“Prezident seçkiləri ərəfəsində baş verən bu hadisə Rusiyada siyasi vəziyyətə ciddi təsir göstərəcək”
Yenixeber.org: Rusiya müxalifətinin həbsdə olan lideri, siyasətçi Aleksey Navalnı cəza çəkdiyi islah koloniyasında ölüb. Rusiya Federal Penitensiar Xidmətin Mətbuat Mərkəzinin məlumatına görə, Navalnı Vladimir vilayətindən gətirildiyi Xarp kəndinin islah müəssisəsində Xantı-Mansiysk Muxtar Dairəsində cəza çəkirmiş.
Bildirilib ki, Navalnı gəzintidən sonra qəfil xəstələnib. Həkimlər onu həyata qaytara bilməyiblər.
“Məhkum Navalnı gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün lazımi reanimasiya tədbirləri görülüb, amma müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, 2023-cü il avqustun 4-də Moskva Şəhər Məhkəməsi Navalnıya 19 il həbs cəzası verib. O ekstremist fəaliyyəti maliyyələşdirməkdə, ekstremist fəaliyyətə ictimai çağırışlarda və azyaşlıları həyatları üçün təhlükəli fəaliyyətlərə cəlb etməkdə təqsirli bilinib.
Navalnı Prezident Vladimir Putinə qarşı ən qatı mövqedə olan müxalifətçi idi.
Müxalifətçinin tərəfdarları bildirirlər ki, bu, siyasi qətldir.
Aleksey Navalnının vəkili Leonid Solovyov “Novaya qazeta”ya bildirib ki, müxalifətçinin ölümü ilə bağlı hələlik şərh verməyəcək.
“Navalnının ailəsinin qərarı ilə mən heç nəyi şərh etmirəm. Detalları dəqiqləşdirəcəyik. Çərşənbə günü Alekseyin yanında idim, onunla görüşdüm. Həmin gün hər şey yaxşı idi", - Solovyov deyib.
Navalnının ölümü artıq Kreml tərəfindən də şərh olunub. Putinin mətbuat katibi Dmitri Peskov mətbuata açıqlamasında bildirib ki, araşdırma bütün qaydalara uyğun aparılır: “Ölümün dəqiq nədən baş verdiyini həkimlər müəyyənləşdirəcəklər. Baş verənlərlə bağlı artıq Prezident Vladimir Putinə məlumat verilib”.
Rusiyalı müstəqil analitiklər hesab edirlər ki, bu, siyasi qətldir. Ekspertlərin sözlərinə görə, Navalnının xəstəxanada ölümü Putin rejiminin növbəti cinayətidir. Bəziləri Navalnının ölümünü Moskvada Kreml yaxınlığında güllələnərək öldürülən Rusiya müxalifətinin lideri Boris Nemtsovun qətli ilə müqayisə edirlər. Və onların fikrincə, Navalnı da Kreml rejimi tərəfindən qətlə yetirilən siyasi xadimdir.
Azərbaycanlı analitiklər də Navalnının ölümünü sıradan saymırlar. Məsələn, politoloq Şahin Cəfərli deyib ki, “bu, əslində vəfat yox, siyasi qətldir. Faşist Putin rejimi növbəti ağır cinayətə imza atdı”. Siyasi icmalçı Rauf Mirqədirov isə sosial media hesabında yazıb: “Navalnı nəhayət öldürüldü. Bu, Putinə seçki hədiyyəsidir...”. Müsavat Partiyasının başqanı Arif Hacılı isə iddia edir ki, “prezident seçkiləri ərəfəsində baş verən bu hadisə Rusiyada siyasi vəziyyətə ciddi təsir göstərəcək”.(AYNA)