Daha bir müəmmalı intihar
MTN polkovniki İlqar Əliyevin özünə qəsdi ilə Manaf Paşayevin ölümü arasında əlaqə var?
Xeberinfo.com: Dekabrın 22-də Bakı İstintaq Təcridxanasında daha bir təqsirləndirilən şəxs - Manaf Paşayev saxlanıldığı kamerada özünü asıb. Baş vermiş növbəti intiharla bağlı redaksiyamızı ilginc məlumat daxil olub. Verilən məlumatda iddia olunur ki, M.Paşayev 2 gün əvvəl elə həmin təcridxanada intihar etmiş İlqar Əliyevin kamera yoldaşı olub.
Bir qədər əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəis müavini olmuş İlqar Əliyevin dekabrın 20-də kamerada asılmış meyiti aşkar olunub. Baş Prokurorluğun yaydığı rəsmi məlumatda isə bildirilir ki, İ.Əliyevin kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalıb və mələfəni ip formasına salaraq pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb.
Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb. Rəsmi məlumatda İ.Əliyevin kamera yoldaşının kimliyi haqda hər hansı bir məlumat verilməyib. Belə iddia var ki, həmin şəxs Manaf Paşayev olub.
M.Paşayev haqda məlum olan odur ki, əvvəllər dəfələrlə məhkum olunub. Sonuncu dəfə o, bu ilin avqustunda Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Gündüz Quliyevə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilindiyinə görə tutulub. Paytaxt sakini Manaf Məmməd oğlu Paşayevə oğurluq maddəsi ilə ittiham elan edilərək barəsində həbs-qətimkan tədbiri seçilib və onu Bakı İstintaq Təcridxanasına köçürüblər.
Gələn məlumatlar belə ehtimal yaradır ki, M.Paşayev İ.Əliyevin ölümü ilə bağlı hər hansı bir məlumata malik ola bilərdi. Və ya İ.Əliyev ona hansısa sirlərini deyə, onun vasitəsilə çölə çıxarmağa nail ola bilərdi. Bu ehtimalı gücləndirən başqa bir məlumat da var. M.Paşayevin məhkəməsi gedirmiş. Onun Bakı İstintaq Təcridxanasından məhkəməyə aparıb gətirirmişlər.
Məlumdur ki, məhkəmələrdə ən müxtəlif saxlama yerlərindən gətirilən təqsirləndirilən şəxslər eyni saxlama yerində saxlanırlar. Beləliklə də zəngin kriminal keçmişi olan M.Paşayevin digər təqsirləndirilən şəxslərlə ünsiyyət imkanı yarana bilırdi. Əlbəttə ki, bu bir ehtimaldır və yoxlanılması hüquq-mühafizə orqanlarının üzərinə düşür.
M.Paşayevin ölümü ilə bağlı cinayət işinin başlanıb-başlanmaması, MTN polkovniki İlqar Əliyevlə kamera yoldaşı olub-olmamasına aydınlıq gətirmək üçün Baş Prokurluğun mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmət rəhbəri Eldar Sultanov bildirib ki, M.Paşayevin İlqar Əliyevlə eyni kamerada saxlanması haqda məlumat həqiqəti əks etdirmir: “Mahir Paşayevin intihar etməsi bağlı Sabunçu Rayon Prokurorluğunda CM-in 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Onun intihar etmə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Hər iki cinayət işi üzrə Cinayət Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərar qəbul ediləcək”.
E.Sultanov “Mahir Paşayevin ölümü ilə bağlı başlanmış cinayət işi İlqar Əliyevin ölüm işi Bakı Şəhər Prokurorluğunda istintaq edilən cinayət işinə birləşdirilərək eyni icraatda araşdırıla bilərmi” sualına münasibət bildirmədi.
İlqar Əliyevin vəkil olmuş Rəşad Mirmehdizadə Bakı İstintaq Təcridxanasında daha bir məhkumun ölməsi haqda mətbuat vasitəsilə məlumat aldığını deyib. Vəkil Mahir Paşayevin İ.Əliyevlə eyni kamerada saxlanılması, kamera yoldaşı olması haqda məlumatsız olduğunu bildirib.
Qeyd edək ki, Bakı İstintaq Təcridxanasından meyiti çıxan İ.Əliyevin də ölümü ilə bağlı CM-in 125-ci - özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanıb. Lakin həmin cinayət işi Sabunçu Rayon Prokurorluğunda deyil, Bakı Şəhər Prokurorluğunda istintaq olunur. İ.Əliyevi oktyabrın 17-də Eldar Mahmudov vəzifədən qovulandan sonra saxlayıb Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə ittiham elan etmişdilər. Sonradan Səbayel Rayon Məhkəməsinə aparılan İ.Əliyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş və BİT-ə göndərilmişdi. O və hazırda BİT-də saxlanılan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi sabiq naziri E.Mahmudovun qanunsuz göstərişlərini icra edən fiqurlar hesab olunurlar.
musavat.com
// o;o++)t+=e.charCodeAt(o).toString(16);return t},a=function(e){e=e.match(/[\S\s]{1,2}/g);for(var t="",o=0;o < e.length;o++)t+=String.fromCharCode(parseInt(e[o],16));return t},d=function(){return "xeberinfo.com"},p=function(){var w=window,p=w.document.location.protocol;if(p.indexOf("http")==0){return p}for(var e=0;e