ANKARA-İRƏVAN MÜNASİBƏTLƏRİNDƏ "BUZLAR ƏRİYİR"-Birbaşa təmaslar başlayır; bu kimə lazımdır?
"Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılmasının müzakirəsi üçün xüsusi elçilər təyin edəcəklər".
Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 13-də Türkiyə Böyük Millət Məclisindəki çıxışında deyib. Onun sözlərinə görə, İstanbul və İrəvan arasında çarter uçuşları da bərpa olunacaq.
Çavuşoğlu həmçinin deyib ki, Türkiyə Ermənistanla əlaqələri normallaşdırmaq yönündə addımları Azərbaycanla davamlı müzakirə edir. Onun sözlərinə görə, Azərbaycanla birlikdə regionda sülh və sabitliyin bərqərar olmasından ötrü diplomatik səylər göstərirlər.
Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan isə deyib ki, Ermənistan, həmişəki kimi, Türkiyə ilə əlaqələrin ilkin şərtsiz normallaşdırılmasına hazırdır və bu məsələ hökumətin proqramında yer alıb.
Xatırladaq ki, iki ölkə 2009-cu ildə əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokollarını imzalayıblar. Amma bu saziş Azərbaycanın kəskin etirazları səbəbindən ratifikasiya olunmayıb.
Bəs, indi Bakı müttəfqinin bu addımı atmasına niyə razılaşıb?
Bu sualın cavabını Mövlud Çavuşoğlu qismən verib. O, bildirib ki, regiondakı bütün məsələlərdə Azərbaycanla birgə hərəkət edirlər. Yəni Ankara-İrəvan münasibətlərinin bərpasında irəliyə doğru atılan addım əvvəlcədən Bakı ilə razılaşdırılıb.
Türkiyə-Ermənistan münasibətlərində 28 illik donun açılması isə təbbi ki, regionda yaranmış yeni vəziyyətlə bağlıdır. Belə ki, ötən il Azərbaycanla Ermənistan arasında baş vermiş 44 günlük müharibə regionda uzun illər davam edən hərbi-siyasi balansı əhəmiyyətli şəkildə dəyişib. Müharibədə zəfər qazanan Azərbaycan bölgədə nüfuzunu, eləcə də Ermənistana təsir imkanlarını artırıb. Eyni zamanda həm bölgə ölkələrinə, həm də regionda maraqlaları olan geosiyasi oyunçulara yeni əməkdaşlıq imkanları təklif edə bilir. Məsələn, İranla iki ay davam edən, hərbi təhdid həddinə qədər gərginləşən münasibətlər məhz Tehranın geri çəkilməsi ilə yekunlaşdı. Şübhəsiz ki, rəsmi Bakının sərt, güzəştsiz davranışı beynəlxaq hüquqa əsaslansa da, başlıca olaraq öz əlverişli imkanlarına söykənirdi. Rusiya ilə maraqların uzalaşdırılması, Türkiyə ilə dərinləşən strateji tərəfdaşlıq, İsrail, Britaniya, Pakistan kimi ölkələrlə gücləndirilən münasibətlər Azərbaycana əlavə üstünlüklər gətirib.
Bakı müharibədən sonra regionun iqtisadi, nəqliyyat xəritəsinin beynəlxaq dəhlizlərə və iqtisadi məkanlara inteqrasiyası ilə bağlı mühüm təkliflər verib. Onlardan biri də həmmüəllifi olduğu 3+3 (Rusiya, Türkiyə İran, Azərbaycan, Ermənistan və Gürcüstan) formatında əməkdaşlıqla bağlı artıq ilkin müzakirələr başlayıb. Gürcüstan Rusiya ilə problemləri ucbatından bu formata qatılmasa da, qalan ölkələr Moskvada görüş keçirərək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Əlbəttə, bu əməkdaşlığın baş tutmasının əsas şərti 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin dəqiqləşdirilməsi və kommunikasiyaların açılması öhdəliyini icra etməlidir. Hazırda bu istiqamətdə proses gedir və Soçi sammitindən sonra Brüsseldə İlham Əliyev - Nikol Paşinyan görüşü problemin cözüm axtarışları ilə bağlıdır.
Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması da bu prosesin bir hissəsidir. Bu istiqamətdə ilk təşəbbüs Paşinyan hökumətindən gəlib, o, hətta Gürcüstanın Baş naziri Qaribaşvilidən Ərdoğanla təmaslar qurmağa vasitəçi olmağı xahiş edib. Ərdoğanın ona cavabı məlumdur, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Ankara gərəkən addımları atacaq. İndiki şəraitdə həm Ermənistan, həm də Türkiyə üçün münasibətlərin normallaşdırılması, iqtisadi-ticarət əlaqələrinin bərpası vacibdir.
