SOCAR illərdir milyonları boş yerə xərcləyir… –"... “qəhrəmanlar” isə hələ də susurlar”
Bəlkə də son 5 il ərzində SOCAR “Azəriqaz” İB tərəfindən müxtəlif ölkələrdən 3 milyondan artıq məişət qaz sayğacı gətirilərək istismara verilib. Lakin onların 1 milyondan artıq hissəsi növbəti dövrü yoxlama müddəti tamamlanmadan (mövcud qaydalara əsasən sayğac ən azı 5 il istismarda olmalıdır) qaz xəttindən çıxarılaraq laboratoriyalara göndərilib. Üstəlik, milyonlarla vəsait hesabına alınan bu sayğaclar sonradan yararsız elan edilərək utilizasiya olunub.
Yenixeber.org: Bu barədə məlumatı Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı açıqlayıb. Onun sözlərinə görə, 2018-ci ildən etibarən ölkəyə əsasən Alman markası olan Zenner Atmos şirkətinin adı altında Çinin Şanxay şəhərində yerləşən Zenner Metering Technology (Shanghai) Ltd. müəssisəsi tərəfindən istehsal olunan Zenner G-2.5T, Zenner G-4T, Zenner G-6T, Zenner G-4 və G-6 Smart tipli qaz sayğacları gətirilib. Bu şirkətdən 4 milyondan artıq sayğac alınıb, lakin onların əksəriyyəti zavod qüsurlu olduqları üçün qısa müddətdə şəbəkədən çıxarılaraq əvəzlənib:
“Qısası, bu sayğaclar 5 il istismarda işləməyə qadir deyil. Milyonlarla vəsaiti bu şirkətə yönəldən “qəhrəmanlar” isə hələ də susurlar”.
Qəhrəmanlının sözlərinə görə, bu ildən etibarən SOCAR “Azəriqaz” İB ilə “Esyasoft Holding” LTD arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, şirkət Azərbaycana 2,5 milyon qaz sayğacını 480 milyon dollar qarşılığında satacaq. Şirkət BƏƏ-nin Dubay şəhərində yerləşir və International Holding Company (IHC) qrupuna daxildir.
Məlumata görə, 2018-ci ildən gətirilmiş 2 milyondan bir qədər artıq Zenner Atmos sayğacının artıq 800 mindən çoxu istismardan çıxarılıb. Lakin istehsalçıya bir dənə də olsun sayğac geri qaytarılmayıb. Nəticədə respublikada qaz itkiləri dayanmadan artır. Təkcə 2025-ci ilin 7 ayı ərzində qəbul olunan qazın 549 milyon 333 min 633 kubmetri itkiyə gedib, yəni havaya sovrulub.
M.Qəhrəmanlı bildirib ki, SOCAR “Azəriqaz” İB 2025-ci ilin sentyabr-oktyabr aylarında yeni əməliyyat modelinə keçəcək:
“Əvvəlki strukturda, məsələn, Quba qaz xidmət sahəsində TQQ və SX (Təbii qazın qəbulu və satışı xidməti) və SQ və İX (Sayğac quraşdırma və istismar xidməti) fəaliyyət göstərirdi. TQQ və SX-də 1 rəis, 3 mühəndis, 3 texnik, SQ və İX-də isə 1 rəis və 3 mühəndis ştatı mövcud idi. Hazırda isə yeni əməliyyat modelinə əsasən bu xidmətlər birləşdirilərək Sayğac əməliyyatları xidməti yaradılıb. Burada 1 rəis, 1 satış üzrə mühəndis və 1 sayğac əvəzlənmə üzrə mühəndis fəaliyyət göstərəcək. Xəzər regionunda isə Kommersiya şöbəsində mühəndislərin sayı 6-dan 19-a qaldırılıb.
Mütəxəssislərin sözlərinə görə, bu yeni əməliyyat modelinin tətbiqindən sonra “Azəriqaz”ın itkiləri 2-3 dəfə artacaq”.