İmperiyanın çöküşü: Heydər Babayev bankını necə itirdi?
Sabiq nazir “Bank Standart”dan əvvəl holdinqə məxsus “Standart Kapital”ın da fəaliyyətini dayandırıb; Londonda məskunlaşan “AB Standart”ın rəhbəri şirkətlərinin əhəmiyyətli hissəsini satmaq istəyir
Xeberinfo.com: Sentyabrın 30-da ölkənin ən iri banklarından olan “Bank Standart”ASC-nin lisenziyası ləğv olunub. Qərarı Maliyyə Bazarlarına Nəzarət Palatası qəbul edib. “Bank Standart” sabiq iqtisadi-inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi “AB Standart” Holdinqə daxildir.
“Bank Standard” QSC, “Standard İnsurance” MMC, “AB Legal Consulting Group” MMC, “Standard Lizinq” MMC, “Standard Capital” MMC, “Standard Football Club” MMC, “Dərngül boru zavodu” və “Lənkəran Mehmanxana” daxildir. “AB Standard” QSC lizinq, sığorta, bank, hüquq, istehsal, otelçilik və digər sahələrdəki bir neçə şirkəti idarə edir. Heydər Babayev bir neçə dəfə rəsmən bəyan edib ki, holdinq 100 faiz özünün mülkiyyətidir.
Sabiq iqtisadi inkişaf naziri mərhum prezident H.Əliyevin vaxtında yüksək dövlət vəzifəsinə gətirilən məmurlardan biri idi. 1997-ci ildən Rusiyadakı “Mostbank”ın vitse-prezidenti, həmin bankın Böyük Britaniyada baş nümayəndəsi vəzifələrində işləyən H.Babayev 1999-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunmuşdu. Fərhad Əliyevin həbsindən sonra onun kreslosuna əyləşən H.Babayev 2008-ci ilin oktyabrınadək bu vəzifədə çalışdı. Prezident seçkilərindən sonra o, yeni təsdiqlənən Nazirlər Kabinetində yer ala bilmədi. Vəzifədə olduğu müddətdə qeyri-rəsmi şəkildə həm də bizneslə məşğul olan H.Babayev holdinqin əsasını hələ 1995-ci ildən qoyub. Vergilər Nazirliyinin məlumat bazasında isə holdinqin 2002-ci ildə yaradıldığı qeyd olunur. Ötən il açıqlanan hesabatda qeyd edilirdi ki, “AB Standard”ın səhmlərinin 50%-i Babayevlər ailəsinin üzvü Aliyə Qazıyevaya məxsusdur. Qalan 50% isə “naməlum ailənindir”.
H.Babayevin biznesinin krizisdə olduğu barədə xəbərlər hələ ötən ilin əvvəlində vardı. Əvvəl holdinqə məxsus olan “Standart Kapital” MMC (nizamnamə kapitalı 200 min manat) broker fəaliyyətini dayandırdı və bazardan çəkildi.
“Standart Kapital” broker və diler fəaliyyəti ilə 2004-cü ildən məşğul idi və kifayət qədər də geniş fəaliyyət göstəriridi.
H.Babayevin holdinqinin bu ilin əvvəlində açıqladıqları maliyyə hesabatında da şirkətlərin göstəricilərinin xeyli pisləşdiyini gizlətməmişdilər. Bank və sığorta göstəriciləri xeyli pisləşən holdinqin təkcə manatın iki devalvasiyasından zərəri 69 milyon manatdan çox idi. Hesabatda deyilirdi ki, holdinq istehsal, sığorta və bank sektorlarında toplam 121.5 milyon manat zərərə düşüb. “Dərnəgül Boru Zavodu” QSC-də maliyyə hesabatında da 8 milyon manat zərərə düşdüyü açıqlamışdı. “Bank Standard”a gəlincə, hesabatda bildirilird ki, depozit və bank hesablarının toplam məbləği 33.6 faiz artaraq, 991.7 milyon manata çatıb. Yəni prinsipcə, bankın işi pis getmirdi.
Amma iyulun 4-də Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın sağlamlaşdırılmasını “Azər-Türk Bank” ASC-yə həvalə etdi. Sentyabrın 30-da isə bankın lisenziyası ləğv edildi. Qərarda bildirilib ki, bankın problemləri əvvəlki rəhbərliyin idarəetmədə və investisiya-kredit siyasətində nöqsanları ilə bağlı olub. Elə həmin gün banka müvəqqəti sədr də təyin edib. Bu gün-oktyabrın 3-də bankın müflisliyi haqqında iddia məhkəməyə göndərəcək. Məhkəmə bankın öhdəliklərini müəyyən edəcək və ləğvedici qanunvericiliyə əsasən onları tənzimləyəcək. Bankın əmanətlərin ümumi həcmi 520 mln. manatdır. Bu məbləğin 460 mln. manatı sığortalanmış əmanətlərdir.
“Bank Standart” Azərbaycan banklarının ilk beşliyinə daxil idi, depozit həcminə görə isə ikinci yeri tuturdu. Məlumatlara görə, H.Babayev digər şirkətləri də ciddi maliyyə böhranı yaşayır. İlin çoxunu Londonda olan(iddia var ki, onun ailəsi İngiltərə vətəndaşlığı alıb) H.Babayev biznesinin əhəmiyyətli hissəsinin satmaq da istəyir.(Musavat.com)