Azərbaycan «Euro-4» standartının tətbiqinə hazırdır
"xeberinfo.com": Bu gün Bakıda Dövlət Gömrük Komitəsinin (DGK) Avtonəqliyyat Baş Gömrük İdarəsində Azərbaycanda «Euro-4» ekoloji standartına keçidlə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə görüş keçirilib.
Məlumatına görə, İdarənin rəisi İsmayıl Hüseynov bildirilib ki, ölkəyə idxal olunan avtonəqliyyat vasitələrinin qeydiyyata alınması «bir pəncərə» prinsipi ilə həyata keçirilir. Onun sözlərinə görə, bu məqsədlə avtomobil idxalçıları üçün iki məlumat köşkü quraşdırılıb: «Ölkə başçısının tapşırığı ilə ölkənin avtomobil parkı yenilənməli və daha yeni avtomobillərlə təchiz olunmalıdır. Həmçinin, avtomobillərin atmosferə tullantılarının azaldılması və «Euro-4» ekoloji standartlarına keçirilməsi qərara alınıb».
İ.Hüseynov qeyd edib ki, artıq bununla bağlı DGK və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) avtomobillərin «Euro-4» standartına uyğun olub-olmamsını birgə yoxlamağa başlayıb və bu iş bundan sonra da davam edəcək.
DGK-nin Mərkəzi Gömrük Ekspertiza İdarəsinin rəisi Mehriban Əlizadə isə bildirib ki, qurum avtomobillərin atmosferə atdığı zəhərli maddələri ölçərək onlara sertifikat verir. Bu sertifikat da SMPDK-nın standartlarına uyğun verilir: «Artıq bununla bağlı VAİZ sistemi yaradılıb. Avtonəqliyyat vasitələri onlayn sistemlə uyğunlaşdırılır. Bu sistemin iş prinsipinə uyğun olaraq onlayn vasitəsi ilə müraciət etməyən nəqliyyat vasitəsi qeydiyyata alınmayacaq və qeydiyyata alınmayan nəqliyyat vasitələrinə gömrük rəsmiləşdirilməsi və uyğunluq sertifikatı verilə bilməz».
M.Əlizadə deyib ki, elektron qaydada qeydiyyatdan keçən və uyğunluq sertifikatı alan avtonəqliyyat vasitələri ümumi sistemə daxil ediləcək: «Avtonəqliyyat vasitəsinin qeydiyyata alınması cəmi 10 dəqiqə vaxt aparır. Baxmayaraq ki, bir çox MDB ölkələrində bu 15-20 dəqiqə çəkir. Bunun üçün isə avtonəqliyyat vasitəsi sahibi 20 manat və 30 manat gömrük rüsumu ödəməlidir. Hər bir əməliyyat üçün isə bank tərəfindən 1 manat xidmət haqqı tutulur ki, bu xidmətdən istifadənin ümumi dəyəri 52 manat təşkil edir».
M.Əlzadə bildirib ki, ötən il 56 346 müraciət daxil olub ki, bunun da 56 333-nə sertifikat verilib, 13 nəfərin müraciəti isə qeydiyyata alınmayıb: «Bundan başqa, təhlükəsizlik yastığı olmayan maşınların da ölkəyə buraxılmasına qadağa qoyulacaq ki, biz bunu da yoxlayırıq».
Sonda M.Əlizadə qeyd edib ki, DGK-nin Mərkəzi Gömrük Ekspertiza İdarəsi Azərbaycanda «Euro-4» ekoloji standartının tətbiqinə tam hazırdır.