İqtisadi müharibə Rusiyanı çökdürür
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, əhatə dairəsinin genişlənməsi iqtisadi müharibə elanı kimi dəyərləndiriləcək.
Yenixeber.org: Bunu Rusiyanın baş naziri Dmitri Medvedyev deyib. Onun sözlərinə görə, bu müharibəni iqtisadi, siyasi və digər yollarla dəf etmək lazımdır. Rusiyaya qarşı sanksiyaların ölkənin iqtisadi gücünü zəiflətməyə hesablandığını deyən hökumət başçısı qeyd edib ki, rəsmi Moskvaya qarşı sovet dönəmində də belə münasibət olub: "Bizim ölkəmiz son 100 ildə daim sanksiya şəraitində yaşayıb. Bu, nə üçün edilir? Ona görə edilir ki, Rusiyanı güclü rəqiblər sırasından çıxarsınlar".
Analitiklər də hesab edir ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi son sanksiyalar paketi Putin imperiyasının iqtisadi çöküşünə səbəb olacaq. Bu da öz növbəsində, Rusiyanın beynəlxalq siyasi münasibətlərdə ABŞ qarşısında mövqeyini zəiflədəcək.
Çünki Amerikalı konqresmenlər 2017-ci il iyulun 28-də Rusiya əleyhinə qəbul edilmiş "Sanksiyalar vasitəsilə Amerikanın rəqibləri ilə Mübarizə” haqqında qanunu (CATSAA) və 2018-ci ilin yanvar ayında Putinə yaxın oliqarxlara tətbiq olunmuş qadağaları təsirsiz hesab edir. ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə iyulun 16-da Helsinkidə keçirilmiş görüşünü tənqid edən Konqres üzvləri cari ilin sonuna qədər daha sərt sanksiyaların tətbiqini təklif edir. Konqres diqqətini dörd qanun layihəsində cəmləyib.
Onların hamısı təkcə Rusiyaya aiddir. "Kremlin aqressiyasından ABŞ təhlükəsizliyinin müdafiəsi haqqında” qanun adını almış sonuncu və ən geniş qanun layihəsini (DESKAA) altı senator irəli sürüb. "DESKAA”-nın məqsədi "Rusiya Federasiyasının yeni borc öhdəlikləri ilə əlaqəli sazişlərə” qadağa və sanksiya tətbiq etməkdir. Qanun amerikalılara Rusiyanın dövlət istiqrazlarını almağı qadağan edir, onun ifadə şəkli isə təkrar bazarda ticarətin mümkün olduğunu göstərir. Bundan başqa, Amerikanın enerji şirkətlərini narahat edən "Rusiyanın dövlət və yarı-dövlət təşkilatları tərəfindən reallaşdırılan enerji layihələrinə aid edilən sazişlərə qarşı” sanksiyalar”ı nəzərdə tutur.
"Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt" adlanan sənədin qəbulu ilə Rusiyanın aparıcı banklarının ("Sberbank", VTB, "Qazprombank", "Rosselxozbank", "Bank Moskvı", VEB, "Promsvyazbank") ABŞ-dakı müxbir hesablarının və aktivləri bloklanacaqı, maliyyə əməliyyatları aparmalarına qadağa qoyulacaq. Bu, faktiki olaraq, onların dollar sistemindən kənarlaşdırılması deməkdir. Bu sahədə digər təsirli addım Rusiyanın borc kağızlarının satın alınmasına qadağa qoyulmasıdır. Bunun gerçəkləşməsi durumunda Rusiyanın kənardan borc cəlb etməsi çətinləşəcək.
Bundan başqa, bütün dünyada Putinin şəxsi varidatının axtarışı və üzə çıxarılması üzrə praktik fəaliyyətin başlanması, sanksiya tətbiq olunacaq rusiyalı oliqarxların, məmurların siyahısının yenidən hazırlanması, Rusiyanın enerji layihələrinə sanksiyalar, ABŞ ordusunun anbarlarında qalmış və istifadə olunmayan silahların ehtiyacı olan NATO ölkələrinə bağışlanması, ABŞ-ın NATO-dan çıxmasının yalnız Senatın üçdə iki səs çoxluğu ilə mümkün olması məsələləri də sənəddə əksini tapıb. Dövlət katibinə tapşırılır ki, Rusiyanın terrorizmin sponsoru olan dövlətlərin siyahısına daxil edilmək üçün müvafiq kriteriyalara uyğun gəlib-gəlmədiyini araşdırıb Konqresə məlumat versin. Rusiya Elmlər Akademiyasının dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr şöbəsinin prezidenti Aleksandr Dınkin hesab edir ki, ilin sonunadək gözlənilən yeni Amerika sanksiyalarının Rusiya iqtisadiyyatına vuracağı ziyan ölkə ÜDM-nin 1,2-1,3 faizini təşkil edə bilər.
Ali İqtisadiyyat Məktəbinin proqnozlarına əsasən, cari ilin aprel ayında Amerika tərəfindən tətbiq edilən sanksiyalar özəl kapital axınını 20 milyard dollar artıracaq (29 milyarddan 49 milyard dollara), neft qiymətlərində dəyişiklik olmasa, ixracın azalmasından dolayı yaşanan birbaşa itkilər dolların orta illik məzənnəsinin 3,5-4 rubla kimi artmasına səbəb olacaq. Yeri gəlmişkən, avqustun əvvəlində dolların məzənnəsi artıq 63,3 rubl təşkil edib. Nəhayət, bu il gözlənilən ÜDM artımı proqnozlaşdırılan 1,9 faiz yerinə 1,7 faiz olacaq. Bu da dünya iqtisadiyyatının artım tempindən iki dəfə azdır. "Rusiya tərəfindən cavab sanksiyalar tətbiq edilsə, vəziyyət daha da pisləşəcək. Bir qayda olaraq, Rusiya iqtisadiyyatı ABŞ iqtisadiyyatından azdır, bu isə o deməkdir ki, ABŞ-a təsir edən sanksiyalar Rusiyaya daha böyük zərbə endirəcək”- Ali İqtisadiyyat Mərkəbinin araşdırmasında belə qeyd edilir.
Mənbə: cebhe.info