Mühasib 400 manat maaşdan əlavə pul görmədiyini dedi -“Rabitə işi”
Xeberinfo.com: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Prosesdə “Optik RabitəTikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov ifadə verib. S.Hümbətov ifadəsində bildirib ki, işlədiyi müddət ərzində qeyri-rəsmi sənədləşdirmə işi görməyib: "Mühasib işləmişəm. Rəsmi sənədlər əsasında dövlət orqanlarına hesabat vermişəm. Qanunsuz heç bir iş görməmişəm. 2010-cu ildən bəri ayda 400 manat əmək haqqı almışam. İttihamda 32 min 400 manat məbləğlə bağlı mənə ittiham verilib. Mənim yaşadığım evi görə bilərsiniz. Bu qədər pulu mənimsəməmişəm".
Təqsirləndirilən şəxs bildirib ki, rayon qovşaqlarındakı tikintilərə mal-materialların alınmasını rəhbərlik həyata keçirib. Tərəflərin suallarını cavablandıran S.Hümbətov qəbul edilən materiallarla bağlı tərtib olunan məxaric orderlərinə imza etdiyini deyib: "Həmin sahəyə məsul adam Namazəli müəllim olub. Mənim pulla heç bir əlaqəm olmayıb. Bütün işlər hazır sənədlər əsasında aparılıb”.
Təqsirləndirilən şəxs 22 yaşlı xəstə qızının müalicəsi ilə bağlı N.Məmmədovun ona maddi yardım etdiyini deyib: "Qızım xəstə idi, dərmanlar baha olub. Buna görə də, Namazəli müəllimdən pul istəyirdim. O da mənə köməklik göstərirdi". S.Hümbətov heç bir pul mənimsəmədiyini, buna cəhd belə etmədiyini bildirib: "Mənə 7 milyina yaxın pulu mənimsəməyə cəhd etməyimlə bağlı da ittiham verilib. Belə cəhdim olmayıb. Nədə ittiham olunduğumu bilmirəm. Amma mən həbs olunanda Rabitə nazirliyinin bizim şirkətə 16 milyon borcu olub".
Namazəli Məmmədov bildirib ki, rəhbəri olduğu qurumda Səhrab Hümbətov mühasib olub, onun qızının müalicəsinə xeyriyyəçilik məqsədi ilə şəxsi hesabından pul ödədiyini deyib.
N.Məmmədovun vəkili Könül Əliyeva bildirib ki, təqsirləndirilən Səhrab Hümbətovun ifadəsində ziddiyyətlər var. Vəkil onun istintaqa verdiyi ifadəsinin elan edilməsini istəyib. Təqsirləndirilən şəxsin ifadəsi elan olunub. O istintaq ifadəsində bütün göstərişlətəri Namazəli Məmmədovdan aldığını deyib. Bildirib ki, sənədləşmə və pul köçürülmə işini görüb, amma malların qəbulunda iştirak etməyib. O əlavə edib ki, malların qiymətlındirilməsi təxmini hesablanma ilə aparılıb. S.Hümbətov qeyd edib ki, cəmiyyətin kassasında olan pullar Namazəli Məmmədovun öhdəsində olub. O, həmçinin istintaqa verdiyi ifadəsini təsdiqləyib. Bildirib ki, pulun bank hesabından çıxarılması barədə heç bir imzası olmayıb. Vidadi Məmmədov və Məhəmməd Məmmədovu şəxsən tanımayıb: "Vidadi Zeynalovu ilk dəfə burada görmüşəm".
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib. İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.