Ərdoğanın Bakı səfərindən öncə yenə Ankara qana boyandı - Təsadüfdürmü?
Ankara yenə ürəyindən vuruldu. Kızılay meydanı qızıl qana boyanıb.
Xeberinfo.com: Bu, son bir ayda ikinci bu cür hadisədir. Bir ay öncə, daha dəqiqi, fevralın 17-də törədilən terror aktında 29 nəfər həlak olmuş, 60-dan çox insan yaralanmışdı.
İndilikdə nə qədər adamın həlak olduğu bilinmir. Bircə o bilinir ki, həlak olanlar var, yaralılar çoxdur.
İlk informasiyalar həmişə belə olur: həyəcanı çox, faciə haqqında təfərrüat yox. Sarsıdıcı xəbərlər sonra gəlir, ölənlərin, yaralananların statistikası şişir, ürək dağlayan təfərrüatlar açıqlanır.
Bu, əlbəttə, düşmən işidir. Terror aktının sifarişçisi kimdirsə, mütləq Türkiyə xalqının düşmənidir, bəşər düşmənidir.
Ötən dəfəki terror aktında hərbçilər hədəfə alınmışdısa, bu dəfə hədəfdə mülki şəxslər olub.
Partlayışın baş verdiyi yer Ankaranın mərkəzi meydanıdır. Paytaxtda olan turistlər də, yerli adamlar da kütləvi şəkildə bu meydana gəlir, ticarət edir, əylənir, gəzir, dincəlirlər.
Bu meydanın terakt meydanı olaraq seçilməsi təsadüfi deyil, sifarişçilər daha çox insanı ölməsini, ziyan çəkməsini istəyiblər ki, ölkə xalqı dəhşətə gəlsin, dünya bu cinayətdən danışsın.
Gələn məhdud xəbərlər göstərir ki, dəst-xətt eynidir, terakt yenə də partlayıcı maddələr doldurulmuş avtobomilin vasitəsilə törədilib. Ola bilər, avtobusu hansısa kamikadze idarə edib, ola bilər, avtobus məsafədən idarə edilən qurğuyla, pultla partladılıb.
Bunların hamısı yaxın günlərdə açılacaq. Ölənlərin, yaralananların sayını da biləcəyik.
Gümanlar yenə bir neçə yerə gedəcək. Versiyalar artacaq, heç kəs terror aktının məsuliyyətini öz üzərinə götürməyəcək.
Ancaq cidanı çuvalda gizlətmək mümkün olmayacaq. Müasir kəşfiyyat orqanları hər şeyin axırına çıxa, günahkarlar dairəsini təsbit edə bilirlər.
İlkin informasiyalardan biri də budur ki, ABŞ səfirliyi hələ iki gün öncədən Amerika vətəndaşlarını adı çəkilən meydana, eləcə də ona yaxın yerlərə getməməyə çağırıb.
Ağıla gələn ilk versiya belədir ki, demək, ABŞ tərəfi bir şey bilirmiş. Təəccüblü deyil. ABŞ o ölkələrdəndir ki, təkcə baş vermiş teraktı kimlərin törətdiyini bilmir, baş verəcək terror aktını kimlərin, özü də harada törədəcəyini də bilir.
Bir detal da var. Bu il Ankarada törədilən terkat Türkiyə prezidenti Ərdoğanın Bakıya səfərindən qısa bir müddət öncə törədilmişdi. Bu günlərdə Ərdoğan yenə Bakıya gəlməlidir və ikinci terakt törədilib. Maraqlıdır.(musavat.com)