"Nazir nə deyirdi, onu icra edirdik" -"RABİTƏ İŞİ"
Xeberinfo.com: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə şahidlər dindirilib. İlk olaraq şahid qismində Adil Qasımov ifadə verib. O, ifadəsində "Yeni Həyat" MMC-nin direktoru olduğunu, təqsirləndirilən şəxslərdən heç birini tanımadığını, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib: "Müqavilə bağlayıb, iş görmüşük. Tikinti üçün 80 min manat ayrılmışdı, 40 faizini "Aztelekom"un rəhbərliyinə qaytarırdıq. Bunlar Həsənalı adlı şəxs vasitəsilə həll olunurdu. Konkret olaraq pulun kimə verildiyini bilmirəm. Biz heç nə qazanmırdıq, hamballıq edirdik".
Təqsirləndirilən Oqtay Rüstəmov məhkəməyə bildirib ki, A.Qasımov bütün işləri Vidadi Zeynalovun özü ilə həll edib.
Şahidin istintaqa verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər yarandığından onun istintaqdakı ifadəsi elan olunub. İstintaqa verdiyi ifadəsində o, Oqtay Rüstəmovu tanıdığını, geri qaytarılan məbləğin ona çatdırıldığını göstərib. A.Qasımov məhkəməyə verdiyi ifadəni təsdiq etdiyini bildirib.
BTRİB-in baş direktor müavini Əhməd Mehdiyev şahid qismində dindirilərkən deyib ki, Avropa Oyunları ilə bağlı kabelləşmənin 200 km məsafəsini qovşaqlar, qalan hissəsini isə özəl şirkətlər çəkib: "Müqavilə özəl şirkətlərlə bağlanmışdı, amma onlar çatdıra bilmirdi deyə qovşaqlara tapşırmışdıq. Şirkətlər Bayram müəllimin idi. Bizə siyahı verilirdi, onlarla işləməli olduğumuz tapşırılırdı".
Təqsirləndirilən Beytulla Hüseynov bildirib ki, Avropa Oyunları ilə bağlı işlərin görülməsi üçün 10 milyon manat vəsait müəyyən olunub: "Əvvəl 5 milyon köçürdülər, materialları aldıq. Sonra Maliyyə Nazirliyinə müraciət etdik, əlavə pul ayırmadılar, məbləği öz cibimizdən ödədik".
Şahid qismində təqsirləndirilən Namazalı Məmmədovun bacısı oğlu Rəşad Məmmədov ifadə verib. O, istintaqa ifadəsini təsdiq etdiyini, "Optik Tikinti Montaj" MMC-nin rəhbəri olduğunu deyib.
Şahid qismində məhkəmədə ifadə verən "Qafqaz İnşaat" MMC-nin rəhbəri Qorxmaz Həziyev rayonlarda tikinti işləri ilə məşğul olduqlarını deyib: "Şirkətin gördüyü işlərin ümumi həcmi təxminən 20 milyon manat olub. Onun nə qədərinin gəlir olduğunu dəqiq deyə bilmirəm".
Vəkil Ceyhun Yusifovun " Elçin İbrahimov kimdir? Onun Rabitə Nazirliyi ilə nə əlaqəsi var? "Qafqaz S" şirkətində rolu nədən ibarətdir?"suallarına şahid belə cavab verib: "Elçin İbrahimov dostum olub. Onu 2001-ci ildən tanımışam. Hamı bilir ki, Elçin İbrahimov rabitə nazirinin qaynıdır".
Daha sonra Vidadi Zeynalov məhkəməyə bildirib ki, "Qafqaz S" İnşaat MMC-yə nazirin göstərişi ilə vəsaitlər göndərilib, bu işlərə özləri nəzarət edib: “Nazir nə deyirdi, onu icra edirdik. Şişirdilmiş rəqəmlər də göndərilirdi. Nə qədər deyirdi, o qədər göndərirdik. Hər şey onlara aidiydi".
Proses fasilədən sonra davam etdiriləcək.
Qeyd edək ki, cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Sabiq Aparat rəhbəri Vidadi Zeynalov və qeyriləri BTRİB üzrə 43.367.598,22 manat, “Aztelekom” MMC üzrə – 51.233.428 manat, “Optik Rabitə Tikinti və Quraşdırma” MMC, “Optik Tikinti Montaj” MMC və “Rabitə-Tikinti” ATSC üzrə - 12.224.746 manat, “Azərpoçt” MMC üzrə 23.846.373,79 manat və “Azintelekom” üzrə 22.471.562 manat olmaqla, ümumilikdə 153.143.708 (yüz əlli üç milyon yüz üç qırx üç min yeddi yüz səkkiz) manat məbləğində dövlət əmlakını mənimsəmə və israf etmə yolu ilə talamaqda ittiham olunurlar.
Qeyd edilən pul vəsaiti müvafiq olaraq həmin təşkilatların vəzifəli şəxsləri, Vidadi Zeynalov və qeyriləri tərəfindən öz aralarında müəyyən edilmiş razılıq əsasında bölüşdürülüb.
Məhkəməyə göndərilən 517 cildlik cinayət işində 205 şahid qeydə alınıb. Cinayət işi üzrə 11 təqsirləndirilən şəxs, 1 zərərçəkmiş şəxsin nümayəndəsi, 1 nəfər isə mülki iddiaçının nümayəndəsi var.