Qubada- iki kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarıldı
Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirilib.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbirlərlə rayon sakini Ramil Kazımov rayon ərazisində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd kibrit qutusunda çəkisi 1.5 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb. R.Kazımov ifadəsində narkotik maddəni Quba rayonu Xaroşa kənd sakini İntiqam Zeynalovdan aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan İ.Zeynalov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi bir ədəd kibrit qutusunda çəkisi 6.47 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilmiş tədbirlərlə İ.Zeynalovun narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən gecə saatlarında həyata keçirilən təxirəsalınmaz tədbirlərə ona satış üçün narkotik vasitəni verən həmkəndlisi, Yafət Balayev də tutularaq istintaqa təqdim olunub.
Saxlanılan zaman Y.Balayevin üzərinə keçirilən baxış zamanı ondan satış məqsədi ilə üzərində gəzdirdiyi bir ədəd kağız bükümdə çəkisi 7.76 qram, yaşadığı evdən isə ümumi çəkisi iki kiloqrama yaxın olan plastmas qablarda və sellofan torbalarda, həmçinin kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana, eləcə də çətənə toxumları və bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlarla bağlı Quba RPŞ-də cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir.