“Ona yalvardım ki, ancaq 100 min dollar tapa bilmişəm” -"MTN İŞİ"
Maliyyə Nazirliyinin Şirvan rayon şöbəsinin sabiq rəisi Elşən Mədətovun 2007-ci ildə “Texnika Bank” ASC-nin “Bakı” filialına müqavilə bağlayaraq 12 faizlə 623 min avro əmanət qoyması onun üçün böyük bir bəlaya çevrilib.
Xeberinfo.com: Ləğv edilmiş MTN-in hazırda həbsdə olan şöbə rəisi Vüsal Ələkbərov ona hədə-qorxu gələrək yüzminlərlə dollar pulunu alıb.
E.Mədətov istintaqa verdiyi ifadəsində bildirib ki, 2008-ci ilin iyun-iyul aylarında bank tərəfindən qoyduğu əmanətlərə görə faizlərin verilməsi dayandırılıb: “Avqust ayında Fransaya istirahətə getdim, qayıdanda bildim ki, filial müdiri Zal Yusifov həbs edilib. Oktyabr ayında Vüsal Ələkbərov zəng edərək məni MTN-ə çağırdı. Səhəri gün getdim, 5 saat boş otaqda gözləyəndən sonra Vüsal Ələkbərov məni qəbul etdi. O, mənə “sən banka pul qoymusan, mütəşəkkil cinayət dəstəsinə qoşulub Zal Yusifovla bankı talamısız, ona görə də MTN-nin rəhbərliyinə 300 min dollar verməlisən, yoxsa səni də Zal Yusifovala eyni ittihamla tutacağıq” dedi. Cavab olaraq banka qanuni yollarla pul qoyduğumu deyəndə Vüsal “nə olsun ki, qanuni qaydada pul qoymusan. Banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu rəhbərliyin tapşırığıdır” deyib məni həbs edəcəkləri ilə hədələdi.
Mən də qorxub 100 min dollara razılıq verməsini xahiş etdim. Vüsal Ələkbərov otaqdan çıxıb Mövlam Şıxəliyevlə məsələhətləşdikdən sonra razılaşdıqlarını dedi. İfadə almadan məni buraxdı, pul toplamağa başladım. Özümdə 45 min dollar var idi, qardaşım Kamal Mədətovdan 50 min dollar, qaynatamdan 5 min dollar borc aldım. 15-20 gün sonra Vüsala zəng edib pulun hazır olduğunu dedim, məni MTN-ə çağırdı. Qaynım və sürücümlə birlikdə ora getdim, Vüsalın otağında 100 min dolları qoyduğum kağız zənbili ona verdim”.
E.Mədətov bir dəfəyə ödədiyi külli-miqdarda pulla belə canını qurtara bilməyib:“Bir neçə gün sonra Vüsal yenidən mənə zəng edib nazirliyə çağırdı. Mən ora çatanda o, girişin qarşısında “Toyota” markalı maşında oturmuşdu. Mən də onun maşınında oturdum. Vüsal dedi ki, “rəhbərlik deyir sənin pulunu qaytarım, çünki əleyhinə ifadə var. Zal və oğlu ifadə veriblər ki, sən bankı onlarla birgə talamısan”.
Bundan sonra məndən 300 min dollar verməli olduğumu dedi. Sonra da 15-20 gün vaxt verdiyini, bu məsələni başqa heç yerdə danışmamağımı, əks təqdirdə uşaqlarımı ilişdirəcəklərini dedi. Məcbur olub evdəki bütün qızılları satdım, dostumdan və qayınatamdan borc aldım. Pulu götürüb MTN-ə getdim. Vüsalın otağında ona yalvardım ki, ancaq 100 min dollar düzəldə bilmişəm.
Vüsal da rəhbərliyə məruzə edərək xəbər verəcəyini bildirdi, 1-2 gün sonra zəng edib “pulu tam çatdır, rəhbərlik razılaşmır” dedi, əlavə də 10 gün vaxt verdi. Yenə də dostum Qacarın başqa bir tanışından 20 min, yeznəm Nəsrəddin Sultanovdan 30 min dollar borc aldım. Vüsala zəng edib “cəmi 50 min toplaya bildim, daha heç yerdən pul tapa bilmirəm, istəyirsən məni tut, verdiyim pulları da qaytar, ya da 50 mini götür” dedim. Təqribən 1 saat sonra zəng edib “təbrik edirəm, rəhbərlik razılaşdı” dedi. Səhəri gün onunla görüşüb pulu verdim.
Bundan sonra Şirvan şəhərində yerləşən restoranı, Sabirabad rayonundakı dəyirmanı satıb borclarımı qaytardım”.
E.Mədətovun borc aldığı qardaşı Kamal Mədətov qeyd edilən hadisələr baş verən zaman da, hazırda da “Rabitə Bank” ASC-nin Müşahidə Şurasının üzvüdür. Ondan öncə isə “Bakcell”in Direktorlar Şurasının sədri olub. K.Mədətov da istintaqda dindirilib. O, qardaşının dedikləri ilə eyni məzmunlu ifadə verib və qardaşına 50 min dollar borc verdiyini təsdiqləyib.
(qafqazinfo)