Əhali poçt kreditlərindən nə qazanacaq?
“Rayonlarda kreditlər 25 faizlə təklif olunur”.
"Xeberinfo.com": Məlumata görə, bu sözləri Axar.az-a iqtisadçı-alim Vüqar Bayramov poçt şöbələrinin mikrokreditlər verməsini şərh edərkən dedi. Ekspertin sözlərinə görə, bu addım bölgələrdə kredit faizlərinin enməsi ilə nəticələnəcək: “Poçtların kredit təklif etməsi çox əhəmiyyətlidir. Çünki poçtların kredit verməsi rayonlarda kredit bazarında nəzarətin güclənməsinə gətirib çıxaracaq. Bu gün bölgələrdəki kredit faizi ilə paytaxtda fəaliyyət göstərən bankların kredit faizi arasında ciddi fərqlər var. Bakıda kreditlər Mərkəzi Bankın rəsmi məlumatına görə, təxminən 10-12 faizdən təklif olunursa, rayonlarda bu rəqəm 25 faizə yaxındır. Yəni rayonlarda kredit faizi iki dəfə çoxdur. Bunun da əsas səbəbi bölgələrdə kredit təklif edən qurumların, bank filiallarının, kredit təşkilatlarının sayının az, rəqabət mühitinin aşağı səviyyədə olmasıdır. Bu baxımdan kredit təklif edən təşkilatların, o cümlədən poçtların fəaliyyəti rayonlarda kredit bazarında rəqabətin güclənməsinə və kredit faizlərinin birmənalı şəkildə aşağı düşməsinə səbəb olacaq. Bölgələrdə əhaliyə poçtlar tərəfindən əsasən kiçik kreditlər təklif olunacaq. Bu da faizlərin aşağı düşməsinə səbəb olacaq. Ümumilikdə poçtların mikrokredit verməsi arzuolunandır. Bu da əhalinin kreditə çıxış imkanlarının genişlənməsinə gətirib çıxaracaq”. Xatırladaq ki, "Azərpoçt" fəaliyyətində bir sıra yeniliklər tətbiq edib. Qurumun tətbiq etdiyi yeniliklər sırasında ən əsası əhaliyə mikrokreditlərin verilməsi ilə bağlıdır. Artıq vətəndaşlar təkcə banklardan deyil, "Azərpoçt"dan da kredit ala biləcəklər. Vətəndaşlara təklif olunması nəzərdə tutulan kreditin faiz dərəcələri də banklardan fəqrlənəcək. Faiz dərəcəsinin ölkədə kredit xidməti göstərən bütün bankların faiz dərəcələrindən aşağı olması nəzərdə tutulur. Bu xidmət artıq bəzi xarici ölkələrdə tətbiq olunub və effektiv nəticə verib.