Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin tarixə düşən bir fikri var: “Demokratiyalarda çarə tükənməz!”
Yenixeber.org: Eyni şəkildə, bir azərbaycanlı diplomat bəndənizə demişdi: Diplomatiyada çarə tükənməz! Təki dəsti-xəttini mövcud siyasi ssenariyə uyğun qurasan…
Sözümüzün yenə canı var. O can ki, 13 oktyabrda erməni teleqram kanallarında gördüyümüz bir xəbərlə ağrımağa başladı. Sən demə, Fransa Prezidenti Emanuel Makron “France 2” telekanalında müsahibəsində Azərbaycan əleyhinə sərt bəyanatlar səsləndirib. O, Prezident İlham Əliyevin sərəncamı ilə ləğv edilən Dağlıq Qarabağ regionunu “Ermənistanın ürəyi” adlandırıb. Hətta Qarabağın mübahisəli ərazi olduğunu bildirib.
Dərhal Azərbaycan ictimaiyyəti rəhmətlik millət vəkili Şamil Qurbanovun “Jak Şirak qudurub” ritorikasına əl atdı və Makrona təhqir mesajları tirajlanmağa başladı. Millət vəkillərindən ictimaiyyət nümayəndələrinə qədər, hər kəs Makronu qınaq atəşinə tutdu. Lakin bir adam da çıxıb sual vermədi, qardaşım, bu Fransa niyə bu qədər ermənipərəstdir?
Təbii, bu suala Azərbaycanda verilən cavab standart və birmənaılıdr: “Erməni lobbisi”.
Elə bir fikir yaradılır ki, sanki Fransa elə ermənilər tərəfindən idarə edilir. Lakin yenə sual yaranır: Bu ölkədə erməni əhalisinin sayı nə qədərdir ki, onlar bu boyda dövləti ələ keçirə bilib?
2018-ci ilin statistik rəqəmlərinə görə, 68 milyon əhalisi olan Fransada cəmi 700 min erməni yaşayır. Ən maraqlısı isə odur ki, burada yaşayan türklərin sayı ermənilərdən daha çoxdur. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyinin ölkə xaricində yaşayan türklər barədə açıqladığı son hesabata görə, ermənipərəst Fransada 800 min türk yaşayır. Həmçinin burada 70 mindən çox həmvətənimiz də var. Buraya daha bir maraqlı rəqəm əlavə etmək yerinə düşər. Fransa vətəndaşlarının nə az, nə çox – 10%-i, yəni təqribən 7 milyonu müsəlmandır.
Qısası, bu rəqəmlərdən belə anlaşılır ki, demokratik bir respublika olan Fransanı heç də ermənilər idarə etmir. Sadəcə, lobbiçilikdə ixtisaslaşmış ermənilər bu ölkədə çox güclü diaspor formalaşdırıb, mətbuata, iqtidara və parlamentə təzyiq göstərə bilir. Lakin ermənilərdən dəfələrlə çox olan türk-müsəlman qruplar vahid orqanizm kimi hərəkət edə bilmir. Çünki onların fəaliyyətini koordinasiya edən, onları bir amal uğrunda birləşdirən bir güc (dövlət) yoxdur. Fransada 8 milyona yaxın türk-müsəlmanın içərisində 100 minlik bir elitar qrup yaradıb, onları bürokratik orqanlarda, parlament və elmi institutlarda dəstəkləyən yoxdur. Olsaydı, bu günlərdə Fransa senatı Azərbaycan əleyhinə qətnamə qəbul etməyə hazırlaşmazdı…
Bütün bunları nəzərə alaraq, bir daha dönə-dönə vurğulayırıq ki, Makrona Bakıdan, parlamentdən, mətbuatdan veriləcək heç bir cavabın əhəmiyyəti yoxdur. Ona reaksiya Parisdən, Marseldən verilməlidir. Bunun üçün düşünməli və çalışmalıyıq. Yoxsa, 30 ildir davam edən şey yenə təkrarlanacaq, özümüzün dediyimizi özümüz eşidəcəyik, öz səsimiz də öz başımıza düşəcək.
Ermənilərsə Fransada öz işlərindədir. Məsələn, bu ilin avqustunda Erik Dinis və Dikran Yegavyanın müəllifi olduğu “Dağlıq Qarabağ: Qara Kitab” adlı əsər yayımlandı və indi haqqında ən çox bəhs edilən kitablardandandır. O qədər ki, məşhurluğu bu məqalənin müəllifi olan bəndənizə qədər çatıb.
Bəs bu vaxta qədər rəsmi Bakının dəstəyi ilə Fransada Qarabağla bağlı həqiqətləri özündə əks etdirən hansı kitablar işıq üzü görüb? Ən son yadımda qalan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: Məxəzlərdən oxunmuş tarix” kitabıdır. Bu kitab 2016-cı ildə Fransanın “L’Harmattan” nəşriyyatında fransız dilində çap olunub. Ramiz müəllimin mürəkkəb və ağır cümlələrdən ibarət, akademik dildə yazdığı əsərlər öz ölkəmizdə o qədər çox oxunub ki, görünür, onun fransız ictimaiyyətinin diqqətinə çatdırılması zərurəti yaranıb… (vəziyyət bu qədər gülməlidir)
Qısası, biz Makrona yox, lobbiçilikdəki uğursuzluğumuza köklənməliyik. Səbəblərini araşdırıb, çıxış yollarını tapmalıyıq. Makrona ən böyük və sərt cavabı onsuz da dövlət başçısı İlham Əliyev verib. Özü də görün harada və necə? Kimin yanında…
MDB dövlət başçılarının zirvə görüşündə, Putinin pür-diqqət çıxışını izlədiyi Əliyev, açıq şəkildə Fransanı vasitəçilikdən kənarlaşdıracağını bildirdi. Həmçinin Fransanın Ermənistanı himayəsinə aldığını bəyan edib, özünün Avropa İttifaqının göndərəcəyi mülki missiyanın Azərbaycanda yerləşməsini qətiyyətlə rədd etdiyini, bu heyətin Ermənistanda, KTMT-nin məsuliyyət zonasında olacağını bəyan etdi. Bir çıxışla 3 quş vurdu. Birincisi, Makrona diplomatik reaksiya verdi. İkincisi, Paşinyanı növbəti dəfə Putinin qarşısında pis vəziyyətə saldı. Üçüncüsü Rusiyanın yanında durduğunu göstərməklə, Avropaya mesaj ötürdü: “Makronun başına ağıl qoymasanız, məni yanınızda görməyəcəksiz”. Beləliklə, Prezident işini gördü, indi sıra diplomatlarımızdadır. Diplomatiyada isə, dediyimiz kimi, çarə tükənmir…