"MÜSTƏNTİQ DƏLƏDUZLA ANLAŞDI…"
“Müstəntiq Orxan Rüstəmov aylardır bizi aldadıb və nəticədə hansısa marağa görə dələduzların xeyrinə qərar qəbul edib”
Xeberinfo.com: Hüquq-mühafizə orqanları, bir qədər də konkretləşdirsək, Nərimanov rayon Prokurorluğunun müstəntiqi Orxan Rüstəmov vətəndaşa külli miqdarda ziyan vurulması faktını ört-basdır edib. Bu barədə şikayətçi N.Nadirov “AzPolitika.info”ya müraciətində bildirir.
N.Nadirov daha əvvəllər də saytımıza üz tutub, probleminin işıqlandırılmasını xahiş edib. O, keçmiş vergi əməkdaşları – deputat Vahid Əhmədovun qardaşı oğlu Əhmədov Namiq Rafiq oğlu (Hazırda həbsdədir-red) və onun dostu Əliyev Heydər Əli oğlu tərəfindən aldadıldığını, nəticədə külli miqdarda ziyana düşdüyünü deyirdi. N.Nadirov “AzPolitika”ya şikayətində yazırdı:
“2014-cü ilin sonlarında Namiq Əhmədov və onun mənimlə tanış etdiyi, əvvəllər vergi orqanlarında birlikdə işlədikləri Əliyev Heydər Əli oğlu ilə birlikdə onların təklifi əsasında “RR+Siti” MMC-ni təsis etdik. Bu şirkət inşaat sektorunda fəaliyyət göstərməli idi. N.Əhmədov məni inandırdı ki, əmisi – deputat Vahid Əhmədov nüfuzundan istifadə edərək bizə dövlət orqanlarının təmir-tikinti sifarişlərini verdirəcək. 2014-cü ilin dekabr ayında Əliyev Heydər Əli oğlu isə dedi ki, hansısa yüksək vəzifəli dostunun Bakı ətrafında yerləşən hektarlarla torpaq ərazisində villalar tikib satacağıq.
Namiq Əhmədov da elə həmin vaxt əmisi Vahid Əhmədovla görüşüb, guya tikəcəyimiz villaların lahiyəsini ona göstərib, onun xeyir-duasını və dəstək vədini aldı. Bu vaxt tikinti şirkətinə FHN-dən lisenziya almaq məsələsi ortaya atıldı. Heydər bildirdi ki, o, 35 000 AZN (otuz beş min manata) bu lisenziyanı ala bilər. Bundan sonra həmin pulun axtarışına başladıq. Təxminən bir həftə sonra Namiq və Heydər tələb olunan pulu düzəldə bilmədiklərini deyib, mənim tapmağımı istədilər. Mən də bunların çoxsaylı vədlərinə inanıb yaxşı olacağını düşünərək, həmçinin N.Əhmədovun tez-tez mötəbər şəxs olan əmisi Vahid Əhmədovun adını hallandırdığını, işə başlayarıqsa ardının yaxşı olacağını, deputatın bizə yaxından dəstək verəcəyini vəd etdiyi üçün onların səmimiyyətinə inandım və həmin pulu tapmaq qərarına gəldim. Bu məqsədlə bir tanışıma müraciət edib, 40 gündən sonra qaytarmaq şərti ilə ondan 45 000 USD (otuz beş min manat) notariat qaydasında borc götürdüm. Elə həmin gün pulun yeddi min manatını Namiqə, on üç min manatını isə Heydərə verdikdən sonra (Pulu götürərkən mənə dedilər ki, işimizi həll edən adamlara çatdıracaqlar) pulun qalan hissəsini ertəsi gün Azadlıq küçəsi 97, mənzil 21 ünvanıda kirayələdiyimiz ofisimizdə seyfə qoyduq. Heydərin dediyinə görə, daha sonra qalan pulu da götürərək kiməsə çatdırıb”.
