Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan strateji uğura necə nail oldu? -Rusiya qarşıdurmaya getmədi, Qərbin yanaşması isə fərqli xətlərin olduğunu göstərir...

Yenixeber.org: Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması sentyabrda başa çatacaq. Dünən xeyli sayda zirehli texnika, hərbçi avtomobillər və dəmiryolu vasitəsi ilə ölkəmizi tərk etdi. Qalan hissənin də qrafik üzrə yola düşəcəyi, Qarabağda yaradılan infrastrukturun söküləcəyi yaxın həftələrin, bir neçə ayın işidir. 

Əsas məsələ budur: Bakı və Moskva sülhməramlı missiyanın başa çatdığını elan ediblər, bu barədə liderlər səviyyəsində ortaq qərar qəbul edilib.

Bu gün Türkiyə Milli Müdafiə Nazirliyi də Ağdamda fəaliyyət göstərən Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılacağını açıqlayıb. 

Hamını maraqlandıran suala isə rəsmi cavab hələ verilməyib: Rusiya niyə Qarabağdan vaxtından əvvəl getməyə qərar verdi? Axı, Azərbaycan üçtərəfli razılaşmaya uyğun olaraq 2025-ci ilə qədər onların Qarabağda qalmasına razılıq vermişdi. Bu, təcrübədə dəfələrlə təsdiqlənmiş “Rusiya ordusu daxil olduğu yerdən çıxmır” fikrinə də uyğun gəlmir. Hazırda Moskva Ermənistanda, Gürcüstanda, Ukraynada, Moldovada hərbi-siyasi mövcudluğu uğurunda mübarizə aparırsa, bəs Azərbaycan ərazisindən niyə könüllü gedir?

Suallara cavab axtarmaq üçün real siyasi şəraiti dəyərləndirməyə ehtiyac var. 

Birincisi, Rusiya rəsmilərinin də etiraf etdiyi kimi, sülhməramlıların Qarabağda qalmasına ehtiyac qalmayıb. Çünki erməni əhali kütləvi şəkildə gedib, onların hazırkı şərtlər daxilində geri dönüşü mümkün deyil.

İkincisi, Qərb ölkələri də ermənilərin qayıtmasını ağlabatan saymır. Ona görə də, köçənlərin Ermənistan cəmiyyətinə inteqrasiyasını təşviq edir. Bu barədə aprelin 5-də Brüsseldə keçirilən görüşdə ABŞ və Avropa İttifaqının rəsmiləri bəyanat verdilər və vəsait ayırdılar. Nəticədə, Rusiya Qarabağdakı sülhməramlı missiyasının davamlılığına ümidini itirdi. Ümumiyyətlə, erməni məsələsində Qərb-Rusiya müttəfiqliyi Moskvanın gözlədiyi şəkildə alınmadı. 

Üçüncüsü, Azərbaycan Rusiyanın hərbi missiyanın ölkə ərazisində qalması ilə bağlı təkliflərini qəbul etmədi. Son aylarda Kremlin bu istiqamətdə çoxsaylı cəhdləri səmərəsiz qaldı, Bakı müzakirə açmaqdan yayındı və razılaşmanın müddətinin 2025-ci ildə bitəcəyini bildirdi. Rusiya rəhbərliyi bu mərhələdə Azərbaycanla qarşıdurmaya getmək, iradəsini zorla qəbul etdirməyə çalışmadı. Buna həm tam həcmdə imkanları yoxdur, əksinə, Ukrayna müharibəsindən dolayı Azərbaycana ehtiyacları artıb. Həm də Bakı ilə münasibətləri korlayıb həssas olan Cənub sərhədlərində əlavə gərginlik yaratmaqdan çəkindi. Burada Türkiyənin mövqeyinin Moskva tərəfindən nəzərə alınmasını da qeyd etmək yerinə düşər. Ötən il Prezident Ərdoğan Naxçıvanda (çox güman Bakının istəyi ilə) bəyan etmişdi ki, Rusiya sülhməramlıları vaxtı çatanda Azərbaycanı tərk etməlidirlər.

