Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınması üzrə 11.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 222.020 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 21.10.2025-ci ildə dərc edilib.
Yenixeber.org: Qeyd edək ki, Sumqayıt Yaşıllaşdırma İdarəsi tərəfindən nəzərdə tutulmuş yaşıllıqların salınması üçün ağac, bitki kollarının alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 643.701,80 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Sumqayıt Yaşıllaşdırma İdarəsinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “EKO FERMA AZƏRBAYCAN” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.
Qeyd edək ki,“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.
Amma göründüyü kimi Sumqayıt Yaşıllaşdırma İdarəsi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı yox, 65 faiz aşağı qiymət təqdim etmiş, “EKO FERMA AZƏRBAYCAN” MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulması deməkdir.
Qeyd edək ki, bu Sumqayıt Yaşıllaşdırma İdarəsi ilə “EKO FERMA AZƏRBAYCAN” MMC arasında ilk işbirliyi deyil. Sözügedən idarə bir neçə ay öncə də, daha dəqiq 16.07.2025-ci ildə yaşıllıqların salınması işlərinin satın alınması üzrə tərəflər arasında 273.600 manat məbləğində müqavilə bağlanılmışdır.
Bəs qısa müddət ərzində beş yüz min manata yaxın dövlət sifarişi verilən “EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə açıq mənbələrdə nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EKO FERMA AZƏRBAYCAN” (VÖEN: 1203022601) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.02.2022 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, QURBAN XƏLİLOV, ev.8, m.59, qanuni təmsilçisi kimi isə Masimov Rüfət Ramazan oğlu qeyd olunub.
Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirdiyi iki satınalmanın qalibi olub. “Ağac və kolların satınalması” üzrə 62.500 manat dəyərində, güllərin və qazonun əkilməsinin satın alınması üzrə isə 104.900 manat dəyərində.
MMC-nin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığı, təcrübəli işçi heyəti və maddi texniki bazası haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Əldə etdiyimiz ən son məlumata görə Sumqayıt Yaşıllaşdırma İdarəsinnin yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınması üzrə 11.09.2025-ci ildə başladığı açıq tenderdə iştirak edən digər təchizatçı şirkətlər “EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətin ehtimal olunan qiymətlə müqayisədə 65 faiz aşağı qiymət təqdim etməsindən razılaşmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət də vermişlər. Amma buna baxmayaraq Dövlət Agentliyi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununu pozan “EKO FERMA AZƏRBAYCAN” MMC-nin qalib seçilməsini məqbul saymışdır.
Göründüyü kimi satınalmalarda yol verilən bu kimi qanunsuzluğa və şikayətlərə baxmayaraq Dövlət Agentliyi “EKO FERMA AZƏRBAYCAN” MMC-yə açıq-aşkar şərait yaratmaqdadır. MMC-nin qanuni təmsilçisi Rüfət Masimov isə ehtimal olunan qiymətlə müqayisədə 65 faiz aşağı qiymətlə tenderin qalibi olmasında heç bir qanunsuzluq olmadığını, o məhsulların istehsalçısı olduqlarını bildirdi.
Maraqlıdır, məhsulların istehsalçısı olmaq qanunları pozmağa yol verirmi? Bu suala da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aydınlıq gətirsə lap yaxşı olar.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Agentliyin sədri Elnur Bağırovdur. O, Prezident İlham Əliyevin 12 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri vəzifəsinə təyin olunub.(aktualinfo.net)