Şikayətçi deyirdi ki, bundan sonra həftələr günləri əvəz etsə də, FHN-dən alacaqları lisenziyadan və görəcəkləri işlərdən bir xəbər çıxmayıb. “Beləliklə, pulu qaytarmalı olduğumuz gün gəlib çatdı. Lakin nə iş alındı, nə də verdiyim pul qaytarıldı. Müxtəlif vədlərdən sonra Heydər xəstəliyini bəhanə edərək bizdən uzaqlaşdı, Namiq isə məsuliyyəti Heydərin üzərinə ataraq aradan çıxdılar. Mən aldadıldığımı, hər şeyin əvvəlcədən qurma olduğunu, bu adamların əvvəllər də dələduzluğla məşğul olduqlarını bilərək, 45 min dollar borcla baş-başa qaldım. Anladım ki, Namiqin tez-tez öz əmisinin, Heydərin isə vəzifəli adamların adını hallandırması məqsədli olub”.
N.Nadirov bundan sonra hüquq-mühafizə orqanlarına üz tutub. Bununla da 2 ildən artıqdır davam edən süründürməçilik başlayıb. N.Nadirovun şikayəti üzrə araşdırma materialları müxtəlif polis idarələri (Nəsimi RPİ, BŞBPİ) və prokurorluq orqanlarını “dolaşdıqdan” sonra bir neçə ay əvvəl Nərimanov rayon Prokurorluğunda qərar tutub. İş, araşdırılması üçün prokurorluğun müstəntiqi Orxan Rüstəmova verilib. Namiq Əhmədovdan başqa şikayətçilər də olduğundan N.Nadirovun şikayəti Namiq Əhmədov barəsində açılmış cinayət işinin çərçivəsində araşdırılıb. “Müstəntiq Orxan Rüstəmov işi bugünlərdə yekunlaşdıraraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərib. İş məhkəməyə gedəndən sonra bizə bəlli oldu ki, Orxan Rüstəmov aylardır bizi aldadıb və nəticədə hansısa marağa görə dələduzların xeyrinə qərar qəbul edib. O, aylardır bizə bildirdi ki, şikayətimiz üzrə dələduzluq maddəsi ilə cinayət işi açıb, dəyən ziyan ödənməyəcəyi halda pulun əsas hissəsini mənimsəmiş Heydər Əliyevi həbs edəcək.Hətta bir neçə dəfə mənim və vəkilimin yanında onda konkret vaxt da vermişdi ki, pulu qaytarsın. Deyirdi ki, qaytarmasa onu həbs edəcək. Heydər əvvəllər də dələduzluq maddəsi ilə həbsdə olduğundan bu dəfə işinin daha ağır olacağını deyirdi. Lakin sən demə bütün bunlar bizi arxayınlaşdırmaq üçün imiş. Müstəntiq dələduzla hansısa anlaşma əldə edibmiş. Belə ki, iş məhkəməyə göndəriləndə belə məlum oldu ki, müstəntiq məni zərərçəkən kimi yox, şahid kimi işə cəlb edib. Heydər Əliyev barəsində cinayət işi açmaqdan isə imtina olunub. İndi mən külli miqdarda pulum mənimsənildiyi halda, Namiq Əhmədovun bugünlərdə başlayacaq məhkəməsində şahid kimi iştirak etməliyəm”.
N.Nadirov “AzPolitika” vasitəsilə Baş prokuror Zakir Qaralovdan xahiş edir ki, hansısa maraqlara görə dələduzu müdafiə edən müstəntiq Orxan Rüstəmov barəsində tədbir görülsün, eyni zamanda onun şikayətinin obyektiv araşdırılması təmin edilsin.
Müstəntiq Orxan Rüstəmovla danışmaq cəhdimiz baş tutmadı. Nərimanov rayon Prokurorluğundan bildirdilər ki, O.Rüstəmov artıq burda işləmir – iş yerini dəyişib. Bununla belə, onun mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.