NARKOTİK MADDƏLƏRİN SATAN İKİ DƏSTƏ İFŞA EDİLDİ
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən ümumilikdə yeddi nəfər olmaqla iki dəstə ifşa edilib.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qusar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş “Əxi” ləqəbli 44 yaşlı Yagir Həzərov rayon ərazisində quraşdırılmış müvəqqəti stasionar postdan keçmək istəyən zaman saxlanılıb. Hal şahidlərinin iştirakı ilə Y.Həzərovun üzərinə keçirilən şəxsi baxış zamanı ondan bir ədəd sellofan bükümdə narkotik maddə olan heroin aşkar olunaraq götürülüb. Yagir Həzərov ifadəsində narkotik maddəni Quba rayon sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Xalid Əmirəliyevdən aldığını bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul olan X.Əmirəliyev şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunub. Onun üzərinə keçirilən baxış zamanı satış məqsədi ilə üzərində gəzdirdiyi bir bükümdə çəkisi 11,529 qram olan heroin, dörd bükümdə narkotik maddə metamfetamin, eləcə də idarə etdiyi nəqliyyat vasitəsindən qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Keçirilmiş tədbirlərlə X.Əmirəliyevin narkotik maddələri əldə etdiyi mənbə də müəyyənləşdirilib. Ona satış üçün bu maddələri verən Quba rayon sakini, “Baba” ləqəbli Suliddin Həsənov da tutularaq istintaqa təqdim olunub. Hal – hazırda dəstənin digər üzvlərinin ifşa olunması istiqamətində tədbirlər davam etdirilir.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı və dövriyyəsi ilə məşğul olan daha dörd nəfər də ifşa olunub. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş Qusar rayon sakinləri, “Makay” ləqəbli Renad Tahirov, Fazil Bağışov, Quba rayon sakinləri İmran Əliyev və Elmar Kərimov olduqları müəyyən edilib. Saxlanılan şəxslərin hər birindən satış üçün hazırlanmış narkotik maddə heroin və qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı saxlanılan hər bir şəxs barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində AR Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.