Ötən ilin dekabrında Rusiyanın Yamal-Nen muxtar vilayətinin inzibati paytaxtı Nadımda azərbaycanlı qruplaşmalar arasında baş vermiş, bir nəfərin ölümü, iki nəfərin yaralanması lə nəticələnmiş atışma barədə yeni versiyalar meydana çıxıb. Həmin silahlı qarşıdurmanın tərəflərindən birinin-Axundov qardaşlarının Nadımda kriminal qruplaşma liderləri olduqları və azərbaycanlılardan haqq yığdıqları bildirilir. Öz növbəsində Axundovlar da Məmmədovları kriminal əməllərdə günahlandırır.
Yenixeber.org: Xəbər verildiyi kimi 2018-ci il dekabrın 1-də Nadım şəhərində iki qrup arasında atışma olub. Atışmada bir tərəfdən Axundov qardaşları, digər tərəfdən Məmmədov qardaşları və onların Akşin Həsənov adlı qohumu iştirak edib. Akşin Həsənov başından yaralanıb və hadisə yerində ölüb. Məmmədov qardaşları yaralansalar da sağ qalıblar. Regional İstintaq İdarəsindən bu gün iyunun 13-də bildiriblər ki, Axundov qardaşları həbsdədir, amma atışmanın motivləri barədə istintaq sirri olduğu üçün açıqlama verilməyəcək.
Bundan əvvəl atışmada yaralanan qardaşlardan biri-Yalçın Məmmədov yerli “Novıy Den” agentliyinə müsahibəsində deyib ki, Axundov qardaşları kriminal liderlərdir və şəhərdəki bütün sahibkarlardan haqq yığırlar. Qarşıdurma isə Məmmədovların onlara haqq verməkdən imtina etməsi səbəbindən yaranıb.
Axundovlar öz qardaşı oğlanlarına atəş açır…
Lakin 2019-cu ilin iyun ayının 11-də anonim mənbə internetə münaqişənin səbəbi barədə fərqli versiya yerləşdirib. Təxmin etmək olardı ki, bu Axundov qardaşlarının versiyasıdır.
Orada deyilir ki, əslində münaqişənin bütün iştirakçıları bir-birləri ilə qohumdur. “Yalçın və Mais Məmmədov qardaşları Qaraş və Cəmil Axundov qardaşlarının qan qohumlarıdır, daha doğrusu Qaraş və Cəmilin mərhum qardaşının oğullarıdır”-məlumatda deyilir.
Bundan əlavə münaqişənin Axundov qardaşları tərəfdən daha bir iştirakçısı da məlum olub. Bu, Rəşad Məmmədlidir. Anonim mənbənin versiyasına görə atışma baş verən gün Məmmədov qardaşları onu oğurlamışdılar. Lakin o qaçıb xilas ola bilib. Məhz bu adam oğurluğu atışmaya gətirib çıxarıb. Rəşad Məmmədli də Axundov qardaşlarının qohumudur.
Rəşad Məmmədlinin oğurlanması və şil-küt edilməsi
“Rəşad Məmmədli atışmadan dərhal sonra daxili orqanlarının çoxsaylı zədələnmələri, qabırğalarının sınması, burnunun sınması və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Oğurlanarkən onun yanında arvadı Anna olub. Nadım Mərkəzi Xəstəxanasında isə təkcə burun sınmasını və bəzi sıyrıqları qeydə alıblar. Rəşad 6 gün həmin xəstəxanada qaldıqdan sonra müalicə üçün Moskvaya getməli olub, orada onun qalan zədələri qeydə alınıb. Cəmil Axundov da iki güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Bütün cinayət faktları, videomüşahidə kameralarının görüntüləri ortadadır. Bəs bizim hakimiyyət hara baxır? Bəlkə onlar üçün yaganə arqument Məmmədovların sosial şəbəkələrdə yaydıqları böhtandır? Çünki Yalçın Məmmədov dəfələrlə belə məlumatlar yayıb ki, Axundov qardaşları qatildir, Rəşad isə onlarla əlbirdir…”,-anonim mənbə “Vkontakte” sosial şəbəkə platformasında yazır.
Bu mənbəyə görə Rəşad Məmmədli Məmmədov qardaşları tərəfindən dekabrın 1-də görüşə çağırılıb. Və oğurlanıb. Onu şəhərdən kənara aparıb öldürmək və basdırmaq istəyiblər. Rəşad Məmmədlini 6 nəfər döyürmüş, onlardan ikisi Məmmədov qardaşları idi. Amma bu şəxs yolda özünü maşından ataraq qaçmağa müvəffəq olub.
