O səbətdə olmamaq qüssəsi -Moskvada DÇ-nın püşkatma həyəcanı başlayır
Təxminən 1 sutka sonra- dekabrın 1-də Bakı vaxtilə saat 19-da bütün dünyanın diqqəti Moskvada olacaq. Səbəb səbətdir desək, yanılmarıq. Amma təəssüf ki, dünyanın 32 ölkəsinin milli komandasının yer aldığı o səbətdə Azərbaycan yoxdur...
Yenixeber.org: Söhbət Rusiyanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatından gedir. O çempionatdan ki, bizdən bir çox sahələrdə geri qalan ölkələr, heç babat stadionları olmayan milli komandalar indi böyük həyəcanla püşkatmanın nəticələrini gözləyirlər. Bu böyük bayramda, bu böyük həyəcanda bizim olmamamız əlbəttə ki, üzücüdür. Keçmiş Sovet İttifaqı ölkələrindən yalnız Rusiya- o da ev sahibi kimi qatılacağı dünya çempionatında bizə doğma olan Türkiyə belə çempionatdan kənardadır. Hələ Ukrayna Avropa çempionatına ev sahiblərindən bir olacağı qətiləşəndə arzumuz idi ki, bu böyük futbol bayramında iştirak edək. Sonra ümid edirdik ki, Rusiyaya-Xəzərin o biri tayına gedə biləcəyik. Həm milli komanda, həm azarkeş olaraq. Seçmə mərhələdə bir az ümidlənmişdik də. Amma olmadı! Bunun səbəbləri ilə bağlı çox yazmışıq, yenidən yara deşməyin mənası yox. Fəqət, adamın bu ciddi futbol tədbiri ərəfəsi sevinə bilməməsi...özü artıq bir nəticədir. Ola bilsin, bizim futbol rəhbərliyimiz, elə hələ də Bakıdan səs-sorağı kəsilməyən milli komandanın sabiq baş məşqçisi Robert Prosineçki başqa əhval-ruhiyyədə olsunlar. Azarkeş üçün isə bu ağır hisdir. Azərbaycan nə vaxtsa orada olacaq, amma o zaman futbolu daha çox sevən bir nəsil azarkeşlər olmayacaq! Üzücü həm də bu!
Sabah Kreml Sarayında keçiriləcək püşkatmada 32 komandası 8 qrupa bölünəcək. APA xəbər verir ki, DÇ-2018-in final mərhələsinin püşkatma mərasiminin aparıcıları İngiltərə futbolunun əfsanəsi Qari Liniker və rusiyalı idman jurnalisti Mariya Komandnaya olacaq. DÇ-1986-nın bombardiri olan ingiltərəli ilə “Matç TV” və “FOX Sports” kanallarında çalışan rusiyalı xanıma püşkatmada 8 assistent də kömək edəcək. Bunlar dünya çempionu olmuş komandaların nümayəndələridi.
Dünya kubokunu səhnəyə gətirəcək almaniyalı Miroslav Kloze (Almaniya), həmçinin Loran Blan (Fransa), Qordon Benks (İngiltərə), Fabio Kannavaro (İtaliya), Kafu (Braziliya), Dieqo Maradona (Argentiina), Karles Puyol (İspaniya) və Dieqo Forlan (Uruqvay) da aparıcılara assistentlik edəcək.
DÇ-2018-də Avropadan 14 komanda - Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.
Asiyanın 5 komandası - İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Yalnız Okeaniya bu dəfə də mundialsız qalıb.
Rusiya millisi meydan sahibi kimi püşksüz A qrupunun 1-ci komandası olacaq. Ümumilikdə isə komandalar FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər.
I səbət
Rusiya
Braziliya
Almaniya
Portuqaliya
Argentina
Belçika
Polşa
Fransa
***
II səbət
İspaniya
Peru
İsveçrə
İngiltərə
Kolumbiya
Meksika
Uruqvay
Xorvatiya
***
III səbət
Danimarka
İslandiya
Kosta-Rika
İsveç
Tunis
Misir
Seneqal
İran
***
IV səbət
Serbiya
Nigeriya
Avstraliya
Yaponiya
Mərakeş
Panama
Cənubi Koreya
Səudiyyə Ərəbistanı
Püşkatma zamanı komandaların hansı konfederasiyanı təmsil etməsi də böyük rol oynayacaq. Belə ki, eyni qrupda minimum 1, maksimum 2 Avropa təmsilçisi yer alacaq. Yəni 6 qrupda 2, 2 qrupda 1 “Köhnə qitə” yığması çıxış edəcək. Digər qitələr isə eyni qrupda birdən artıq komanda ilə təmsil oluna bilməz.
Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.
Nazim Sabiroğlu