)
Rauf Orucov