Azərbaycan Türkiyə ilə qarşılıqlı sərmayə qoyuluşunun təşviqini müzakirə edib-FOTO
Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən genişmiqyaslı layihələr regional əməkdaşlığı şaxələndirməklə yanaşı, bölgənin mənzərəsini dəyişir.
Yenixeber.org: Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Ömer Bolatla görüşdə deyib.
M. Cabbarov bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələri iqtisadi sahədə də əməkdaşlığı, birgə təşəbbüslərin reallaşdırılmasını sürətləndirir.
"Türkiyə Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında Preferensial Ticarət Sazişi və bu Sazişə dəyişiklik haqqında Protokol iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul verir. Qardaş ölkələr arasında uğurlu investisiya tərəfdaşlığı həyata keçirilir, ticarət dövriyyəsi artır", - nazir bildirib.
Görüşdə M. Cabbarov Azərbaycan iqtisadiyyatı barədə məlumat verib, Türkiyə ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Ömer Bolat ortaq dəyərlərə malik olan ölkələrimizin dostluq və qardaşlıq münasibətlərini, strateji tərəfdaşlığını vurğulayıb, Azərbaycan-Türkiyə işgüzar dairələri arasında dialoqun gücləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib, iqtisadi potensialımızın tam həcmdə reallaşdırılmasının önəmini diqqətə çatdırıb.
Görüşdə iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, nəqliyyat, müasir standartlaşdırma və texniki tənzimləmə sistemi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Türkiyə Prezidentinin Maliyyə Ofisinin rəhbəri Göksel Aşanla keçirilən görüşdə Azərbaycan-Türkiyə birliyinin iqtisadi tərəfdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb, qarşılıqlı sərmayələrin təşviqi və sahibkarlığa dəstək sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan-Türkiyə iqtisadi-ticarət əməkdaşlığı uğurla inkişaf edir, hər iki ölkənin iştirakı ilə enerji və nəqliyyat sahəsində qlobal və regional əhəmiyyətli layihələr reallaşdırılır. İqtisadi, ticarət, maliyyə, sığorta, nəqliyyat və enerji sahələrində əməkdaşlığımız Azərbaycan və Türkiyə iqtisadiyyatının diversifikasiyasına töhfə verir.
Qeyd edilib ki, biznes dairələrinin birgə fəaliyyəti və sıx əməkdaşlığı Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşməsini və ölkələrimiz arasında ticarət dövriyyəsinin, investisiya qoyuluşunun artmasını stimullaşdıracaq.