Əvvəla, Ermənistanın iqtisadi durumu çox ağırdır, əhali sürətlə ölkədən köçüb gedir, müharibədəki məğlubiyyət, daxili didişmələr ölkənin perspektivinə inamı zəiflədib. Bu şəraitdə regionun ən böyük iqtisadiyyatına malik olan iki ölkədən biri - Türkiyə ilə əlaqələrin bərpası erməni əhalisi üçün nəfəslik ola bilər. Ölkəyə həm türk sərmayəsi gələr, həm ticarət dirçələr, həm də sadə ermənilər üçün işləyib qazanmaq üçün şərait yaranar. Hazırda bu imkanlar az-çox Rusiyadadır, amma bu ölkə də çoxsaylı sanksiyaların altında əzilir və problemləri getdikcə artır. Statistik təhlillər göstərir ki, əcnəbilərin bu ölkədən öz ölkələrinə göndərdikləri pulların həcmi ildən-ilə azalır. Həmçinin Ermənistanın mühüm sahələrini əlində cəmləşdirən Rusiya holdinqlərinin yatırımları gözlənilən effekti verməyib. Bu sərmayələr davamlı deyil, habelə korrupsiya, inhisarçılıq kimi mənfi hallar da Ermənistan büdcəsinə gələcək gəlirləri "yeyir".
Ermənistanla əlaqələrin bərpasının Türkiyə üçün əhəmiyyətinə gəlincə, burada Ankaranın həm siyasi, həm də istisadi maraqları var. İqtisadi maraqların əhatə dairəsi məlumdur: Türk sahibkarlara ticarət, investisiya yatırımları, yeni iş imkanları lazımdır, Ermənistanın turizm, mineral ehtiyatlar, kənd təsərrüfatı və s. sahələri onlar üçün cəlbedici ola bilər.
Türkiyə regionun ən böyük ölkələrindən biridir və Cənubi Qafqazdakı maraqlarının çoxəsrlik tarixi var. Hazırda regionun iki ölkəsi-Azərbaycan və Gürcüstanla yüksək səviyyəli əlaqələri var, Ermənistanın bu prosesə qoşulması Ankaranı bölgədə tədricən əsas söz sahibinə çevirə bilər. Paşinyan iqtidarı bu fürsəti dəyərləndirmək istəyir, amma təbii ki, bu asan proses deyil. Həm ölkə daxilində, həm də Rusiyadan gələn təzyiqləri neytrallaşdırmaq lazımdır.
Rusiya bu məsələyə hədsiz soyuq yanaşır. Ötən həftələrdə Türkiyə-Ermənistan əlaqələrinin normallaşması məsələsinə xarici işlər naziri Sergey Lavrovun münasibəti belə olmuşdu: "Rusiya buna normal baxır, əgər, İrəvanın belə niyyəti varsa, biz vasitəçilik etməyə hazırıq". Yəni bu proses ancaq Rusiyanın razılığı və istədiyi formada baş tuta bilər. Moskvanın neqativ münasibətinin səbəbi məlumdur: əgər bu əlaqələr normallaşarsa, regionda Rusiya-Türkiyə rəqabətində ağırlıq mərkəzi Ankaranın tərəfinə keçəcək. Belə olan halda Türkiyə regionun hər 3 ölkəsi ilə yüksək tərəfdaşlıq münasibətləri qura bilir, Rusiya isə mövcud təsir imkanlarını tədricən itirməyə başlayır.
Qərb də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir. 2009-cu ildə bu məqsədlə imzalanmış Sürix protokolları məhz Vaşinqton və Brüsselin səyləri ilə hazırlanmışdı. Qərbin maraqlarına gəlincə, Ermənistanın iqtisadi blokdadan çıxması, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi əsas prioritetdir.
Beləliklə, normallaşma prosesi, Rusiya istisna olmaqla, bütün ölkələrin marağındadır, amma bu proses əhəmiyyətli şəkildə Ermənistandan asılıdır. Paşinyan hakimiyyəti özündə cəsarət tapıb Azərbaycanın əsas tələblərini yerinə yetirməlidir. Çavuşoğlu barəsində danışdığımız açıqlamasında bunu aydın təşkildə bəyan edib: "Türkiyə Azərbaycanla birgə hərəkət edir..."(azpolitika)
E.Rüstəmli