Bankda pulu olanlara bəd xəbər
“Əgər yeni güzəşt olmasa, gələn il əmanətlərdən qazanılan gəlirlər vergiyə cəlb ediləcək. Bununla da hər bir əmanətçi qazancının 10%-ni itirməli olacaq”.
"Xeberinfo.com": Axar.az xəbər verir ki, bu sözlərlə iqtisadçı ekspert Samir Əliyev çıxış edib. Ekspert təklif edir ki, hökumət əmanətlərə güzəşt müddətini uzatmalıdır:
“Artıq il başa çatır. 6 gündən sonra hökumətin əmanətçilərə verdiyi növbəti güzəştin müddəti bitir. Əgər yeni güzəşt olmasa, gələn il əmanətlərdən qazanılan gəlirlər vergiyə cəlb ediləcək. Bununla da hər bir əmanətçi qazancının 10%-ni itirməli olacaq. Müxtəlif hesablamalara görə, burda söhbət təxminən 60 milyon manat məbləğində vəsaitdən gedir. Məhz bu qədər vəsaiti dövlət büdcəsi hər il 6,4 milyona qədər əmanətçiyə hədiyyə edir”.
S.Əliyev qeyd edir ki, hökumət əmanətçilərə verdiyi dəstəyi tezliklə saxlayacaq:
“1999-cu ildən bəri fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən gəlir vergisi tutulmur və son dəfə 2013-cü ilin dekabrında qəbul edilmiş “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Qanunla güzəşt müddəti daha 1 il uzadılıb. Son 2 ildə güzəşt müddətinin cəmisi 1 il uzadılması ondan xəbər verir ki, hökumət əmanətçilərə verdiyi dəstəyi tezliklə saxlayacaq. Fikrimcə, hökumət əmanətlərə tətbiq etdiyi güzəştlərin müddətini ən azı 2015-ci ilin sonuna qədər uzatmalıdır. Əks halda bu əmanət bazarında, ümumilikdə isə bank sektoru üçün narahatlıq yarada bilər. Bank sektorunun düşdüyü vəziyyət isə ölkə iqtisadiyyatına mənfi təsiri göstərəcək”.
Ekspert əlavə edir ki, kredit portfelinin yarısını təşkil edən əmanətlərin bahalaşması öz növbəsində kredit faizlərini də bahalaşdıra bilər:
“Hökumət ilin əvvəlindən başlayaraq sahibkarlığın timsalında qeyri-neft sektorunu inkişaf etdirmək niyyətində olduğunu bəyan edib. Bunun üçün real sektorun maliyyələşdirilməsinin vacibliyi vurğulanıb. Ölkə prezidenti 2015-ci ilin dövlət büdcəsi haqqında qanunun tətbiqi barədə fərmanda Mərkəzi Banka uçot dərəcəsi arasında fərqin azaldılması istiqamətində əməli tədbirlər görməyi tapşırıb. Məqsəd kreditlər üzrə faiz dərəcəsinin əhəmiyyətli dərəcədə aşağı salınmasıdır. Əmanətlərə vergi güzəştinin ləğvi bu tapşırığın yerinə yetirilməsini çətinləşdirəcək. Çünki kredit faizlərinin ucuzlaşmasını təmin edən amillərdən biri də məhz cəlb edilən resursların ucuzluğudur. Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlərin faiz dərəcəsini mərhələlərlə 12%-dən 9%-ə salandan sonra əhalinin bir həssəsi vəsaitlərini geri çəksə də, bir hissəsi yüksək faizə üstünlük verdi. Nəticədə sığortalanmayan əmanətlərin payı bir ildə (oktyabr 2013-sentyabr 2014) 34%-dən 47,6%-ə yüksəldi. Bu müddətdə qorunmayan əmanətlərin həcmi 1,17 milyard manat artdı, qorunan əmanətlər isə 450 milyon manat azaldı. Hazırda 3,14 milyard manatlıq əmanət 9%-dən yüksək, 3,42 milyard manat isə aşağı faizlə yerləşdirib. Bu nəyi göstərir? Onu göstərir ki, mövcud faizlər əmanətçiləri qane etmir və onlar bankların bağlanması məsələsinin (məcmu kapitalı 50 milyon manata çatdıra bilməyən banklar) gündəmdə olduğu dövrdə də riskə gedərək pullarını yüksək faizlə banklarda yerləşdirirlər. Faiz dərəcələrinin indiki səviyyədə saxlanması əhalini əmanət bazarında qaçıracaq. Belə vəziyyətdə özünə daha çox əmanət cəlb etmək üçün banklar faiz dərəcələrini artırmaq məcburiyyətində qalacaqlar. Bu isə əmanət bazarında faizlərin artmasını, o da ən azı kredit faizlərinin ucuzlaşmasının qarşısını alacaq”.
Ekspertin fikrincə, 60 milyon manat 20 milyardlıq büdcə üçün problem deyil və ona görə də hökumət əmanətlərə tətbiq edilən güzəştin müddətini mütləq uzatmalıdır:
“Əmanətlərə verginin tətbiqi bank sektoru üçün gərginlik yaradacağını düşünürəm. Bir tərəfdən istehlak kreditləşməsinin məhdudlaşdırılması və bunun gələcəkdə bir qədər də sərtləşdirilməsi bankların gəlirini azaldacaq, digər tərəfdən də vergi tətbiqinə görə əmanətlərin azalması onları əsas mənbədən məhrum edəcək. Nəticədə bankları, xüsusilə də kiçik bankların maliyyə vəziyyətinin pisləşməsinə gətirib çıxaracaq.
İkincisi, əgər hansısa differensasiya tətbiq etmək istəyirlərsə, yaxşı olardı ancaq xarici valyutada olan əmanətlərə tətbiq edilsin. Bu, əhalini manatla əmanət yatırmağa stimulaşdırar. Qarşıdan 2015-ci il gəlir. Yeni il həm ölkə iqtisadiyyatı üçün, həm də bank sektoru üçün asan keçməyəcək. Xüsusilə manat ağır təyziqlərlə üzləşəcək. Manatı qorumaq üçün indidən bəzi preventiv tədbir atılmalıdır. Onlardan biri də xarici valyutada (dollar, avro və s.) yerləşdirilən əmanətlərə vergi tətbiq eilməsi mexanizmi ola bilər.
Üçüncüsü, vergi əmanətin faiz dərəcəsinə tətbiq edilsin. Məsələn, Rusiyada 18,25%-dən yuxarı bütün əmanətlərdən vergi tutulur. Tutaq ki, siz illik 20%-lə əmanət yerləşdirmisiniz. Bu halda sizin 1,75%-lik (20%-18,25%) qazancınızdan vergi tutlacaq. Bizdə bu həddi 9% və ya 10% götürmək olar. Bu, bank sektorunda faizlərin kəskin artmasına imkan verməz”.