“Avropa Oyunları iqtisadiyyatımız üçün müsbət rol oynayacaq”
"“Bakı 2015” Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox müsbət hadisədir"
"Xeberinfo.com": Məlumata görə, bunu Publika.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Vahid Əhmədov bildirib.
Onun sözlərinə görə, Bakı Avropa Oyunlarının iqtisadi əhəmiyyətindən çox, siyasi əhəmiyyəti böyükdür. V.Əhmədov deyib ki, “Bakı 2015” Avropa Oyunları Azərbaycanı dünyaya tanıtmaq üçün böyük fürsətdir: “Çünki Azərbaycana 50-yə yaxın ölkədən xeyli sayda idmançı gələcək. Həmin idmançılar gəlib Azərbaycanda gedən prosesləri, inkişafı və real vəziyyəti görəcəklər. Bu baxımdan da Avropa Oyunları Azərbaycan üçün çox əhəmiyyətli tədbirdir. Azərbaycan hökuməti Bakı Avropa Oyunlarına hazırlıq üçün böyük vəsaitlər xərcləyib və bunun nəticəsində ölkəmiz də böyük faydalar əldə edəcək. Eyni zamanda, Bakı Avropa Oyunları vasitəsilə Qarabağ məsələsini dünyaya bir daha çatdırmaq imkanları olacaq”.
V.Əhmədov “Bakı 2015” Avropa Oyunlarının Azərbaycana verəcəyi iqtisadi üstünlükləri də açıqlayıb: “Xaricdən bu oyunlara görə Azərbaycana kifayət qədər turist axını olacaq. Hər halda, gələn turistlər də burada vəsait xərcləyəcəklər. Bundan əlavə, bilet satışından da müəyyən vəsaitlər əldə olunacaq. Təbii ki, bütün bunlar da Azərbaycan iqtisadiyyatı üçün müsbət rol oynayacaq”.
Gələn turistlərin özləri ilə Azərbaycana xarici valyuta gətirməsi məsələsinə də toxunan V.Əhmədov qeyd edib ki, bunun dövlətimiz üçün heç bir təhlükəsi yoxdur: “Çünki Azərbaycanda alış-veriş əsasən milli valyuta ilə, manatladır. Gələn turistlər də öz valyutalarını manata çevirəcəklər. Bu baxımdan da mən burada hər hansı təhlükə görmürəm”.
Deputat “Bakı 2015” Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını da pisləyib: “Bu cür kampaniyalar Azərbaycana qarşı hər zaman həyata keçirilib. Bu, birinci dəfə deyil. Son vaxtlar Azərbaycanda nüfuzlu beynəlxalq tədbirlər tez-tez təşkil olunur. Ötən gün isə mənim də iştirak etdiyim Asiya İnkişaf Bankının Bakıda beynəlxalq toplantısı keçirildi. Bu tədbirdə 150-dən çox xarici bankların nümayəndələri iştirak edirdi. Bütün bu tədbirlər Azərbaycan üçün çox əhəmiyyətlidir. Təbii ki, bütün bunları gözü götürməyən dövlətlər də var. Hər bir dövlət istəyir ki, Azərbaycanın enerji ehtiyatlarını özü istifadə etsin, bunun üçün Azərbaycanı özündən asılı vəziyyətə salsın və sairə. Ona görə də Azərbaycana qarşı bu cür təbliğatlar aparılır. Ancaq bununla heç nə dəyişməyəcək. Çünki Azərbaycan dövləti bütün bunlara qarşı öz tədbirlərini görür. Bundan əlavə, artıq Azərbaycan müstəqil dövlət kimi dünyada kifayət qədər tanınır, Azərbaycanın hansı inkişaf yolu keçdiyini yaxşı bilirlər. Ona görə də bu cür qarayaxma kampaniyalarının Azərbaycanda elə böyük təsiri olmayacaq”.