Deputat: “Rusiya Ermənistanın KTMT-nin işini iflic etməsi ilə barışmayacaq və mütləq cəzaya əl atacaq”
Yenixeber.org: Rusiya sərhədçiləri İrəvanın Zvartnots beynəlxalq hava limanından çıxarılacaq. Ermənistanın “Factor.am” saytı bu barədə yüksək rütbəli Ermənistan rəsmisinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək. Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, əmin edib ki, siyasi qərar artıq verilib. Maraqlıdır ki, Rusiya sərhədçilərinin Zvartnots hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Saytın məlumatına görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandirləri ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir. “Factor.am” Milli Təhlükəsizlik Xidmətindən rus sərhədçilərinin hava limanından çıxarılıb-çıxarılmadığını soruşduqda, kəşfiyyat onların heç bir məlumatı olmadığını bildirib.
Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyanın patronajlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dondurduğunu açıqlayıb. Paşinyan “France 24” telekanalına müsahibəsində bu addımın Moskvanın bir neçə ay əvvəl Ermənistan vətəndaşlarını açıq şəkildə onun hökumətini devirməyə çağırmağa başlamasından sonra atıldığını və ona qarşı təbliğat selinin "heç vaxt dayanmadığı" deyib.
Xatırladaq ki, Paşinyan hökuməti uzun müddətdir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını Ermənistanın üzləşdiyi "təhlükəsizliklə bağlı çətinliklərinə cavab vermədiyinə" görə tənqid edir.
Paşinyanın KTMT ilə bağlı sözlərinə Rusiyadan cavab verilib. Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, İrəvandan KTMT-də Ermənistanın fəaliyyətini dondurması barədə rəsmi müraciət almayıb. Peskovun Ermənistana xəbərdarlıq xarakterli cavabı onu göstərir ki, Rusiya-Ermənistan arasında gərginlik pikə doğru gedir.
Mövzu ilə bağlı suallarımızı cavablandıran Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib ki, Ermənistan aeroportdan sərhədçiləri çıxaracaq:
- Bu, qaçınılmazdır. Rus sərhədçilər bu vaxtadək niyə Zvarnostdadır, buna İrəvan niyə imkan vermişdi, açığı anlaşılmazdır. Bəli, Rusiya sərhədçiləri Ermənistanın sərhədlərini qoruyublar, bu gün də qoruyurlar. Tacikistan sərhədlərini də Rusiya sərhədçiləri qoruyur. Bu ölkələr arasında müqavilələr var. Amma Düşənbədə aeroportda rus sərhədçiləri dayanmamışdılar, özlərinin sərhədçiləri mühafizə edirlər. Yaxud da, Belarusla Rusiya az qala birgə dövlət modelindədir. Amma Belarusun Polşa ilə sərhədini öz sərhədçiləri qoruyurlar və Minsk hava limanında rus sərhədçisi yoxdur. İrəvanda aeroportda rus hərbçilərinin mühafizəni təşkil etməsi tamamilə məntiqsizdir.
- Növbəti mərhələdə Ermənistan ümumiyyətlə, ölkədə olan Rusiya sərhədçilərini çıxara bilərmi?
- İndiki halda gözlənilən deyil. Amma gələcəkdə, Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırdıqdan sonra Ermənistan Rusiya sərhədçilərini çıxarmağa məcbur olacaq. Lakin Gümrüdəki hərbi bazanı çıxarması çətin görünür. Çünki bazanın funksiyası başqadır. Eyni zamanda, baza ilə bağlı müqavilələr də fərqlidir. Paşinyan Qərb mediasına müsahibəsində də bildirdi ki, Gümrüdəki bazanın Ermənistandan çıxarılması məsələsi gündəmdə deyil. Gələcəkdə hansı addım atacaqlar, indidən demək çətindir.
- Paşinyan onu da bildirdi ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dayandırıb...
- Paşinyan oyun oynayır və bunu yeni düsturla həyata keçirmək istəyir. Rəsmi İrəvan istəyir ki, KTMT-dən çıxmasın, qovulsun. Bunun üçün də Ermənistan rəhbərliyi tərəfindən müxtəlif açıqlamalar verilir. Həmçinin İrəvan KTMT-nin iclaslarına qatılmır, nümayəndəsini geri çağırıb. Amma Rusiya da Ermənistanın istədiyini həyata keçirmir, KTMT-dən qovmur. Məncə, məsələ belə qalmayacaq, KTMT-nin patronu Rusiya hansısa addım atacaq. Rusiya Ermənistanın KTMT-nin işini iflic etməsi ilə barışmayacaq və mütləq cəzaya əl atacaq. Necə deyərlər, bıçaq sümüyə dirənib. Bu cəza hansı formada olacaq, bunu söyləmək çətindir.(AYNA)