Nəhayət, iki ölkənin rəhbərliyi arasında qarşılıqlı etimad mühitinin yüksək olması da təsiredici faktorlardan biridir. Azərbaycan proqnozlaşdırılan siyasət yürüdür, Rusiyanı narahat edəcək addımlar atmır, ikitərəfli əməkdaşlıq, mehriban qonşuluq prinsiplərinə əməl edir. Moskvanın bunu nəzərə almayaraq, mənasız səbəblərlə Qarabağda bir neçə yüz hərbçini saxlamaqla Cənubi Qafqazdan keçən beynəlxalq tranzit marşrutlarına nəzarət edən ölkə ilə münasibətləri korlaması ağılsızlıq olardı. Əksinə, Rusiya jest edir və bununla həm də müstəqilliyin ilk illərindən Azərbaycan cəmiyyətində formalaşmış anti-Rusiya əhval-ruhiyyəsini yumşaltmağa çalışır. Kreml müttəfiq Ermənistanda cəmiyyətin Qərbyönlü qüvvələri müdafiə etməsinin onlara nəyə başa gəldiyini hamıdan yaxşı bilir. Bu baxımdan, daha əhəmiyyətli, daha böyük imkanlara malik, NATÖ üzvü Türkiyə ilə strateji müttəfiqliyi olan sərhəd qonşusu ilə yaxşı münasibətlərin qədrini bilmək, onları inkişaf etdirmək daha vacibdir.

Rusiyanın Azərbaycanda hərbi mövcudluğuna son qoyması gözlənildiyinin əksinə, Qərbin müsbət reaksiyasına səbəb olmadı. İki gün əvvəl Fransa Azərbaycandakı səfirini geri çağırdı və bununla diplomatik, siyasi münasibətləri daha aşağı səviyyəyə keçirdi. Çox güman, fransızlar Azərbaycanla-Rusiya arasında hərbçilərin çıxarılması ilə bağlı razılaşmadan xəbərdar olublar. Parisin demarşının əsas səbəbinin münasibətlərdə erməni məsələsinə görə artan gərginliklə bərabər, məhz bu hadisənin olması şübhə doğurmur.   

Birləşmiş Ştatlar da Rusiyanın Qarabağdan gedişini alqışlamır. ABŞ Dövlət Departamentinin sözçüsünün birinci müavini Vedant Patel bu gün bildirib: "Açığı, biz Rusiya ordusunun daha dinc və stabil Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görməmişik. Ötən ilin payızında Dağlıq Qarabağda baş verənlər bu baxımdan Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir bariz nümunəsidir".

Yəni ABŞ məsələni Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin zəifləməsi istiqamətdə addım kimi qəbul etmir. Ona Qarabağdakı erməni əhalinin problemi kontekstindən yanaşır və bu da Vaşinqtonun regionla bağlı siyasətində ayrıcı xətlərin olduğunu göstərir. 

5-6 rus hərbçisinin İrəvan hava limanından çıxarılması üçün Ermənistana nəhəng siyasi, maddi, hərbi dəstək verən Qərbin Azərbaycanın “pulsuz-parasız, dəstəksiz” əldə etdiyi uğura biganə mövqeyi düşündürücüdür. Bu yanaşma Azərbaycanın öz ərazilərində işğala (faktiki rus işğalına- müəllif.) son qoyan, ərazi bütövlüyünü, suverenliyini təmin edən, nəhayət ərazisindən Rusiya ordusunu çıxarmağa nail olan yeganə postsovet ölkəsi olması reallığını dəyişmir. Qərb uzun illərdir buna nail olmaq üçün Ukraynada, Gürcüstanda, Moldovada və Ermənistanda milyardlarla dollar xərcləyir. Bu da yeni nümunədir: Qərbə arxalanıb Rusiya ilə düşmən olmadan da öz strateji hədəflərinə çatmaq mümkündür. Digər ölkələrə də Azərbaycan təcrübəsini öyrənmək lazım gələcək...(Pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam