İdrak Camalbəyli: “Ukraynada Qərbdən ordu göndəriləcəyinə inanmırlar, amma...”
Yenixeber.org: Ukraynada yaşayan, beynəlxalq media orqanları ilə əməkdaşlıq edən, qanlı döyüş meydanlarından reportajlar hazırlayan tanınmış azərbaycanlı jurnalist İdrak Camalbəyli bizimlə müsahibəsində Ukraynadakı son döyüş əməliyyatlarından danışıb. Beləliklə:
- Hazırda döyüş zonalarında vəziyyət nə yerdədir?
- Hazırda Donbasdayam. Ukrayna ordusu bütün gücü ilə müqavimət göstərir. Olduğum istiqamətdə tərəflərdən hər hansı birinin üstünlüyünü müşahidə etmirəm. Ukrayna ordusunda yüksək əhval-ruhiyyə var. Yüksək rütbəli hərbçilər mərmi çatışmazlığından şikayətlənirlər. Amma döyüşlərdə bu problem hiss olunmur.
- Son zamanlar Qərb ölkələrində Ukraynanın müdafiəsinə ordu göndərilməsi məsələsi müzakirə olunur. Bu xəbərlər ictimaiyyət arasında necə qarşılanır və Qərbdən ordu gəlməsi realdırmı?
- Qərbdən ordu göndərilməsinə Ukraynada heç kim inanmır. Təlimatçılar göndərilə bilər. Amma ruslarla döyüşməyə ordunun göndəriləcəyi real deyil. Hələlik buna ehtiyac da yoxdur. Ukrayna ordusunda kifayət qədər hərbçi var. Ukraynalılar hesab edirlər ki, Qərb lazımi köməklikləri etsə, ordu zəbt olunmuş əraziləri də azad edə bilər. Əsasən, müasir aviasiya vasitələri və uzaq mənzilli raketlərə ciddi ehtiyac var.
- Deyirsiniz ki, Ukrayna ordusunda kifayət qədər hərbçi var. Amma Prezident Zelenski orduya çağırılmaq üçün canlı qüvvə çatışmazlığından narahatlığını ifadə etdi...
- Səfərbərliklə bağlı müəyyən problemlər var. Bu, əsasən Ukraynanı tərk edən cavanlarla bağlıdır. Kiyev çalışır ki, Avropaya gedən kişiləri geri qaytarsın. Bununla belə, hələlik döyüşlərdə bu amil müşahidə olunmur. Rusiyanın bir az üstünlük qazanması səbəbi də mərmi çatışmazlığıdır.
- Ümimiyyətlə, son vaxtlar Ukrayna ilə bağlı pessimist xəbərlər yayılır. Xüsusilə, Avdeyevkanın itirilməsindən sonra bu cür məlumatlar intensivləşib. Niyə? Cəmiyyətlə bu yöndə ruh düşkünlüyü hiss olunurmu?
- Rusiyanın Avdeyevkanı zəbt etməsindən sonra genişmiqyaslı hücuma keçəcəyi gözlənilirdi. Amma Ukrayna ordusu bunun qarşısını ala bildi. Rusiya ordusu yüz metr də irəliləyirsə, bu, çox böyük itkilərin hesabına baş verir. Hər bir metr uğrunda şiddətli döyüş gedir. Ehtimalım odur ki, Ukraynanın böyük itkilər verdirməklə geri çəkilməsi bir taktikadır. Bu baxımdan yaxın aylarda üstünlüyün Ukrayna tərəfinə keçəcəyi gözlənilir.
Ukrayna ilə bağlı pessimist proqnozların hansı məqsədlə verilməsinin səbəbini bilmirəm. Çünki Ukraynanın hələlik kifayət müdafiə və hücum potensialı var. Bundan əlavə, əhali artıq müharibəyə öyrəşib və əksəriyyət Rusiya ordusunun Ukraynada məğlub ola biləcəyinə inanır. Ola bilsin ki, Rusiya kəşfiyyatı da bu tip xəbərlər yaydırmaqla Ukraynada ruh düşkünlüyü yaratmaq istəyir. Amma vəziyyət iki il əvvəllə müqayisədə çox dəyişib. Rusiya bu yolda məqsədinə çata bilməyəcək.
- Bu ayın ortalarında Rusiyada prezident seçkiləri keçiriləcək. Təhlükəli gözləntilər var ki, rus ordusunun qarşısında seçkilərədək Ukraynadan maksimum dərəcədə torpaq qoparmaq vəzifəsi qoyulub. Yəni, bununla Putin özünə seçki hədiyyəsi etmək istəyir. Ukrayna bunun qarşısında dayana biləcəkmi və hazırda rusların belə şiddətli hücumları müşahidə olunurmu?
- Təhlükəli gözləntilər həmişə var. Bu baxımdan, mart ayında Rusiyanın daha genişmiqyaslı hücuma keçəcəyini gözləmək olar. Ukrayna ordusunun da buna uyğun hazırlaşdığı istisna deyil. İnanmıram ki, Rusiya yaxın həftələrdə cəbhədə ciddi uğur əldə edə bilsin. Demək olar, hər iki tərəfin gücü eynidir. Rusiyanın aviasiya üstünlüyü olmasına baxmayaraq, Ukrayna ordusu bunu döyüşlərdə hiss elətdirmir. Düşünürəm ki, Ukrayna bu dalğanın da qarşısında dayana biləcək.(AYNA)