Yenixeber.org: Fevralın 17-də səhər tezdən radiolarda Heydər Əliyev prospektində uzun tıxacın yaranması xəbər verilirdi. Az sonra məlum oldu ki, şəhərin ən geniş küçələrindən birində hərəkətin dayanması ənənəvi səbəblərlə bağlı deyil. 4 TIR yolun köməkçi hissəsində əks istiqamətdə dayanıb, onlardan birinin üzərinə: “Bizi bu həddə çatdıran Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və şöbə müdiri Malik Əliyev! İcazə vərəqələrini verin. Məhsullar xarab olmaq üzrədir. Müflis olmuşuq!” şüarı yazılıb. Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunmuşdu. Az sonra hadisələr sürətlə biri-birini əvəz etməyə başladı…
Günorta saatlarında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) rəsmi açıqlama yaydı: “Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış icazə blanklarını Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən tam maneəsiz əldə edirlər. Yalnız bir daşıyıcı – Rəmiş Cəfərov belə bölgüyə qarşı çıxaraq, özünə əlavə imtiyazlar tələb edib və dövlət orqanını təhdid etməklə məşğul olub”.
Bu açıqlamadan qısa müddət sonra bəzi saytlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində təcili iclas keçirildiyi və Anar Rzayevə xəbərdarlıq edildiyi, Malik Əliyevin isə işdən çıxarılması xəbərini yaydı. Amma bu xəbər təsdiqlənmədi. Qısa müddət sonra etiraz edən sürücülərin polis tərəfindən saxlanıldığı barədə məlumat yayıldı. Ardınca Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən rəsmi açıqlama verildi:
“Nə Xidmətin rəisi Anar Rzayevə xəbərdarlıq edilib, nə də qurumun şöbə müdiri Malik Əliyev işdən çıxarılıb”. DANX sədri A. Rzayev isə ona töhmət verilmədiyini deməklə yanaşı, Malik Əliyevin bir həftədir məzuniyyətdə olduğunu vurğuladı.
Axşam saatlarında artıq sürücülər barəsində 30 sutka inzibati həbs qərarı verildiyi bildirildi, qısa müddət sonra isə yerli telekanallarda və sosial şəbəkələrdə onların üzrxahlıq videoları yayıldı. Nərimanov Rayon Məhkəməsindən “Turan” agentliyinə deyilib ki, sürücülər Elvin Məlikovla Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə təqsirli biliniblər.
Rəhbəri və sürücüləri etiraz aksiyası keçirən “R-Qrup Karqo” şirkətinin nümayəndəsi Rəşad Borçalı bildirib ki, aksiyanın səbəbi məmurların korrupsiya ilə məşğul olmasıdır. Həmin şəxs deyib ki, yol vərəqəsinə görə artıq pul istənilir. “R Qrup Kargo” ət məhsullarının daşınması ilə məşğuldur.
Bir gün sonra-fevralın 18-də Nərimanov rayon Məhkəməsindən mətbuata bildirildi ki, şirkətin rəhbəri Rəmiş Cəfərov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) cinayət işi açılıb. Bu maddə ilə günahlandırılan şəxsə məhkəmədə beş min manatdan səkkiz min manatadək cərimə, iki ilədək islah işləri, yaxud eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzası verilə bilər.
Rəmiş Cəfərovun atası Zəkiran Cəfərov mətbuata açıqlamasında deyib ki, oğlunu aparmağa gələnlər onların evinə qonşularının həyətindən daxil olublar: “Rəmişi güc tətbiq edərək, terrorçu kimi apardılar, hara aparıldığını heç bilmədik…”
Həmin gün hadisəni monitorinq edən “Müdafiə xətti” İnsan Haqları Təşkilatının üzvləri Rüfət Səfərov və Zaur Əkbər polis tərəfindən saxlanılıb. Onlar mətbuata bildiriblər ki, saxlanarkən fiziki təzyiqlə üzləşiblər: “İdarədə bizi yerlə sürüdülər, qolumuzu buraraq, yerə yıxıb, təpiklədilər”. DİN-in mətbuat katibi, polkovnik Elşad Hacıyev isə onların dediklərini təkzib edib, hüquq müdafiəçilərinə qarşı zorakılıq edilmədiyini bildirib.
