Prezident Vladimir Putinin siyasi əleyhdarları hazırda Rusiyanın mütləq çökməyə məhkum olduğunu iddia etsələr də, Kreml həlledici və genişmiqyaslı hücuma keçməklə, ABŞ və Qərbin Ukrayna ordusu üçün qurduğu “yaz planları”nı pozmaq ümidindədir... Fevralın sonu, martın əvvəlinə təsadüf edə biləcəyi ehtimal olunan hücum əməliyyatının dəhşətli nəticələr verəcəyi, Rusiyanın gələcək taleyini birmənalı şəkildə müəyyən edəcəyi iddia olunur...
Yenixeber.org: Ukrayna savaşı bütün dünyanı öz təsiri altına salıb. Daha dəqiq desək, bu savaş poliqonu bəşəriyyəti sözün əsl mənasında əsarət altında saxlayır. İndi dünya iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Ukrayna savaşına yönəldilib. Bu “savaş bataqlığı”nda hər gün külli miqdarda maliyyə vəsaiti “batır”, əriyib yox olur. Və bütün bunlara Rusiya ilə yanaşı, müharibəyə bulaşmış ölkələrin hamısına təsir göstərən sanksiyalara bağlı maliyyə-iqtisadi itkiləri də əlavə etdikdə, Ukrayna savaşının dünya iqtisadiyyatı üzərində ağır yük olduğu qətiyyən şübhə doğurmur.
Ona görə də, hazırda yalnız Rusiya və Ukraynada deyil, elə Qərb siyasi-iqtisadi dairələrində də savaşın nə vaxt bitəcəyi əsas sualların içərisində yer alır. Halbuki, belə suallar əvvəlki kimi, hələ də cavabsız qalmaqdadır. Əksinə, indi Ukrayna savaşının uzanacağı, hətta daha bir neçə il davam edəcəyi ilə bağlı ehtimallar ön planda tutulur. Bu baxımdan, Ukrayna savaşının bitəcəyi vaxtdan daha çox, bu fəlakət məkanında yaxın zamanlarda baş verə biləcək hadisələrdən danışmaq daha məntiqli görünür.
Pentaqon təmsilçiləri açıq mətnlə vurğulayırlar ki, Ukrayna savaşı Rusiyanın hərbi, eləcə də maliyyə-iqtisadi resurslarının tamamilə tükəndirilməsi məqsədi güdür. Yəni, bu, o deməkdir ki, Ukrayna savaşı Rusiyanın artıq tükəndiyinə tam əminlik yaranana qədər davam edəcək. NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, Rusiuyadan sülh sazişinin müzakirəsinə yönəlik hər hansı həvəs müşahidə olunmur. Və bu səbəbdən də, Ukrayna savaşının davam etməsi qaçılmaz xarakter daşıyır.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiya əleyhinə beynəlxalq koalisiyanı Ukrayna savaşının daha dağıdıcı və önəmli mərhələsinə hazır olmağa çağırıb. Onun fikrincə, ABŞ və NATO Ukrayna ordusunun yaz aylarında müdafiə taktikasını arxada buraxıb, hücuma keçə bilməsi üçün əlindən gələn hər şeyi etməlidir. Əks halda, Qərb ümumi məğlubiyyət ilə üzləşməli ola bilər.
Göründüyü kimi, ABŞ və Qərb Ukrayna savaşının uzadılmasına qərar verib. Üstəlik, bu qərarını da məhz Rusiyanın sülh danışıqlarından yayınması ilə izah edir. Rəsmi Kiyev isə ABŞ və Qərbin uzunmüddətli savaş planlarına qarşı çıxmaq şansına sahib deyil. Çünki, Ukraynanın indiyə qədər Rusiya ordusu qarşısında davam gətirə bilməsi məhz ABŞ və Qərbin genişmiqyaslı dəstəyi ilə birbaşa bağlıdır. Əgər, bu dəstək dayandırılsa, Ukrayna Rusiya ordusu qarşısında uzun müddət davam gətirə bilməz.
Əslində, Ukraynanın hərbi və rəsmi dairələri də bu reallığı anlayırlar. Ancaq rəsmi Kiyev bu reallığın etirafını elə ABŞ və Qərbin dolayısı ilə qınanmasına yönəlik xəbərdarlıq tezisləri üzərindən ifadə edilməsinə üstünlük verir. Rəsmi Kiyev ABŞ və Qərbi tələsdirməyə çalışır. Əgər, Ukrayna ordusunun vəd olunan silah-sursat və hərbi texnika ilə təchizatı gecikərsə, Rusiyanın bir neçə ay ərzində savaş meydanında üstünlüyü ələ alacağını vurğulayır. Bu haldasa, ABŞ və Qərbin Rusiya qarşısında hərbi-siyasi məğlubiyyətindən danışmaq lazım gələcək.
Düzdür, hadisələrin belə inkişafı üçün ABŞ və Qərbin NATO üzərindən Rusiya ilə birbaşa savaşa girmə ehtimalı da var. Ancaq NATO daxilində Rusiya ilə müharibəyə münasibətdə mövqelərin toqquşduğu da inkaredilməz reallıqdır. Belə ki, bəzi NATO ölkələri Rusiya ilə birbaşa savaşa qatılmaq niyyətində deyillər. Onlar bu savaşın yalnız Ukrayna ordusu hesabına aparılmasını vacib hesab edirlər.
