Qərb Rusiyadan asılı, Azərbaycanla müharibədən ağır yaralarla çıxmış, coğrafi baxımdan dalanda olan Ermənistanı necə anti-Rusiya mövqeyinə sövq edə bilər? Regionda qüvvələr nisbəti, Ermənistanın daxili durumu Vaşinqtona və Brüsselə aydın deyil? Geosiyasi müharibənin qızğın dövründə Rusiyanın hərbi-siyasi orbitindən ayrılıb, onun düşmənlərinə doğru istiqamət götürmək Ermənistanın dövlət kimi məhvinə səbəb olmazmı?
Yenixeber.org: Aylar əvvəl bu suallar Ermənistanda və onunla məşğul olan maraqlı tərəflərdə aktual idi. Bu gün də geniş müzakirə olunur, amma hadisələrin gedişi göstərir ki, Qərb bu balaca, yarımcan ölkəni Rusiyanın qarşısında tək qoyub əzdirmək niyyətində deyil. Əksinə, Ermənistanın ənənəvi müttəfiqinə qarşı açıq dirənişi Rusiya liderlərinin xarizmasını korlayır və onun beynəlxalq aləmdə etibarını itirməsinə xidmət edir. Qərb Rusiyanın ən çox “məskunlaşdığı” Ermənistanda onun dayaqlarını qoparıb, bütövlükdə Cənubi Qafqazdan çıxarmağa çalışır. Vaxtı ilə Gürcüstan bu rola uğurlu namizəd olsa da, Rusiya 2008-ci ildə onun bir hissəsini işğal edib, daha sonra (2012-i ildə) özünə yaxın qüvvələrin iqtidara gəlməsinə şərait yaradaraq, burada Qərbə qalib gəldi.
Azərbaycanın Qərbə inteqrasiya planları olmadığına görə, onun üzərindən hansısa planların həyata keçirilməsi mümkün deyil. Mümkün olsaydı, ən böyük və güclü ölkə kimi onun mövqeyi kifayət edirdi ki, geosiyasi xəritədə Cənubi Qafqazın yeri dəyişsin.
Ukraynaya qarşı müharibədə uğursuzluq Qərbi və Ermənistanın ona bağlı hakimiyyətini ümidləndirib, ki, indiki əlverişli geosiyasi vəziyyət ələdüşməzdir, fürsətkən Rusiyanı ölkədən çıxarmaq, Türkiyə ilə sərhədləri açmaq, Avropa İttifaqına inteqrasiya planını işə salmaq lazımdır. Bu strategiyanın həyata keçirilməsi üçün İrəvana birbaşa hərbi-siyasi, iqtisadi dəstək vacibdir. O cümlədən, erməni siyasi elitasının liderlərini Rusiyanın açıq-gizli hücumlarından qorumaq ən mühüm məsələdir. Beləliklə:
Baş nazir Nikol Paşinyan və onun komandasının aparıcı üzləri Qərb xüsusi xidmət orqanları tərəfindən ciddi şəkildə qorunur və bu, sirr deyil;
Ermənistan xüsusi xidmət orqanları Qərb xəfiyyəsi ilə birgə dövlətin bütün strukturlarına ciddi nəzarət edir. Polis və MTX, ordu, eləcə də dövlət qulluqçuları xarici agentlərdən təmizlənir və proses geniş miqyasda davam edir. Hazırda hakimiyyətin əsas dayağı güc strukturları hesab olunur;
İqtisadi planda Avropa İttifaqı Ermənistan üçün nəzərdə tutulan 2.6 milyard avroluq iqtisadi yardımın 550 milyonunu artıq köçürüb, eyni zamanda Ermənistanın dövlət qurumları Qərb fondlarından iri qrantlar alır. Ermənistan iqtisadiyyatının modernləşdirilməsi üçün layihələr həyata keçirilir;
Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi, müasir silahlarla təmin olunması əsas məsələlərdən biridir. Fransa artıq bu ölkəni HHM vasitələri və radarlarla, PUA-larla, zirehli texnika ilə təmin edir. Ötən ilin dekabrında imzalanmış hərbi-texniki əməkdaşlıq müqaviləsinə əsasən Fransa Ermənistan ordusunun təlim, təhsil, silahlanma məsələlərinə yardımlar edəcək;
Ölkənin əsas silah təchizatçılarından biri Hindistandır. İndiyə qədər bu ölkədən artilleriya vasitələri, zirehli texnika alınıb. Hindistan mediası yazır ki, bu ölkə Ermənistana strateji əhəmiyyət kəsb edən ixrac məhsullarını gətirmək üçün hava dəhlizi yaradır. HAL və CONCORD şirkətləri bu məqsədlə HALCON birgə işçi qrupu təsis ediblər. Qeyd olunur ki, yeni təsisat Hindistan və Ermənistan arasında logistika fəaliyyətini yaxşılaşdıracaq. Şübhəsiz, Hindistan bu dəhlizi İranla birgə yaradıb və əsasən Ermənistana silah-sursat daşımaq üçün nəzərdə tutulub. İran da 44 günlük müharibədən sonra Ermənistanın sarsıdılmış müdafiə qabiliyyətinin bərpa olunmasında iştirak edir.
