Məhkəmədə vəkillər dalaşdı -“Rabitə işi”
Günün ikinci yarısında davam edən prosesdə Oqtay Rüstəmov prokurorun suallarını cavablayıb.
Xeberinfo.com: O bildirib ki, ona heç kim 243 min manat pul verməyib: “Burda durub kim deyə bilər ki, Oqtaya o pulu vermişəm. Bizim müəyyən səhvlərimiz var. Ona görə də içəridəyik. Gərək biz gördüyümüz şeylərlə bağlı tədbirlər görərdik”
Vəkillərin suallarını cavablandıran baş mühasib bildirib ki, məhkəmədə verdiyi ifadələr həqiqəti əks etdirir: “Mənim səmimiyyətimə inana bilərsiniz. İttihamlar üzrə özümü təqsirli bilmirəm. “Aztelekom” MMC-in rayon qovşaqlarında aparılan təmir-tikinti işlərinə aparılan materialların şişirdilməsindən xəbərsizəm. Burda tikinti işləri ilə məşğul olanlar var. Onlarla heç bir əlaqəm olmayıb. Ayda iki dəfə müəssisəmizdə pul vəsaitlərinin hesabları ilə əlaqədar müzakirələr olurdu. Orda olan məsələlərin hər biri protokollaşdırılırdı. Bütün bunlarla bağlı məsələr nazirliyə məruzə edilirdi”.
Gəlirlərində danışan Oqtay Rüstəmov bildirib ki, ona heç zaman paket verməyib: “Aylıq orta əmək haqqım 1600 manat olub. Bundan əlavə, mənim marketinqlə bağlı kitablarım Avropa ölkələrində satılır. Kitabın biri 54 avrodur. Bundan əlavə müəllim kimi fəaliyyət göstərirdim”.
Vəkillərin “Göstərişləri kimdən alırsınız?” sualına cavab verən Oqtay Rüstəmov cavab verməyib.
Bu zaman onun keçmiş rəhbəri Məhəmməd Məmmədov yerindən duraraq qısa çıxış edib: “Oqtay vəkillərə de ki tapşırığı Vidadidən alıbsan. Bunlar bunu istəyirlər”.
Vəkil Ceyhun Yusifov M. Məmmədovun bu çıxışına kəskin etiraz edib: “Vidadi kimdi e, bu adam kassa rolunu oynayıb. Pul yığan rolunu oynuyub. Əli Abbasovun adamısınız, onun adını çəkə bilmirsiniz. Pulların hamısı Əli Abbasova gedib də, niyə boynunuza alırsınız, nədən qorxursunuz?”
Prokuror replikayla çıxış edərək Ceyhun Yusifovun vəkillik fəaliyyətinə xitam verilməsini istəyib: “Vəkil şahid kimi ifadə verir”.
Yenidən Vidadi Zeynalovun vəkili ilə M. Məmmədovun vəkili Şahin Rəfiyev arasında mübahisə yaranıb.
Hakim vəkilin etik qaydalardan çıxdığını bildirək bir daha ona xəbərdarlıq edib.
Vəkil Şahin Rəfiyev məhkəməyə Oqtay Rüstəmovun istintaqa ifadə verən zaman infark keçirdiyi ilə bağlı arayış təqdim edib: “Həmin müddətdə o, özünü bilməyərək istintaqa ifadə verib”.
Bundan sonra çıxış edən Oqtay Rüstəmov deyib ki, o, psixoloji problemlərlə bağlı müalicə alıb: “Sizin Maştağa dediyiniz yerdə müalicə almışam”.
Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov məhkəmədə vəsatət verib. O, müdafiə etdiyi şəxsə hələ ittiham aktı verilmədiyini deyib: “Hələ də bu tələbi yerinə yetirməliyib. Ona görə xahiş edirəm ki, Vidadi Zeynalova ittiham aktı verilsin, işlə tanış olsun. Şahidləri dindirək, sonra Vidadi müəllim ifadə versin”.
Vidadi Zeynalov vəkilin vəsatətinə münasibət bildirib: “Vəsatəti vəkillərdən özüm almıram ,istəyirəm ki, siz mənə təqdim edəsiniz. Çünki onlarda olan ittiham aktında mən dediyim rəqəmlər yazılmayıb”.
Prokuror Fərid Nağıyev özündəki ittiham aktını Vidadi Zeynalova təqdim edib.
Vəsatət baxılmamış saxlanılıb.
Növbəti proses dekabrın 14-ə təyin edilib.(Azadliq.info)