Belə anlaşılır ki, Ukrayna ordusu məğlub olsa, NATO-nun isə Rusiya ilə savaşa girməsi əngəllənsə, müharibənin taleyini həll etmək məsuliyyəti əsasən ABŞ və Böyük Britaniyanın üzərinə düşmüş olacaq. Bu variant isə daha çox nüvə müharibəsi ilə bağlı təhlükənin aktuallığını artıra bilər. Ona görə də, ABŞ və Qərb hazırda hadisələrin belə taleyüklü istiqamətlərə yönəlməsinin qarşısını almaq üçün Ukrayna ordusunu tələb olunan silah-sursat və hərbi texnika ilə daha sürətlə təchiz etməyə məcburdur.
Ancaq NATO baş katibi Y.Stoltenberqin son açıqlamasına diqqət etdikdə, bu məsələnin həlli o qədər də asan görünmür. Belə ki, NATO baş katibi Ukraynaya hərbi dəstək verən müttəfiq ölkələrin öz resurslarını tükətmək üzrə olduğunu vurğulayıb. Onun fikrincə, Ukrayna odusunun hərbi təchizatı üçün bir qədər zamana ehtiyac var.
Maraqlıdır ki, Ukrayna rəsmi dairələri belə yanaşma ilə qətiyyən razı deyil. Rəsmi Kiyev hesab edir ki, Ukrayna ordusunun hərbi təchizatında keyfiyyət dəyişikliyi baş verməlidir. Yəni, ABŞ və Qərb müdafiə hərbi texnikası deyil, daha effektiv hücum silahları vermək barədə düşünməlidir. Rəsmi Kiyev hazırda ABŞ və Qərbdən “F-16” döyüş təyyarələri, müasir raket kompleksləri və tanklar gözləyir.
Onu da qeyd edək ki, Qərb hərbi-siyasi dairələrində rəsmi Kiyevin bu tələblərinin qarşılanması barədə düşünməyə başlayıblar. Məsələn, Ağ Ev bəzi NATO ölkələrinin Ukraynaya “F-16” döyüş təyyarələri və ortamənzilli raket sistemləri verməsinə qarşı çıxmayacağını vurğulayıb. Və nəticədə prezident Volodimir Zelenski Avropaya son turnesində bu barədə olduqca ciddi vədlər ala bilib.
Belə anlaşılır ki, ABŞ və Qərb Ukrayna ordusunu Rusiya üçün daha təhlükəli silah növləri ilə təmin etmək ərəfəsindədir. Bu, reallaşacağı təqdirdə, Rusiya ordusunun məğlubiyyəti qaçılmaz xarakter daşıya bilər. Ona görə də, Kremldə artıq daha radikal variantlar üzərində düşünmək məcburiyyətində qalıblar.
Məsələ ondadır ki, xarici işlər naziri Sergey Lavrov Rusiyanın bəzi beynəlxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərdən imtina edə biləcəyini vurğulayıb. Rusiya diplomatiya idarəsinin rəhbəri bununla demək istəyir ki, Kreml nüvə silahından istifadə etməmək barədə öhdəliyini bir kənara buraxmaq məcburiyyətində qala bilər. Yəni, Rusiya Ukrayna ordusuna daha müasir hücum silahları veriləcəyi təqdirdə, nüvə müharibəsinə başlaya biləcəyinə eyham vurur.
Təbii ki, Kreml yalnız “nüvə şantajı” ilə də kifayətlənmir. İndi Rusiya siyasi dairələrində iki qruplaşma arasına mövcud olan mövqe ziddiyyətləri dünyanın gələcək taleyinə birbaşa təsir göstərə bilər. Belə ki, Kremldə bəziləri prezident Vladimir Putinə sülh variantına cəhd göstərməyi məsləhət görürlər. Digərləri isə bunun əksinə olaraq, tez-tələsik Rusiyanın bütün resurslarını toplayaraq, həlledici savaşa girməyi təklif edirlər. Onların fikrincə, bu, nüvə savaşından öncəki son variantdır.
Maraqlıdır ki, yaxın bir neçə gün ərzində Kremlin son qərarının böyük ölçüdə məlum olacağı da bildirilir. Belə ki, yaxın günlərdə prezident V.Putinin açıq müraciətinin yayılacağı iddia olunur. Həmin müraciətdə Rusiya əhalisi birliyə çağırılacağı, yenidən səfərbərlik elan olunacağı və genişmiqyaslı hücum mesajı veriləcəyi vurğulanır. Prezident V.Putinin bu müraciətdə “Rusiyanın mövcudluğunu qorumaq üçün birləşin” şüarını irəli sürəcəyi də qətiyyən istisna deyil.
Belə anlaşılır ki, Kreml Rusiyanı xilas etmək üçün Ukraynanı hücum əməliyyatlarında qabaqlamaq niyyətindədir. Prezident V.Putinin siyasi əleyhdarları hazırda Rusiyanın mütləq çökməyə məhkum olduğunu iddia etsələr də, Kreml həlledici və genişmiqyaslı hücuma keçməklə, Ukrayna ordusu üçün qurulmuş yaz planlarını pozmaq ümidindədir. Fevralın sonu, martın əvvəlinə təsadüf edə biləcəyi ehtimal olunan hücumun dəhşətli nəticələr verəcəyi, Rusiyanın gələcək taleyini müəyyən edəcəyi iddia olunur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert