"Beynəlxalq Bank işi"ndə sensasion gəlişmələr
Beynəlxalq Bankın sabiq rəhbəri həbsdən müqavimətə başladı; Keçmiş bank rəhbərinin 9 ay sonra həbsi və “dilinin açılması” hakimiyyət daxilində yeni bir gərginliyə yol açıb; bəzi nazirlərin sonu yaxınlaşır; vəkil maliyyə naziri Samir Şərifovu niyə nişan verdi?; yeni hәbslәr gözlәnir
Xeberinfo.com: Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin dekabrın 5-də həbsi “kredit işi”ilə bağlı istintaqa yeni yön verməklə bərabər, iqtisadi komandada yeni “zəlzələ effekti” yaradıb. C.Hacıyev gözlənilənlərin əksinə olaraq həbsdə susmur, əksinə, kameranın divarları arasında müqavimət göstərək, özünə “yoldaş axtarır”.
Mart ayından bəri israrla susan və heç bir açıqlama verməyən C.Hacıyev həbsindən bir həftə keçməmiş vəkili vasitəsilə irəli sürülən mənimsəmə ittihamında suçsuz olduğunu deyir, sensasion sayıla biləcək ad çəkir. Məlumata görə, C.Hacıyevin 9 ay sonra həbsi və “dilinin açılması” hakimiyyət daxilində yeni bir gərginliyə yol açıb ki, bu da bəzi nazirlərin də sonunu gətirə bilər. O da mümkündür ki, C.Hacıyevin uzun müddətdən sonra həbsi məhz “dilinin açılmasına” da hesablanıbmış.
Cahangir Hacıyev Samir Şərifovu ittiham edir: “O, hara baxırdı?”
C.Hacıyevin vəkili Aqil Layıcov AzadlıqRadiosuna açıqlamasında bildirib ki, əgər kredit verilibsə və qaytarılmayıbsa, bu, Cahangir Hacıyevlik məsələ deyil.
“Əslində qaytarılmaqdan da getmir söhbət, kreditin qaytarılmasında ləngimələr var. Bu isə öz həllini tapa bilən məsələdir. Cahangir Hacıyevin içəridə olması bu məsələnin həllinə maneə yaradacaq. O, azadlıqda olanda 400 milyonluq vəsaitin 200 milyondan artığının banka qaytarılmasına nail olub. Öz əlaqələri, kanalları vasitəsilə bunu edib, bəzi sübutlar xaricdədir. İndi istintaq təcridxanasında saxlanması onun bu işi başa çatdırmasına imkan vermir. O, həbs ediləndən sonra bir manat da olsun geri qayıtmayıb”, - deyə, vəkil bildirib.
A.Layıcov onu da deyib ki, müdafiə etdiyi şəxs qaytarılmayan kreditlər üzrə özünü məsuliyyətli saymır. Çünki orda kriteriyalar var, bu kriteriyalar müəyyən olunmalıdır: “Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev sadəcə icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir”. Vəkil onu da bildirib ki, Cahangir Hacıyevin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əleyhinə ifadə verməsi barəsində yayılan məlumatların heç bir əsası yoxdur.
Samir Şərifov “bombanın partlayacağını” bilirmiş, amma...
Beynəlxalq Bank səhmlərinin 51,07%-i dövlət adından çıxış edən Maliyyə Nazirliyinə məxsusdur. Maliyyə nazirinin müavini Azər Bayramov isə Müşahidə Şurasının sədridir. Yəni C.Hacıyev vəkili vasitəsilə ilk dəfə açıq mətnlə bildirir ki, bankda baş verənlərdən maliyyə naziri Samir Şərifovun xəbərsiz olması mümkün deyildi. Bu yaxınlarda parlamentdə olan müzakirələrdə maliyyə naziri “hansı səbəbdən heç bir girov olmadan Beynəlxalq Bank müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verilib”, - sualına cavab olaraq C.Hacıyevi günahlandırmışdı: “Beynəlxalq Bankın sabiq rəhbərliyi tərəfindən ciddi səhvlərə yol verilib. Bu səbəbdən əvvəlki rəhbərlik tutduğu vəzifədən kənarlaşdırılıb. Bankın keçmiş rəhbərliyi təminat olmadan riskli layihələrə imza atıb. Beynəlxalq Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş tələblərə əməl etməyib. Hazırda bəzi edilən əməllərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır” deyə, məsuliyyəti C.Hacıyevin üzərinə qoyub.
C.Hacıyevlə S.Şərifov arasında münasibətlər heç vaxt yaxşı olmayıb. S.Şərifovun bank sektorunda özünə yaxın kadrları toplamasını C.Hacıyev heç vaxt həzm edə bilməyib. Onların münasibətlərin korlanmasının əsas səbəblərindən biri də bir neçə il əvvəl büdcə hesablaşmalarının Beynəlxalq Bankdan alınması idi. Samir Şərifov bu əməliyyatları həyata keçirmək səlahiyyətlərini “KapitalBank”a verdikdən sonra onların arasındakı gərginlik daha da artmışdı, həmçinin bu proses Beynəlxalq Banka xeyli maddi zərər vurmuşdu. Bəzi məlumatlara görə, Cahangir Hacıyevlə Samir Şərifovun münasibətləri açıq qarşıdurma səviyyəsinədək pisləşsə də, Eldar Mahmudov faktoruna görə maliyyə nazirinin C.Hacıyevi sıradan çıxarmağa gücü çatmayıb. Əksinə, “qudalar ittifaqı” bank sektorunda S.Şərifova güc göstərə bilib, bəzi bankları onun nəzarətindən çıxarıb, öz adamlarını yerləşdiriblər.
“Axı, necə olub ki, Samir Şərifov Cahangir Hacıyevin böyük məbləğli kredit tranşlarına göz yumub”, - sualının cavabını həm də E.Mahmudovun gücündə axtarmaq lazımdır. Məlumata görə, müəyyən periodda Maliyyə Nazirliyi və Mərkəzi Bank rəhbərliyi C.Hacıyevə xəbərdarlıq da edib. Amma bunların faydasız olduğunu biləndən sonra susmağa üstünlük veriblər. Belə xəbərlər də var ki, maliyyə naziri C.Hacıyevin “bombasının öz əlində partlayacağını” bilib və bunu zamanın öhdəsinə buraxıb. Məsələn, hələ bir neçə il əvvəl Cahangir Hacıyevin şəriki olan Xəqani Bəşirov adlı iş adamına Beynəlxalq Bankdan 185 milyon manat kredit verməsi, sonuncunun isə həmin pulları mənimsəməsi barədə iddialar ortaya çıxmışdı. Bildirilirdi ki, bankir X.Bəşirovun adına rəsmiləşdirilən müxtəlif məhdud məsuliyyətli cəmiyyətlərə kredit ayırıb. Həmin kreditlər vaxtında ödənilmədiyi halda, C.Hacıyev yenə də X.Bəşirovun nəzarətindəki MMC-lərə kreditlər ayırmaqda davam edib. O zaman da S.Şərifov susqunluğunun qoruyub və X.Bəşirov həbs olunsa da, az sonra müəmmalı şəkildə azad olunub, hazırda da Fransada yaşayır.
Əlbəttə, baş verənlərdə S.Şərifovun da ciddi məsuliyyəti var və bəzi iri həcmli kreditlərə onun razılığı verildiyi barədə məlumatlar da yayılıb. İddia edilir ki, S.Şərifov bəzi nazirlərin biznesini idarə edən iş adamlarına kredit ayrılmasında köməklik edib. Onların kimliyin isə C.Hacıyev də bilir. Xəbərlərə görə, C.Hacıyev qaytardığı 200 milyonun böyük hissəsini vəzifəli şəxslərdən toplaya bilib. Maliyyə naziri isə bu işə yaxın durmayıb və kredit verməyə kömək etdiyi hökumət adamlarına “borcunuzu qaytarın” deməyib.
Hacıyev bir neçə dəfə Şərifovla görüşüb də...
Maliyyə Nazirliyindəki mənbə isə ittihamla bağlı “Yeni Müsavat”a daha sensasion bilgilər verib. Mənbə deyib ki, C.Hacıyev işdən çıxarıldıqdan sonra bir neçə dəfə Maliyyə Nazirliyində olub və S.Şərifovla görüşüb də.
S.Şərifov prezidentə yaxın kadr kimi işini ehtiyatlı tutub və Beynəlxalq Bankla bağlı bəzi bilgiləri mütəmadi dövlət başçısına çatdırıb. Əslində bu qalmaqal elə Samir Şərifovun prezidentə məruzəsindən sonra ortaya çıxıb və Cahangir vəzifəsindən qovulub. Cahangir Hacıyev də məsuliyyəti “tək üzərinə götürməyəcəyi” barədə həm S.Şərifova, həm onun müavinlərinə, eləcə də adlarını hələ də sirr kimi saxladığı bəzi məmurlara xəbərdarlıq da edibmiş. Amma onlar E.Mahmudovun işdən rüsvayçı uzaqlaşdırılmasından sonra C.Hacıyevi yaxın belə buraxmayıblar, telefonlarını qaldırmayıblar.
Yeni həbslər olacaq
Gözlənilir ki, tezliklə S.Şərifovla bərabər C.Hacıyev digər yüksək vəzifəli şəxslərin də adlarını çəkəcək. Belə ki, E.Mahmudovdan sonra xeyli zəifləyən C.Hacıyevin tarana getməkdən başqa yolu da qalmır. Bu isə iqtidar daxilində yeni istefalar və səs-küylü həbslərə səbəb olacaq. Belə görünür ki, C.Hacıyevin həbsi ilə rahatlaşanlar indi daha da narahat olmağa başlayıblar...
“Yeni Müsavat”