“PKK Azərbaycanda güclü dayaqlara malikdir”
Dilavər Əzimli: “Öcalan kimilər kürd xalqının adına ləkədir”
Xeberinfo.com: Xəbər verdiyimiz kimi, Bakıda PKK lideri Abdulla Öcalanı qəhrəman kimi vəsf edən kitabın açıq satışı həyata keçirilir.
Maraqlıdır, terror təşkilatının liderini milli qəhrəman kimi təqdim edən kitabın Azərbaycanda aşkar satışda olması və güc orqanlarının buna müdaxilə etməməsi nə ilə bağlıdır? Bu, Azərbaycan və Türkiyə arasındakı münasibətlərə, Azərbaycanın anti-terror siyasətinə kölgə sala bilərmi?
Məsələ ilə bağlı açıqlama verən AMEA-nın aparıcı elmi işçisi, tanınmış pedaqoq-tarixçi, Bütöv Azərbaycan Ocaqlarının sözçüsü Dilavər Əzimli bunun yolverilməz olduğunu vurğuladı:
“Bu, olduqca ciddi məslədir. Bu, həm də sübut edir ki, PKK Azərbaycanda güclü dayaqlara malikdir. Bir qədər əvvəl bayram adı altında sanki siyasi tədbir keçirdilər. Bu, həm də ölkə başçısının imicinə ziyan gətirir. Ölkə başçısı ağır gündə Türkiyəyə protokoldan kənar səfər etdi və bildirdi ki, terrorla mücadilədə bütün Azərbaycan Türkiyənin yanındadır. Bunun müqabilində nələr baş verir? Bu nədir? Burada Azərbaycana meydan oxuyan qüvvələr vardır. Gör hansı həddə çatıblar ki, minlərlə insanın qanının tökülməsində günhakar bir terroristə aid Azərbaycanda kitab buraxılır. Hesab edirəm ki, onların iqtidarda güclü dayaqları vardır. Ona görə də açıq hücuma keçiblər. Ümid edirəm ki, Azərbaycan rəhbərliyi bunu nəzərə alacaqdır.
Burda bir məsələ də özünü göstərə bilər. Bu da Rusiyanın bu məsələdə iştirakıdır. Rusiyanın burada dayaqları daha güclüdür. Bunu onlar Azərbaycanla-Türkiyə arasındakı münasibətlərə xələl gətirmək üçün edə bilərlər. Sonda onu da vurğulayım ki, Abdulla Öcalanın kürd xalqına dəxli yoxdur. Kürd xalqının çoxluğu onu dəstəkləmir. Mən Vanda, Bitlisdə, Mardində olmuşam. Bunun şahidiyəm. Kürd xalqı zəhmətkeş xalqdır. Öcalan kimilər bu xalqın adına ləkədir. Onlar da bunu bilirlər. Lakin dünyanın iri gücləri PKK-nı dəstəkləməklə Türkiyə-krüd münasibətlərini dərinləşdirirlər. Əminəm ki, Azərbaycanda yaşayan kürdlər bu yayılan təbliğatlara uymayacaqlar.(moderator.az)
Sonda bir daha vurğulayım ki, bu təbliğatı aparanlar üzə çıxarılmalı və ciddi cəzalandırılmalıdırlar”.