Ermənistan qısa müddətdə Rusiya ilə birgə üzv olduğu hərbi ittifaqdan – KTMT-dən imtina edib, Rusiya sərhədçilərinin İrəvan beynəlxalq hava limanından çıxarılmasını tələb edib. Eyni zamanda Avropa İttifaqına üzvlük prioritetini açıqlayıb. Rusiya, bu addımlara cavab olaraq, İrəvanı Ukraynanın aqibəti ilə hədələyib. Qərbdə bu təhlükəni bilirlər və Ermənistanı “ayının pəncəsindən” qurtarmaq üçün daha miqyaslı dəstək üçün diplomatik iş aparırlar.
ABŞ-ın Avropadakı birinci dərəcəli müttəfiqi Böyük Britaniya da hərəkətə keçdi və Ermənistan hakimiyyətinin anti-Rusiya qərarlarını müdafiə etdi. Britaniya Silahlı Qüvvələrinin naziri Ceyms Hippi bəyan edib ki, rəsmi London Ermənistanın KTMT üzvlüyünü dondurmaq qərarını bu ölkənin suveren hüququ kimi qəbul edir və Rusiyanın cavab təhdidləri olacağı təqdirdə, Avro-Atlantik müttəfiqləri ilə birlikdə İrəvana dəstək göstərəcək. O, Ermənistanın Rusiyanın Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirmədiyini bəyan edib.
“Biz daha sıx əməkdaşlıq imkanlarını müəyyən etmək üçün Ermənistanla sıx işləməyə davam edəcəyik”, – Ceyms Hippi bildirib.
Beləliklə, Avropa İttifaqı və Fransa ilə yanaşı, Britaniya da Ermənistanın Rusiyadan qoparılması layihəsinə ciddi dəstək vəd edir. Amma Qərb, xüsusən ABŞ üçün bu da Rusiya təhlükəsi qarşısında Ermənistanı qorumaq üçün kifayət deyil. Çünki İrəvanın əsas gəlir mənbəyi Rusiya və onun satelliti olan Avrasiya İqtisadi İttifaqıdır (Aİİ). Kreml bildirir ki, Ermənistan KTMT-dən çıxırsa, digər birliklərdə də qala bilməz, yəni Aİİ-dəki fəaliyyətinə də son verməlidir. İrəvan üçün bu, çox ciddi problemlər yarada bilər. Nəzərə alsaq ki, ölkənin qaz, elektrik mənbəyi də Rusiyanın monopoliyasındadır, o zaman Ermənistana yaxın qonşuluqdakı yeni tərəfdaşlar xilas edə bilər. Təbii ki, Azərbaycan bu sırada deyil, amma ABŞ-ın ənənəvi müttəfiqi Türkiyənin çox böyük potensialı və regionda Rusiya ilə toqquşan maraqları var. Bu istiqamətdə Ankara və Vaşinqton arasında aylardır ki, müzakirələr davam edir. Dünən ABŞ paytaxtında xarici işlər naziri Hakan Fidanla dövlət katibi Entoni Blinken arasında ikigünlük müzakirələr başa çatdı. ABŞ-Türkiyə Strateji Mexanizminin iclasının yekunlarına dair bəyanatda bildirilir:
“ABŞ və Türkiyə Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunması üçün birgə səy göstərəcəklər. Dövlət katibi Blinken və dövlət katibi Fidan Azərbaycan və Ermənistan arasında balanslaşdırılmış və davamlı sülh sazişinin əldə edilməsi üçün birgə işləmək öhdəliyi götürüblər. Onlar bəyan ediblər ki, bu saziş regional sabitliyə, əməkdaşlığa və rifahın əldə olunmasına yardım edəcək”.
Belə məlum olur ki, Vaşinqton və Ankara Cənubi Qafqazdakı proseslərlə bağlı vahid mövqe formalaşdırıblar. Tərəflər tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını və kommunikasiyaların, o cümlədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasını, iqtisadi əlaqələrin bərpasını istəyir. Bu addımlar Ermənistanı Rusiyanın sanksiyalarından xilas edə və onun regionu tədricən tərk etməsini şərtləndirə bilər.
Politoloq Fərhad Məmmədov deyir ki, Türkiyə ilə qarşılıqlı əlaqələri gücləndirmək Birləşmiş Ştatlar üçün doğru addımdır, lakin ABŞ-ın “balanslı” ifadəsinə qoyduğu mənaya nəzər salmağa dəyər:
“ABŞ-ın balanslaşdırılmış sülh müqaviləsi konsepsiyası hansı mənanı ehtiva edir? Maraqlıdır ki, Blinkenin fəal iştirak etdiyi İsrailin Qəzzadakı hərbi əməliyyatı ilə bağlı prosesdə ABŞ balanslı yanaşma nümayiş etdirir. Ermənistan təkbaşına heç nə etməyibsə, mövcud reallıq Azərbaycanın ədalətli güc tətbiqi nəticəsində formalaşıbsa, hansı tarazlıqdan söhbət gedir?!”
Politoloq xatırladır ki, uzun sükutdan sonra ABŞ Türkiyə ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi mövzusunu müzakirə edir: “Əsas odur ki, Azərbaycan Prezidentinin dediyi kimi, regiondakı reallığı qəbul etsinlər. Reallıq da budur ki, Ermənistan Azərbaycanın ədalətli şərtlərini qəbul etməlidir. Təəssüf ki, son bir neçə ildə ABŞ-ın yanaşmalarının prosesə ancaq zərər verdiyinin şahidi olduq. Yalnız ümid edə bilərik ki, indi Vaşinqton, əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasından əvvəl Ermənistan-Türkiyə sərhədini açmaq kimi axmaq məqsədlər qoymayacaq”.
Turqut, (Pressklub)