Onu da qeyd edək ki, sürücülərin üzrxahlıq videolarının yayılması cəmiyyətdə təpki ilə qarşılanıb, sosial şəbəkələrdə polisin bu hərəkəti kəskin qınaq hədəfinə çevrilib. Amma Elşad Hacıyev həmin videoların polis tərəfindən çəkilmədiyini bildirib.
Olayların gedişində sürücülərin qaldırdıqları problem dövlət qurumları tərəfindən, ümumiyyətlə, müzakirə edilməyib. Onlar isə DANX-a qarşı kifayət qədər ciddi ittihamlar irəli sürmüşdülər. Sürücülər bildiriblər icazə sənədlərinin – “dozvol”un paylanmasında monopoliya var. (“Dozvol” polyak mənşəli “Zezvolenie” sözündən götürülüb, yükdaşıma ilə məşğul olan avtomobillərə verilən icazə kağızının jarqon adıdır – red.)
Xəzər İşadamlarının İqtisadi Əlaqələrinə Kömək İctimai Birliyinin sədri Şahin Nəcəfov problemi şərh edərkən bildirib ki, DANX nəqliyyat şirkətlərinin qanunu yolla “dozvol” əldə etməsinə ciddi problemlər yaradır. Onun sözlərinə görə, dövlət qurumu ilin əvvəlindən icazə vərəqələrini özünə yaxın şirkətlərin adına sənədləşdirir, nəqliyyatçılar müraciət edən də isə bildirir ki, DANX “dozvol” limitini satıb qurtarıb:
“Bəs nə etmək lazımdır? 10-15 dollarlıq icazə vərəqələrini özlərinə yaxın şirkətlər tərəfindən 300-600 dollar arasında satırlar. Ziya Məmmədovun vaxtında bu idarənin Çingiz Baxşəliyev adlı rəisi 15 dollarlıq “dozvol”un qiymətini 2 min dollara qədər qaldırmışdı. Hazırda İrandan Rusiyaya yük daşımağın qiyməti bahadır. “Rus agentləri” Dağıstan, Rusiya TIR-larının yük daşıması üçün hər cür şərait yaradırlar. Amma Azərbaycanın yük maşınlarına üçüncü ölkəyə “dozvol” verilmədiyinə görə pərişan durumdadırlar. Maşınlar İrandan yük alsalar da Rusiyaya giriş əldə edə bilmirlər. Bu məmurların əməli təkcə korrupsiya deyil, həm də vətənə xəyanətdir. Bunların əməlləri araşdırılmalıdır ki, niyə Azərbaycanda vəzifə tutub, Rusiya üçün işləyirlər. Hesab edirəm ki, həm Anar Rzayev, həm də Malik Əliyev vəzifələrindən azad edilməli, barələrində araşdırma aparılmalıdır”.
Ş.Nəcəfov hesab edir ki, həbs edilən sürücülər azadlığa buraxılmalı, araşdırma birtərəfli aparılmamalıdır: “Necə ola bilər, sürücü həbsdə, məmurlar isti kabinetində. Belə araşdırma olmur…”
Xidmətin rəisi Anar Rzayev fevralın 17-də İctimai Televiziyaya müsahibəsində deyib ki, icazə kağızlarının verilməsində hansısa qanunsuzluq yoxdur. O, bildirib ki, bu kağızlar Azərbaycana qarşı tərəf ölkələrin hökumətləri tərəfindən məhdud sayda verilir. Azərbaycan tərəfi də paylanmanı 150 yerli şirkət arasında şəffaf bölüşdürür və etiraz edən sürücüləri qəzəbləndirən səbəb odur ki, onlar daha çox icazə kağızı istəyiblər.
Amma bu aksiyada iştirak etməyən, adının çəkilməsini istəməyən başqa bir yük maşını sürücüsü də “Azadlıq” radiosuna müsahibəsində eyni durumla üzləşdiyini, bu icazə vərəqələrini hökumətdən alıb baha qiymətə satmaqla məşğul olan azı üç şirkətin olduğunu deyir:
“20 dollarlıq bu icazə vərəqini mövsümdən və tələbatdan asılı olaraq bəzən 100 dollara, bəzən hətta 1000 dollara almağa məcbur qalırıq. Həmin şirkətlər bu vərəqələri üzərində şirkətin möhürü olmadan əldə edirlər. Bu şirkətlərdən biri TIR sürücülərinə bu icazə kağızı ötürmək üçün onunla podratçı müqaviləsi bağlayır”.(pressklub)
Turqut