Yenixeber.org: Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiya paketində, nəhayət, neft embarqosu məsələsini razılaşdırdı. Aİ-nin qərarına görə, Rusiyaya qarşı sanksiyaların altıncı paketi, boru kəməri ilə daşınan xam neft üçün müvəqqəti istisna olmaqla, Rusiyadan Aİ-yə üzv ölkələrə daşınan xam neft və neft məhsullarına şamil ediləcək.
Qəbul edilmiş qərara görə, Avropa İttifaqı 2022-ci ilin sonuna qədər Rusiyadan neft idxalını 90% azaldacaq. Tankerlərlə idxal tam dayandırılacaq, qismən idxal isə “Dostluq” neft kəmərləri sistemi ilə həyata keçiriləcək (əsasən Macarıstan və Çexiyanın ehtiyacları üçün).
Qeyd edək ki, Avropa Rusiya neftinin ən böyük alıcısıdır. 2021-ci ilin yekunlarına görə, Rusiyanın neft ixracının 42%-i Avropanın payına düşüb. Rusiya büdcəsinin gəlirlərinin üçdə birini neft gəlirləri təşkil edir. Sanksiyalardan sonra büdcənin neftdən asılılığı daha da atıb. Qaz ixracı isə büdcə gəlirlərinin cəmi 7%-ni təmin edir.
Altıncı sanksiya paketi çərçivəsində Rusiyanın ən böyük bankı “Sberbank” SWİFT sistemindən təcrid edilib. Bundan başqa, AB Ukraynaya 9 milyard avro yardım ayırıb.
Bu qərarın neft bazarına mümkün təsirini şərh edən iqtisadçı Rövşən Ağayev bildirir embarqo birjalarda qiymətləri kəskin artırıb – “Brent” markalı neftin qiyməti 125 dollara yaxınlaşır. Onun sözlərinə görə, dünya iqtisadiyyatının neftin hazırkı yüksək qiymətini hətta bundan sonra 6 ay belə davam gətirəcəyi real görünmür. Ekspert deyir ki, postpandemiya dövründə toparlanmağı hədəflədiyi halda, müharibənin daha bir ciddi böhran riski yaratdığı qlobal iqtisadiyyat yüksək enerji qiymətləri sayəsində çox yüksək təklif inflyasiyası ilə qarşılaşdı:
“Təklif inflyasiyasının yaratdığı yüksək xərclər tələb məhdudluğu yaratmaqla, real sektorda daralmanı, ev təsərrüfatlarının alıcılıq qabiliyyətini, yüksək borcla çalışan biznesin ödəmə qabiliyyətini ciddi şəkildə sarsıdacaq. Əgər qiymətlər qalarsa, yaxın 3-4 ayda qeyd elədiyim təsirləri aydın hiss olunacaq”.
R.Ağayevin sözlərinə görə, inflyasiyanın yüksək səviyyəsi təkcə ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaltmır, həmçinin onların da ipoteka və istehlak məqsədli borclarını qaytarmasını çətinləşdirir.
“Qlobal güclər ya Rusiya neftinə təcili alternativlər tapıb, problem həll edəcək, ya da qlobal iqtisadiyyat böhranla bu qiymətə reaksiya verərək, yeni böhranla həmin qiyməti aşağı çəkəcək”, – ekspert vurğulayıb
“The New York Times” qəzeti isə Avropa İttifaqının Rusiyaya neft embarqosunun Rusiyanın neft sənayesinə zərbə vuracağını, ancaq hələlik hər şeyin yaxşı getdiyini yazıb.
Təhlilçilərin fikrincə, hazırda Rusiyanın neft hasilatının vəziyyəti yaxşıdır, çünki avropalı alıcılar və digərləri “Brent” neftinin barelini endirimlə 30 dollardan almaq fürsətini qaçırmırlar.
Neft daşımalarını izləyən “Kpler” şirkətinin hesablamasına görə, mayda Rusiyanın neft hasilatı aprelə nisbətən günə 200 min barrelədək artıb. Bu, fevraldakı səviyyədən günə 800 min barel azdır.
“Kpler”in proqnozuna görə, Aİ-nin embarqosu qüvvəyə minəndən sonra Rusiyanın neft hasilatı günə daha bir milyon barel, yaxud 10 faizədək azala bilər. Aİ-nin embarqosu dənizlə daşınan neftə aiddir. Rusiyadan neftin bu yolla ixracı fevraldan martadək günə 440 min barrelədək azalsa da, günə 1.2 milyon barrel səviyyəsində qalır. Məsələn, İtaliya günə 400 min barrelədək neft alır.
“Kpler”in hesablamasına görə, mayda Rusiyadan kəmərlə Macarıstan, Slovakiya, Polşa və Almaniya kimi ölkələrə günə 600 min barrelədək neft göndərilib. Macarıstanın MOL neft şirkəti bu ayın əvvəlində deyirdi ki, Rusiyanın Ural neftinə endirim onun emaldan gəlirlərini xeyli artırıb. Elə Macarıstan Rusiya neftinə sanksiyalara qarşı çıxaraq Rusiyadan kəmərlə daşınan neftdən asılı olduğunu vurğulayıb.
Qəzet yazır ki, alıcılar ucuz neftdən alıb ehtiyatlarını tuturlar. Hindistan mayda Rusiyadan günə 700 min barreldən çox neft alıb.(pressklub)