Tərəflər “razborka”ya gedirlər, silahlar işə düşür
Rəşad Məmmədlini bu halda görən Axundov qardaşları Məmmədovlardan soruşublar ki, nədən onlar öz qohumlarına divan tutublar və öldürmək istəyblər? (Rəşad Məmmədli həm Məmmədov, həm Axundov qardaşları ilə qohumdur)
Axundov qardaşları üz-gözü qan içində olan Rəşadı götürüb Məmmədov qardaşları ilə söhbətə gediblər. Və məlum olub ki, görüş yerində onları Məmmədov qardaşlarının bir neçə silahlı adamı, o cümlədən Məmmədov qardaşları ilə qohum olan (hərçənd Axundovlar bu qohumluğu inkar edir) Akşin Həsənov gözləyirdi. Avtomobildən düşən Qaraş Axundova birinci Mais Məmmədov hücum edib və onu yerə yıxmağa çalışıb, plana görə qalanları onu güllələməli idi. Bu vaxt Cəmil Axundov maşından çıxıb və dərhal 4 güllə yarası alıb. Ardınca hər iki tərəfdən silahlar işə düşüb və Akşin Həsənov aldığı güllə yarasından yerindəcə ölüb.
Yalçın Məmmədovun cavabı: “Bu günə qədər Axundovlar neçə adam öldürüblər?”
Bu versiyaya iyunun 13-də Yalçın Məmmədov sosial şəbəkələrdə cavab verib. Onun sözlərinə görə, bütün bu yazılanların müəllifi çox güman ki, Qaraş Axundovun oğlu Ruslandır.
Y.Məmmədov istintaq bitənə qədər bütün təfərrüatları açıqlaya bilməyəcəyini bildirib. Amma Axundovlar ailəsinin törətdiyi bəzi cinayət epizodları haqda məlumat verib.
“Axundovların fanatlarına müraciət edirəm. Sual-bu günə qədər onlar neçə adam öldürüblər? Kimə maraqlıdırsa Daxili İşlər İdarəsinə müraciət edib yoxlasın. Bundan əlavə rəsmi olaraq açıqlanmayan qətllər də xeyli çoxdur. Bunlar həmin qətllərdir ki, onları Axundov qardaşları törədiblər, amma əvəzində başqaları həbsdə otururlar. Gəlin hələlik rəsmi açıqlanan qətllər haqda yazım.
Tükürpədici cinayətlər seriyası: Azərbaycandan başlamış Uzaq Sibirə qədər
Mütəşəkkil Cinayətkar Qruplaşmanın başçısı Axundov Qaraş. 1. Azərbaycan, 1988-ci il. Qaraş adamı ölüncə döyüb, aldığı yaralardan həmin adam ölüb. Cəzadan yayınıb.
2. Tümen, 1999-cu il. Axundov Qaraş şəhərin mərkəzində tapançadan atəş açmaqla iki nəfəri öldürür. Cəmi 4 il həbs cəzası alır, 2 il sonra şərti cəza ilə azadlığa çıxır.
3. Azərbaycan, 1997-ci il. Axundov Şaiq adamı ölüncə döyür. Aldığı yaralardan adam ölür, amma qatil cəzasız qalır.
4. Nadım, 2008-ci il. Axundov Şaiq Lankon yaxınlığında Azərbaycan diasporunun liderini öldürür. 13 il ciddi rejimli həbs cəzası alır. 8 il sonra Azərbaycana göndərilir və orada azadlığa buraxılır.
5. Nadım, 2005-ci il. Axundov Əlizadə öz həmyerlisini başına bir neçə dəfə atəş açmaqla öldürür. Cəmi 3 ay həbsdə yatır.
6. Panqodı, 2009-cu il. Axundov Əlizadə adamı ölümcül hala düşənə qədər döyür. Bütün azərbaycanlıları qorxudur ki, hamı ona haqq versin.
7. “Lankon” kafesində 2005-ci ildən bura nə qədər adam bespredel şəkildə döyülüb, sayı-hesabı yoxdur.
8. Nadım, dekabr 2018. Axundov Qaraş, Axundov Cəmil, Rəşad Məmmədov və onların adamları əmimiz oğlu Akşini öldürür, məni və qardaşım Maisi ağır yaralayır. Nəyə görə Rəşad Məmmədov cinayət işində Rəşad Məmmədli kimi göstərilir? Çünki bunlar feyk sənədlərdir”,-Məmmədov yazır.
Vilayət üzrə İstintaq İdarəsindən isə bütün bunlar şərh etməyiblər, təkcə onu deyiblər ki, Axundov qardaşları həbsdədir və qarşıdurmanın motivləri barədə istintaq sirri olduğu üçün açıqlama verilməyəcək.
Qeyd edək ki, Axundovların tayfası və onların qanlı “razborka” apardıqları qohumları Lənkəran rayonundandır. Belə ki, istintaq sənədlərinə görə Axundov Qaraş Hacıbaba oğlu 1970-ci ildə Lənkəran rayonunun Separadi qəsəbə sakinidir, Rusiya vətəndaşlığı daşıyır. (Bizimyol.info)