“ABŞ Azərbaycan qazı üçün Rusiya ilə savaşır”
Makedoniya ABŞ və Rusiyanın yeni döyüş müstəvisinə çevrilib. Söhbət, Ağ Evin Avropanın enerji təhlükəsizliyi üçün əsas mənbə kimi Azərbaycan qazını seçməsi, Kremlin isə “Türk axını” layihəsini irəli sürərək sona qədər israr etməsindən gedir. Makedoniya Rusiya qazının Avropaya çıxarılmasında əsas marşrutlardan biridir. Belə ki, Yunanıstan hökuməti Moskva ilə razılaşsa belə, yunan torpaqlarına qədər çıxarılacaq rus qazının Avropa bazarına aparılması üçün mütləq şəkildə Makedoniya yolu təmin olunmalıdır.
"Xeberinfo.com": Publika.az xəbər verir ki, bu ABŞ-ın “Blomberq” agentliyi yazıb.
Bu planlar hazırlandığı bir vaxtda Makedoniya bir-birinə qarışdı, insanlar küçələrə çıxdı və hökumətin getməsi tələbi qoyuldu.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu haqda deyir: “Makedoniyada baş verən hadisələr bu ölkənin hökumətinin Rusiyaya qarşı sanksiyalara aktiv şəkildə qoşulmaması fonunda diqqət çəkir. Xüsusilə, “Türk axını” layihəsinə qarşı Brüssel və Vaşinqtonun tutduğu mövqe bizi düşündürür. Əminliklə deyə bilmərəm, amma bu hadisələrin arasında hansısa əlaqənin olduğuna dair hisslərdən qurtula bilmirik”.
“Blomberq” qeyd edir ki, Lavrovun fərziyyələri təsadüfi deyil. Belə ki, ötən ilin dekabrında Vladimir Putib “Cənub axını” layihəsindən imtina etdi. Hansı ki, bu xətt Ukraynadan yan keçərək Bolqarıstan vasitəsilə Avropaya uzanacaqdı. Brüssel Sofiyaya güclü təzyiq etdi və layihəni dəstəkləyən bolqar hökuməti bundan imtina etdi.
Lakin bu, Putini dayandırmadı və o, “Türk axını” adlandırdığı boru kəmərini Türkiyə vasitəsilə Balkanlara qədər uzatmaq qərarını verdi. Kremlin sahibi bununla bağlı Ərdoğanla razılaşdı. Hazırda Avropa Birliyinin üzvlüyünə namizəd olan Serbiya çıxılmaz vəziyyətdə qalıb. Bu boru kəməri Bolqarıstandan yan keçərək Serbiyaya çıxarıla bilər. Lakin bunun üçün əvvəlcə Yunanıstana, daha sonra Makedoniyaya qədər uzadılmalıdır.
Birləşmiş Ştatlar isə Yunanıstana xəbərdarlıq edir və Afinanı oyundan çıxmağa çağırır. Çünki Vaşinqton təkidlə Azərbaycan qazının əsas mənbə olmasını istəyir. Güman ki, bu yolda o, sona qədər gedəcək.
Moskvada düşünürlər ki, Makedoniya hadisələrinin arxasında ABŞ dayanır. Hansı ki, onlar 2003-cü ildə Gürcüstanda, 2013-cü ildə Ukraynadakı inqilabın da məhz Vaşinqtonun etdiyini iddia edirlər. Hətta bununla sadə ruslar da razılaşır. Əslində burda təəccüblü heç nə yoxdur və bütün kartlar açıqdır. Sadəcə olaraq, Rusiya kimin nə gətirdiyi məsələsinə diqqət yetirmir. Axı Qərb özü ilə həm də demokratiya gətirir, ruslarsa yalnız müharibə.
Bu gün Makedoniyada yaşananlar da əslində ABŞ-Rusiya qarşıdurmasının yeni müstəvisidir. Belə çıxır ki, ABŞ Azərbaycan qazı üçün Rusiya ilə Makedoniyada savaşır. Əslində bir çox nüanslara görə qazın alıcısı Qərb haqlıdır. Lakin bunu Rusiya anlamır, yaxud anlamaq istəmir.