"Avropa Oyunlarında hər bir turist həftə ərzində 2000 dollar xərcləyib"
“Beynəlxalq qiymətləndirilmələrdə ölkəyə gələn hər bir turist həftə ərzində 1000 dollar xərcləyirsə, Avropa Oyunlarında hesablamalarımıza görə hər bir turist həftə ərzində 2000 dollar xərcləyib”.
"Xeberinfo.com": Məlumata görə, bu barədə AzVision.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Bakıda keçirilən ilk Avropa Oyunlarında iqtisadi gəlirləri deyil, strateji gəlirlərin qiymətləndirilməsinə ehtiyac var. Çünki bu tip layihələrin cari faydalarından strateji faydaları çoxdur:“Starteji faydalılıq cari faydalılıqdan çox olur. Avropa Oyunlarının keçirilməsi üçün xərclənən vəsaitin 78% infrastrukturun formalarşdırılmasına xərclənib. Təbii ki, xərclərə və gəlirlərə strateji tərəfdən yanaşmaq laızmdır. Avropa Oyunları ilə bağlı xərcləmələr hansısa şarın, fişəngin alınması üçün çəkilən xərclər deyil. Buradakı xərclər daha çox infrastruktur xərcləri idi. Hansı ki, Avropa Oyunlarından sonra da həmin infrastrukturdan istifadə olunacaq.
“Bakı-2015”in Azərbaycanda keçirilməsi imkan verdi ki, növbəti illərdə Azərbaycan “Formula 1”, İslam Həmrəylik Oyunları, Futbol üzrə Avropa çemionatının yarımfinal oyunlarını təşkil edə bilsin. Həmin infrastruktur imkan verəcək ki, çox cüzi xərclərlə kifayət qədər böyük və möhtəşəm yarışlar təşkil etmək olsun”.
İqtisadçı hesab edir ki, ölkənin rəqabət qabiliyyətinin tətbiq edilməsi, xaricdən daha çox sərmayənin cəlb edilməsi imkanlarının olması da I Avropa Oyunlarının iqtisadi strateji nəticələri kimi qiymətləndirilməlidir: “Ölkəyə gələn turistlərin sayı 28 mindən artıq olub. Beynəlxalq qiymətləndirilmələrdə ölkəyə gələn hər bir turist həftə ərzində 1000 dollar, Avropa Oyunları keçirilən ərəfədə isə hesablamalarımıza görə 2000 dollar xərcləyib. Nəzərə alsaq ki, onlar ölkəyə xarici valyuta gətiriblər, yalnız turistlərin ölkə iqtisadiyyatına yatırımı 60 milyon dollardan artıq olub.
Təbii ki, bu rəqəm yalnız otellərin, müxtəlif xidmətlərin istifadəsindən əldə olunub. Eyni zamanda hava nəqliyyatından istifadə ilə bağlı turistlərin xərclərini də bu gəlirlərin üstünə əlavə etmək olar. Onu da deyim ki, Avropa Oyunları ərəfəsində AZAL turistlər üçün ciddi güzəştlər təşkil etdiyindən turistlər yerli aviakampaniyanın xidmətlərindən istifadə edib. Yayım, reklamlardan, o cümlədən sponsurludan da gəlir əldə olunub ki, bu gəlirlər də cari gəlirlər kimi hesablanmalıdır. 17 gün ərzində əldə olunan cari gəlirləri qiymətləndirsək cari gəlirlərlə bağlı hədəflərə nail olmaq mümükün oldu”.
İqtisadi baxımdan xərcləri heç bir halda cari gəlirlərlə müqayisə etməyin doğru olmadığını deyən V. Bayramovun sözlərinə görə, sonrakı illərdə infrastrukturun gətirəcəyi gəlirləri nəzərə alsaq, o zaman Avropa Oyunları gəlirləri xərclərindən daha çox olan təşəbbüs kimi qiymətləndirilməlidir.
Ölkəyə qısa zaman kəsiyində çoxsaylı turistin gəlməsi ilə manatın kursunun sabitləşdiyini deyən iqtisadçı onu da qeyd edib ki, turist axını manata olan tələbatı artırdı:
“Dollar təklifinin çoxalması manata tələbatı artırıb. Ölkəyə daxil olan valyuta həcminin artması və ya qısa müddətdə daha çox turistlərin gəlməsi manatın stabitliyinin artırıb. Azərbaycan turizm inkişafında maraqlı ölkədir. Avropa Oyunlarında hər bir turistin gələcəkdə digər turistlərin də ölkəyə gəlməsinə zəmin yaratdığını nəzərə alsaq əslində ölkəyə gələn turistlərin sayının artması manatın stabilliyi baxımından təqdirəlayiq hesab edilə bilər”.
Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov açıqlamasında bildirib ki, bilet satışı, sponsor və yayım hüquqlarından ümumilikdə təxminən 15-17 milyon vəsait toplanıb.